Qadin.NET / Qızını (oğlunu) döyən dizini döyür...

Qızını (oğlunu) döyən dizini döyür...

 

Azərbaycanda uşağına fiziki güc tətbiq edən valideynlər barədə ilginc dosye

Bu mənzərə ilə az qala hər gün rastlaşırıq. Uşaq bağçasının qarşısında, parkda, mağazada, dükanda... Sözə baxmayan uşaq və onu hamının yanında döyən valideyn.
Polisdə şok uşaq zorakılığı faktları
Bu günlərdə qonşunun uşağı evdə ütünü elektrik şəbəkəsinə qoşanda onu elektrik cərəyanı vurmuş, xəstəxanaya düşmüşdü. Sonuncunun müalicəsi bir yana, hadisəni araşdırmaq üçün xəstəxanaya gələn polisin sorğu-sualı, ardınca polis bölməsində davam edən istintaq valideynləri şoka salmışdı. Uşaqdan az qala anasının əleyhinə ifadə almağa cəhd göstərirmiş polis: “Sənə anan tapşırdı ki, ütünü ”tok"dan o cür çıxarasan? Ütüyə yaxınlaşanda anan nə dedi?"
Bu cür sorğu-sualı etik hesab etməyən ana polisə etirazını bildirəndə isə ortaya maraqlı nəticə çıxıb. Məlum olub ki, son illər valideynləri tərəfindən işgəncəyə məruz qalan uşaqların sayında xeyli artım var. Sözə baxmayan uşağının əlini qaz plitəsində yandıran kim, onu balkondan aşağı atmaqla hədələyən kim... 
Adının açıqlanmasını istəməyən polis işçisi bizə açıqlamasında bildirdi ki, son illər bu sahədə vəziyyət daha da pisləşib. İndi bəzi valideynlər uşaqlarını ağlagəlməz zorakılıq üsulları ilə cəzalandırırlar: “Biz ancaq uşaq xəstəxanaya düşəndə bundan məlumatlı oluruq. Əksər hallarda isə uşaqlar polisə hadisə barədə düzünü demirlər. Bilirlər ki, xəstəxanadan çıxandan sonra yenə öz ailələrinin yanına qayıdacaqlar. Ona görə də biz belə valideynləri cəzalandıra bilmirik. Uşaq ”yıxılmışam", “təsadüfən oldu” deyəndən sonra biz nə edə bilərik ki? Bir dəfə 6 yaşındakı bir uşaq valideynlərinin evdə saxladığı çoxlu pulu tapıb, qayçı ilə kəsik-kəsik etmişdi. Bundan qəzəblənən anası da uşağın əlinə xətkeşlə nə qədər vurmuşdusa, uşaq əlini tərpədə bilmirdi. Amma uşaq polisə dedi ki, mən özüm özümü cəzalandırmaq üçün əlimi xətkeşlə döyəclədim". 
İbtidai sinif müəllimi: “Uşağı nə qədər döysən, bir o qədər sırtılır”
Yolda-izdə isə belə mənzərələrlə qarşılaşanların etirazı heç bir fayda vermir. Uşağına fiziki güc tətbiq edən valideyn onu bu addımdan çəkindirənlərə ən mədəni halda “öz uşağımdır, siz qarışmayın” deyə qarşılıq verir. Amma bu tendensiya məktəblərdə də özünü göstərməyə başlayıb. Artıq müəllimlər də nadinc uşaqlarla “mübarizə”nin məhz kötək formasına üstünlük verirlər. 
“Hiss edirəm, şagirdləri döydükcə sırtılırlar, onlar üçün hər şey adiləşir”. Bunu Bakı məktəblərindən birində ibtidai sinif müəllimi işləyən Elza Budaqova deyir. Onun sözlərinə görə, indi tərbiyəsi ən çətin olan uşaqlar ibtidai sinif şagirdləridir. Müsahibimiz bildirdi ki, uşaqlara elementar intizam qaydalarını anlatmaq mümkün olmur: “İndiki uşaqların çoxu dünyaya gələndə beyni zədəli doğulur. Hansısa travması və ya xəstəliyi olur. Elə uşaqlara əl vurmaq da olmur. Fikirləşirsən ki, əl vursan, Allah eləməmiş, hansısa xəstəliyi baş qaldırar”.
Uşaqlar qaynar xəttin telefon nömrəsini bilir, amma zəng etməyə çəkinir
“Biz müəllimlər arasında ən çox ingilis dili müəllimini xoşlayırıq. Çünki o, adamı az vurur. Vuranda da ağrıtmır. Ən pisi informatika müəllimimizdir. Adamın saçını düz qulağının yanından çəkir. Ora da çox ağrıyır. O, sıraların arasında gəzdikcə hamımız ürəyimizdə yalvarırıq ki, kaş bizi vurmasın”. 
4-cü sinif şagirdi Sənəm isə müəllimlərini kateqoriyaya böləndə onları daha az və daha çox döyən kimi xarakterizə edir. Onun sözlərinə görə, sinif yoldaşları daha çox fiziki təzyiqə əl atan müəllimlərdən qorxurlar. Amma eyni zamanda onları daha az sevirlər: “Sinifdə düşündük ki, Uşaq Qaynar Xəttinə zəng edək. Qızlardan biri dedi ki, bu xəttin metrolarda reklamları var. O nömrəni tapan kimi zəng edib, informatika müəllimindən şikayət edəcəyik”. 
