Qadin.NET / Bakıda sürücülərə şad xəbər

Bakıda sürücülərə şad xəbər

 

Bakıda sürücülər müasir elektron vasitələrin köməyi ilə avtomobillərini saxlamaq üçün hansı müvəqqəti duracaqlarda boş yerin olduğunu əvvəlcədən öyrənə biləcəklər. 
Bunu Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev deyib.
İdarə rəisinin sözlərinə görə, bu məqsədlə şəhərin müxtəlif yerlərində elektron lövhələr quraşdırılacaq, eləcə də smartfon tipli mobil telefonlara xüsusi proqramlar yükləmək mümkün olacaq: "Onlayn rejimdə işləyən elektron lövhələr duracaqlardakı boş yerləri göstərəcək. Lövhədə küçənin adı və oradakı duracaqlarda neçə boş avtomobil yerinin olduğu göstəriləcək. Bundan əlavə, sürücülər hansı müvəqqəti duracaqda boş yerlərin olduğunu smartfon tipli mobil telefonlarla da öyrənə biləcəklər. Bu məqsədlə smartfonlara yüklənməsi üçün xüsusi proqram da yaradılıb".
H.Abdullayev qeyd edib ki, sürücülər həm elektron lövhələr, həm də smatrfonlar vasitəsilə hansı müvəqqəti duracaqda boş yerlərin olduğunu yalnız paytaxtda bütün parkomatların quraşdırılacağı nöqtələr tam müəyyənləşdikdən sonra öyrənə biləcəklər. Bu yeniliyin 2014-cü ilin sonuna kimi gerçəkləşəcəyi gözlənilir: "Hələlik şəhərdə 350-yə yaxın parkomat quraşdırılıb. Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən müvəqqəti duracaqların yerləri tam dəqiqləşdirildikdən və bəzi texniki məsələlər həll edildikdən sonra ilin sonuna kimi parkomatların sayının 1000-ə çatdırılması nəzərdə tutulur".

Mənbə: Milli.Az

 

27 avqust 2014
GO BACK