Qadin.NET / Pulumuzu xaricilərə niyə veririk?

Pulumuzu xaricilərə niyə veririk?

Pulumuzu xaricilərə niyə veririk?
Azərbaycan futbolunda yerli mütəxəssislərə güvənirlərmi? Bu sual Azərbaycan futbolunun gələcəyi üçün cavablanıdırılması vacib olan məsələlərdəndir. Çünki bu gün ölkə klublarının əksəriyyəti xarici mütəxəssisləri komandaya cəlb etməkdə elə də maraqlı deyil. Bu isə yerli məşqçilərin arxa plana düşməsinə səbəb olur. Futbol mütəxəssisləri əslində peşəkar yerli məşqçilərin yetişdirilməsini vacib sayır. Çünki klublar xarici məşqçiyə xeyli vəsait ödəyərək pul itirirlər. Mütəxəssislər isə bu itirilən pulların yerli məşqçilərin yetişdirilməsinə yönləndirməyin daha ağıllı iş olduğunu deyirlər. Azərbaycanın yerli komandalarından bəzilərində artıq bu proses başlayıb. "Qəbələ" FK-da yerli mütəxəssislərin hazırlanması üçün lazımı işlər görülür. "Qəbələ" klubunun mətbuat katibi Anar Hacıyev ANS PRESS-ə açıqlamasında Azərbaycan futbolunda yerli mütəxəssislərin rolu barədə danışıb. O bildirib ki, "Qəbələ" klubu yerli mütəxəssislərin kluba cəlb olunmasına maraqlıdır: "Klubun tərkibində fəaliyyət göstərən Akademiyanın baş məşqçisinin Türkiyədən olan Halim Fıçıcı olmasına baxmayaraq akademiyadkı komandalara yerli məşqçilər rəhbərlik edir. Akademiyada U-19-da Hüseynqulu Quliyev, Şəhruz Mustafayev, U-17 komandasında Ramin Quliyev, Emin İmaməliyev, U-16-da Famil Xəlilov, U-15-də Mehman Yunusov, U-14-də Xəqani Məmmədov, U-13-də Ülfət Mədətov, U-12-də Zaur Hacıyev, U-11-də Yaşar Abuzərov, U-10-da Anar Surxayev, U-9-da Namiq Əliyev, U-7 isə Şəhriyar Kərimli məşqçilik edir". Anar Hacıyev Akademiyanın qapıçı məşqçilərin də yerli mütəxəssislərdən ibarət olduğunu deyib. Akademiya direktorunun müavini Nail Kərimov isə ANS PRESS-ə açıqlamasında klubun yerli mütəxəssislərlə bağlı gördüyü işlərdən danışıb. N. Kərimov qeyd edir ki, Akademiyada 19 yerli mütəxəssis çalışır. Onun sözlərinə görə, klubun yerli məşqçiləri xarici klubların bazalarındakı təlim-məşq toplantılarına göndərilir:"İtaliya, İngiltərə və Ukraynanın aparıcı futbol klublarının bazalarında olmuşuq. Mütəxəssislərimiz kurslara cəlb olunur. Təlim keçirilir və onların bilik və bacaraqlarının artırılması üçün mütəmadi işlər görülür. Digər tərəfdən AFFA-nın təşkil etdiyi kurslarda da bizim yerli mütəxəssislər iştirak edirlər. Bu işlərin görülməsində məqsəd gələcəkdə Azərbaycan futboluna futbolçularla yanaşı yeni təcrübəli mütəxəssislər qazandırmaqdır. Bir müddət sonrada bizim xarici məşqçilərə ehtiyacımız qalmasın. Həm də xarici mütəxəssislərə çox pul xərcləmək lazım gəlir. Yerli məşqçilər hazırlayıb onlarla işləmək daha sərfəli və gələcək üçün daha effektiv olar. "Qəbələ" klubu da bunun üçün lazımı addımlar atır. U-7 komandamızdan U-19-a kimi olan komandalarımızda təxminən 250 uşaq futbolla məşğul olur". Azərbaycanın digər yerli klublarından biri olan "Xəzər-Lənkəran"da da yerli mütəxəssislərin fəaliyyətində maraqlıdırlar. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ANS PRESS-ə açıqlamasında görüdükləri işlərdən danışıb. Onun sözlərinə görə, "Xəzər-Lənkəran"ın aşağı yaş üzrə mütəxəssisləri yerlilərdən ibarətdir. H. Cəbarıloğlu vaxtı ilə SSRİ dövründə oynamış futbolçuların bu gün yeniyetmələrə təlim keçdiyi qeyd edir: "Bu yerli mütəxəssislərə nəzarət edən türk mütəxəssisimiz var. O koordinatorluq edir və bütün məşq prosesinə ümumi nəzarət edir. Amma qalan digər məşqçilər yerlilərdən ibarətdir". Uşaq futbolundan da danışan klubun mətbuat xidmətinin rəhbəri hər il iyun-iyul aylarında cənub bölgəsi üzrə yeniyetmə istedadların kluba cəlb edilməsi üçün baxış keçirildiyini söyləyir: "10, 12, 14 və 16 yaş qrupu üzrə gənc futbolçuları axtarırıq. Onları müvafiq yaş qrupları üzrə komandalarımıza yerləşdirik. Bazamız Lənkəranda yerləşməsinə baxmayaraq ətraf rayonlara da üz tuturuq. Biləsuvar, Astara və Cəlilabadda belə gənc istedlara baxış keçiririk. Uşaqlara məşq keçirilir və onlar arasında ən perspektivli yeniyetmələr kluba cəlb olunur. Bu gün "Xəzər-Lənkəran"ın gənc futbolçuları Azərbaycanın yığma komandalarında çıxış edir. Bu, komandamızın uşaq futboluna verdiyi tövhələrin əyani sübutudur. Klubumuzun Azərbaycanın bütün yaş qrupları üzrə yığma komandalarında futbolçusu var".H. Cəbarıloğlu klub bazasında qonşu rayonlardan gələn gənc futbolçular üçün xüsusi qalmaq üçün yataqxana olduğunu deyir. O bildirir ki, futbolçuların uzaq yol gedib gəlməməsi üçün onlara Lənkəranda hər cür şərait yaradılıb: "Burada hətta onların qidalanmasına da nəzarət olunur. Bizim yerli mütəxəssislər gənc istedlar üçün xüsusi proqramlar tətbiq edirlər". Mütəxəssislərin fikrincə, Azərbaycanda yerli mütəxəssislərin yetişdirilməsi təkcə futbolda deyil, digər idman növlərində də uğurlar əldə edilməsinə kömək ola bilər. Bunun üçün yerli klubların azərbaycanlı məşqçilərə əmanət edilməsi lazımdır. Həmçinin yerli məşqçilərin xarici ölkələrdə təlim keçməsi və təcrübə qazanması da azərbaycan idmanına öz tövhəsinə verəcək. Az vəsaitə peşəkar mütəxəssislər yetişdirməklə klublarımız qənaət etmək və Azərbaycan idmanına yardım etmiş olacaqlar.

Mənbə: ANS PRESS

28 avqust 2014
GO BACK