Azərbaycan məktəblərində hələ də tərbiyə üsulu kimi fiziki şiddət populyardır. Yaşından asılı olmayaraq, pedaqoqlar effektiv tərbiyə üsulu kimi kötəyi məqbul hesab edirlər. “Kötək cənnətdən çıxıb”dan tutmuş, “qızını döyməyən dizini döyər”ə qədər el məsəlləri pedaqogikanın qızıl qaydalarına çevrilib. 
Polşada döyülən uşağı anasından sosial xidmət əməkdaşları alırlar
Maraqlıdır, dünya ölkələrində vəziyyət necədir? Statistikaya görə, dünyada 14 yaşına qədər 2,5 milyon həddi-buluğa çatmamış uşaq valideyni tərəfindən döyülür. Sərt rəftardan xilas olmaq üçün 50 mindən çox uşaq hər il evdən qaçır. Məişət zorakılığına məruz qalan uşaqların sayı 50 faizi keçib. Məişət zəminində ailələrdə baş verən cinayətlərin 30-40 faizi uşaqlarla bağlı olur. Azyaşlılara qarşı törədilən mənəvi və fiziki zorakılıq ailə çərçivəsindən çıxaraq cəmiyyətin müxtəlif sferalarını əhatə etməyə başlayıb. Bir çox valideynlərin inadla “uşaqların özləri zorakılığın yaranmasına səbəb olur” deməsinə baxmayaraq, qanun bütün hallarda valideyni məsuliyyət qarşısına çəkir. Məsələn, Polşada uşaqların döyülərək tərbiyə edilməsi qadağan edilib. Ölkədə “Ailədə zorakılığa qarşı mübarizə haqqında” qanuna yeni əlavələr bu gündən qüvvəyə minib. Yeni əlavələr uşaqlara işgəncələrin verilməsini, habelə uşaqların mənəvi cəhətdən alçaldılmasını qadağan edir. Bu norma pozulduğu halda, polisin iştirakı ilə sosial xidmət əməkdaşları uşaqları ailədən ala bilər və məhkəmələr 24 saat ərzində qəddar valideyinləri bu hüquqlarından məhrum edə bilərlər.
Yeni əlavələrin müzakirəsi zamanı bir çox valideynlər bildiriblər ki, onlar uşaqların döyülmədən tərbiyə edilməsini təsəvvür edə bilmirlər. Bu iddianı rədd edən sosial xidmət əməkdaşları bildirirlər ki, uşaqların düzgün tərbiyəsi üçün onlara da böyüklər kimi hörmət qoyulmalıdır.
Bu arada ekspertlər bildirirlər ki, əslində Azərbaycanda uşaqlar daha çox internat müəssisələrində döyülürlər. Burada onlara adi həmyaşıdlarından fərqli münasibət göstərilir. Buna səbəb həmin uşaqlara sahibsiz, kimsəsiz kimi baxılmasıdır. Psixoloqların fikrincə, uşaqlara qarşı fiziki təzyiq göstərən şəxslərin iki əsas səbəbi var. Bunlardan biri onların da uşaq vaxtı fiziki travma görməsidir. Digər səbəb isə zəif əsəblər, dözümsüzlükdür. Müntəzəm olaraq fiziki şiddət görən uşaqda isə aqressiyanın dərəcəsi yüksək olur. Ekspertlər hesab edir ki, bir çox cinayətkarlar, serial qatillərinin həyatını araşdıranda onların uşaqlıq travmasının qurbanı olduğu üzə çıxır.
Kötəyin cəriməsi - 200 manat
Cinayət Məcəlləsi öz uşağını döyən valideynə qarşı ittiham qaldırmağa imkan verir. Uşağın digər valideyni və ya qəyyumu Cinayət Məcəlləsinin 132-ci maddəsinə əsasən ittiham qaldırıb övladını döyən valideyni cinayət məsuliyyətinə cəlb edə bilər. Bu halda valideyn 200 manat cərimə, 240 saat ictimai və 1 il islah işləri və ya 6 aya qədər həbs cəzası ala bilər. Qanunda konkret olaraq döymə faktı üçün bu cür cəza tətbiq olunur.
Döymə faktı sağlamlığa zərər vurmağın üç növünə (yüngül, az ağır və ağır) aid deyil. Döyülən uşaqlar evi olan halda valideynlərin evində, ya da uşaq himayəsindən məhrum olan uşaqlar üçün xüsusi mərkəzdə yerləşdirilməlidir.
Amma bu halda uşaqlar yazılı halda şikayətlər də verməlidir. Cinayət Məcəlləsinin 126-cı maddəsi ictimai ittiham əsasında şikayətin mövcudluğunu qeydə alır. Bu ittiham lap ağır zərbələr yetirilən zaman uşağın köməksiz vəziyyətdə olmasından dolayı qaldırıla bilər. İttiham bu zaman prokuror tərəfindən də qaldırıla bilər.
Daha bir hüquqi detal. Ailə Məcəlləsinin 51-ci maddəsində uşağın müdafiə hüququ barədə bənddə göstərilir ki, uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. Bundan əlavə, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. Məcəllənin 56-cı maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 58-ci maddəsində isə valideynlərin uşaqlarını tərbiyə etmək hüququna malik olmaları və uşaqlarını tərbiyə etməyə borclu olmaları təsbit olunub. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Mənbə: Milli.Az

 

27 avqust 2014
GO BACK