Qadin.NET / Hansı hallarda qeybətə icazə verilir?

Hansı hallarda qeybətə icazə verilir?

 

Qeybətin nə qədər bəyənilməz hərəkət olduğunu ötən məqalədə qısaca da olsa izah etməyə çalışdıq. Bu mövzuda cavaba ehtiyacı olan suallardan biri də bundan ibarətdir: Müəyyən zəruri hallarda qeybətə icazə verilə bilərmi? Hansı hallarda bu, günah sayılmaz? 

Milli.Az İslam.az-a istinadən bildirir ki, qeybətin icazə verildiyi məqamlardan birincisi, insanı ziyandan və bədbəxtlikdən xilas etmək zərurətidir. Əgər bir adama başqası tərəfindən ziyan gələcəyini bilirsinizsə, bu halda onu vaxtında xəbərdar etmək üçün ona ziyan vuracaq şəxs haqqında həqiqəti söyləmək olar. Çünki mömin möminə xəyanət etməz, onu aldatmaz, onu qoruyar. 
Məsələn, yaxın dostlarınızdan birinin qızına sizin də tanıdığınız bir nəfər elçi düşüb. Qohumunuz qızı o adama vermək fikrindədir, çünki oğlanı yaxşı bir adam kimi tanıtdırıblar. Əslində isə siz o oğlanın narkoman olduğunu bilirsiniz. Bu halda gələcək bədbəxtliyin qarşısını almaq üçün vaxtında məsələyə müdaxilə edib, həqiqəti qız atasına deyə bilərsiniz. 
Yaxud təsəvvür edin ki, bir nəfərin yalançı və fırıldaqçı olduğunu yəqinliklə bilirsiniz. Eşidirsiniz ki, qohumlarınızdan biri həmin adamla şərik olmaq istəyir. Bu halda siz öz qohumunuzu ziyandan xilas etmək üçün həqiqəti açıb-söyləyə bilərsiniz. Bu cür qeybət günah sayılmır, çünki daha böyük ziyanın qarşısı bu yolla alınır. Əgər ziyanın qarşısını almağın yeganə yolu ziyankarın qeybətini edib tanıtdırmaqdırsa, başqa yol yoxdursa, buna icazə verilir.
Qeybətin icazə verildiyi başqa bir məqam məhkəmədir. Hər hansı mübahisəli məsələnin həll olması üçün tərəflərin dindirilməsi zamanı hadisənin təffərüatını xəbər vermək lazımdır. Bu zaman iki nəfərin arasında baş vermiş bir hadisəni də açıq söyləmək lazım gəlir. Bu cür qeybətə icazə verilir. Çünki bunsuz məsələ barədə obyektiv hökm vermək mümkün deyil. 
Peyğəmbərimizin zamanında hətta bəzən qadınlar o həzrətə öz ərlərindən şikayət edib, kömək istəyirdilər. Peyğəmbər onların sözünü dinləyir, sonra hökm verirdi. Ailə sirrini kənara daşımaq yaxşı hərəkət olmasa da, hakimin və ya səlahiyyətli şəxsin hüzurunda bunu etmək olar. Təsəvvür edin ki, bir qadın öz əri tərəfindən incidilir. Ərinin ağsaqqal qohumlarına şikayət etməkdən başqa çarəsi yoxdur. Bu halda həmin qohumların yanında həqiqəti açıb deməyə və öz hüququnu istəməyə haqqı var. Ümumiyyətlə, məzlumun öz haqqını istəməsi üçün zalımdan şikayət etməsi və ona olunan zülmü ifşa etməsi qeybət sayılmaz. 
Daha bir məqam hər hansı batil fikrin və ideologiyanın səhv olduğunu göstərmək üçün edilən tənqidə aiddir. Həqiqəti açıb-göstərmək, batilin üzərindəki pərdəni qaldırmaq üçün batil fikir sahiblərinin fəaliyyəti, fikirləri haqqında məlumat vermək də qeybət sayılmaz. Çünki yalnız bu yolla onların zərərini aradan qaldırmaq və xəbərsiz insanları onların şərindən xilas etmək mümkündür. Xüsusilə, İslama və dini dəyərlərə haqsız hücumların baş alıb getdiyi indiki zamanda bu cür xəbərdaredici və hidayətləndirici yönləndirmələrə ciddi ehtiyac vardır. 
Hər zaman olduğu kimi, qeybətə icazə verilən məqamlarda da həddi aşmamaq və bu ümumi qaydalara riayət etmək ciddi tövsiyə olunur:  
- danışılan mövzuda obyektiv olmaq, tərəfkeşlik və təəssübkeşlik etməmək,
- yəqinə əsaslanmaq, zənnə və şübhəyə əsasən fikir yürütməmək,
- böhtan atmamaq, hadisələri şişirtməmək, 
- açılmasına ehtiyac olmayan sirlərə toxunmamaq,
- etika və əxlaq qaydalarını gözləmək, 
- məsələni daha dar çərçivədə həll etmək mümkündürsə, çox yaymamaq,
- məsələyə dəxli olmayan adamların yanında bu söhbətləri etməmək və s.
Mənbə: Milli.Az

 

27 avqust 2014
GO BACK