Qadin.NET / Dondurma bazarında vəziyyət necədir?

Dondurma bazarında vəziyyət necədir?

 

Dondurmalar hansı bakteriyaları daşıyır?

Yay aylarının sərinlədici dadlı qidası olan dondurma, sadəcə, uşaqların deyil, böyüklərin də imtina edə bilmədiyi qidalar arasında yer alır. Şokolad, növbənöv meyvə, ləpə və digər əlavələr qatmaqla daha da dadlı olan dondurma, hətta gün ərzində bir neçə dəfə yeyilir.
Dondurma bazarı bir neçə il içərisində 74 milyard dollar böyüklüyünə sahib olacaq
Ümumiyyətlə, dondurma isti ölkələrdə daha çox istehlak edildiyi düşünülsə də, mövcud statistik rəqəmlər bunun əksini göstərir. Belə ki, dünya dondurma istehlakında ilk beş ölkənin üçü soyuq iqlimdə yer alır. İlk sırada ABŞ və Avstraliyanın yer aldığı sıralamada üçüncü Norveç, dördüncü İsveç, beşinci yerdə Danimarka yer alır. ABŞ-da dondurma istehlakı adambaşına illik 26 litrdir. ABŞ, həmçinin ildə 6 milyard litrlə dünyanın ən böyük dondurma istehsalçısıdır. Dünyada dondurma istehsalı 17 milyard litr olduğu halda ABŞ bazarının böyüklüyü ortaya çıxır. ABŞ-da istehsal edilən südün məhz 9 faizi dondurma istehsalında istifadə edilir. 2013-cü ildə isə bütün dünyada dondurma bazarının böyüklüyü milyardlarla ölçülüb. Dondurma dünya qida sektorunun ən dinamik növlərindən biridir. Məsələn, Çində iqtisadi inkişafın yavaş olmasına baxmayaraq dondurma satışı 2012-ci ilə nisbətən 2013-cü ildə daha güclü bir performans göstərib. Dondurmanın mövsümi bir məhsul olduğunun ən gözəl misalı isə Almaniyadır. Mütəxəssislərin fikrincə, dünya dondurma bazarı bir neçə il içərisində 74 milyard dollar böyüklüyünə sahib olacaq. Dünyada ən çox 2-12 yaş arasındakı uşaqlar və 45 yaşdan yuxarı insanlar dondurma yeyirlər. Çeşidinə görə fərqlilik göstərsə də, dondurmanın 100 qramında 100-200 kalori var. Ancaq dondurmanı digər dadlılardan ayıran əsas cəhət 4 qat daha çox enerji verməsidir. Araşdırmalara görə, ən çox dondurma yeyilən gün bazar günüdür. Qatqısız, təzə, kimyəvi və rənglərdən təmiz bir dondurma mənfi 18 dərəcədə, maksimum bir ay təzəliyini qoruyur.
Dondurma sağlamlığı təhdid edən gizli təhlükələri saxlaya bilir
Bu gün ölkəmizdə də satışda müxtəlif növ dondurmalara rast gəlinir. Onların sırasında həm yerli, həm də xarici ölkə istehsalı olan dondurmalar var. Qiyməti, xarici görünüşü ilə bir-birindən fərqlənən bu dondurmaların dadından isə razı qalanlar da var, qalmayanlar da. O ki qaldı insanların sağlamlığına təsirinə, həmin dondurmaların nə qədər təhlükəli olub-olmadığını isə daha dəqiq onu hazırlayanlar bilir. Dietoloq Nərmin İsgəndərova da Milli.Az-a açıqlamasında dondurmanın bir çox insanların dadlı qidası olsa da, gigiyenik, içərisindəki fruktoza, qlükoza qrupu və şəkər baxımından sağlamlığı təhdid edən gizli təhlükələri saxlaya bildiyini deyir: “İnsanlar istədikləri vaxt dondurma yeyirlər. Amma dondurma ac qarına yeyilməməlidir. Çünki bu, mədə üçün təhlükəlidir. Ümumiyyətlə, dondurmanı həm alarkən, həm də yeyərkən diqqət etməsi lazım olan nöqtələr var. Çünki dondurma ilə yanaşı, bir də dondurma adı ilə satılan “şirin, meyvəli buzlar” da var və xüsusilə də uşaqlar gün ərzində çox sıx şəkildə dondurma yeyirlər. Unutmaq olmaz ki, əvvəllər təbii tərkib və təbii üsullardan istifadə edilərək hazırlanan dondurma, artıq artan tələbatı qarşılamaq üçün təkmilləşən qida texnologiyalarından faydalanaraq hazırlanır. Dondurma istehsalı ilə bağlı təbii tərkiblə yanaşı, bir də “buzlu məhsullar” var ki, dondurma adı ilə satılır. Onların tərkibində bitki tərkibli yağ, süd, yağsız süd tozu, buz, su, şəkər, qlükoza, pendir suyu, rəngləndiricilər var. O da vurğulandı ki, valideynlərin qidalanma baxımından uşaqların dondurma yeməsinə diqqət etmələri lazımdır.
Dietoloq onu da vurğuladı ki, dondurma artıq mövsümə də baxmır və bir vaxtlar, əsasən, yay mövsümündə istehlak edilirdisə, hazırda qışda da dondurma yeyən kifayət qədər insanlar var: “Əsas isə odur ki, bu qidanın tərkibindəki şəkər, süd, meyvə, hətta suya qədər, həqiqətən, düşünüldüyü kimi doğru olsun. Çünki dondurmanın əsas tərkibi olan süd, mikroorqanizmlərin asanlıqla inkişaf edə biləcəyi bir məhsuldur. Bu baxımdan dondurmanın mütləq pasterizə süddən hazırlanmış olması lazımdır. Gigiyenik şərtlərdə istehsal edilməsi və düzgün şərtlərdə saxlanması da çox önəmlidir. Əks təqdirdə qida yoluyla, xüsusilə də süd və süd məhsullarından keçən, insan sağlamlığına önəmli təsir edən və sürətlə çoxalan bir bakteriya olan salmonella yaranır. Salmonella qida zəhərlənmələrindən tifoya qədər bir çox xəstəliyə yol aça bilir”.
Bu baxımdan etibarlı olmayan və küçə ticarəti ilə məşğul olan şəxslərdən alınan dondurmaların ciddi risk daşıdığını deyən dietoloqun sözlərinə görə, alınan dondurmaların həqiqi süddən, yoxsa süd tozundan hazırlandığına da diqqət edilməlidir. Həqiqi süddən hazırlanmış dondurmanı yemək daha faydalıdır. N.İsgəndərova bildirdi ki, digər diqqət edilməsi gərəkən məqam isə dondurmanın içərisindəki şəkərdir ki, bu baxımdan dondurmanın həftədə 2 gün qəbul edilməsi məsləhət görülür: “Tərkibi qlükoza, şəkər olması ilə bağlı diabet xəstəliyi olanların dondurmadan bacardıqca uzaq durmaları lazımdır. Bu gün dünyada artıq çəki və diabet xəstəliyi getdikcə artmaqdadır. Buna görə də şəkər və şəkərli qidaların da istehlakı mütləq nəzarət altına alınmalıdır”.
Dondurma bazarı çirklənib
Yay fəslində məhsulların təhlükəliliyinin daha da artdığını deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirdi ki, hazırda dondurma bazarında da təhlükə var. O qeyd etdi ki, dondurmaların yağlılığını aradan qaldırmaq üçün çox vaxt kərə yağlarına vaxtı keçmiş bitki yağları qarışdırılır, quru süddən istifadə edilir. Dondurmanın saxlanma müddətinin də önəmli olduğunu deyən AİB sədri deyir ki, saxlanma müddəti qısa olan dondurmalara üstünlük verilməlidir: “Biz hazırda təhlükəsizlik nişanı vermək qərarına gəlmişik. Bu, bizim ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ilə birgə layihəmizdir. Həmin nişan kim təhlükəsiz məhsul istehsal edirsə ona şamil olunur. İndiyədək yalnız bir müəssisəyə verilib, qalanlarında isə istehsal qida təhlükəsizliyi nişanına uyğun olmayıb. Ümumiyyətlə, dondurma bazarı çirklənib. Dondurmalarla bağlı digər mövcud problemlərə gəldikdə isə bu, dondurmaları uzun müddət saxlanmaqla yanaşı, tərkibində olan inqredientlərin göstərilməməsidir, eləcə də dilin üzərinə qoyulduqda acı dad verməsidir ki, bu da marqarin yağlarından istifadə edilməsidir.
Dondurmalarla bağlı şikayət varmı?
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev isə Milli.Az-a açıqlamasında bildirdi ki, dondurma bazarında yoxlamalar istənilən zaman aparıla bilməz: “Qanunvericiliyə görə, hər hansı sahibkarlıq subyektində yoxlamalar müəyyən məlumatlar daxil olduğu halda aparıla bilər. Ona görə də yoxlama hər hansı şikayət olduğu halda aparılır. Qalan hallarda sahibkar özü, məsələn, sertifikatla bağlı müraciət etdikdə orada yoxlama keçiririk”.
Bu il dondurma bazarındakı vəziyyətə gəldikdə isə şöbə müdiri bildirdi ki, hələ ki, dondurmalarla bağlı mərkəzə şikayət daxil olmayıb. Götürülən nümunələrin də tərkibində heç bir neqativ hal aşkarlanmayıb.

Nigar Abdullayeva
Mənbə: Milli.Az

 

28 avqust 2014
GO BACK