Qadin.NET / Bu xəstəlik kefə baxmır

Bu xəstəlik kefə baxmır

 

Skolioza 6-7 yaşlı uşaqlarda da rast gəlinir

Çox vaxt həkimə getməyi, vaxtında müayinə olunmağı o qədər də vacib hal kimi qiymətləndirmirik. Amma sağlamlığımızdan ciddi şikayət edən kimi uz tutduğumuz yer xəstəxanalar olur. Elə xəstəliklər olur ki, insanlar vaxtında ona elə də ciddi bir xəstəlik kimi yanaşmır. Həkimlərin həyəcan təbilini qulaqardına vuranlar isə sonradan peşman olur. Sonrakı peşmançılığın faydası olmadığı kimi, sonrakı müalicənin də effekti elə də ürəkaçan olmur. Hər halda, xəstəlik varsa, onunla mübarizə yolları da var. İnsanlar səhlənkar olmadıqları müddətcə.
Bu gün Azərbaycanda kifayət qədər insan onurğa əyriliyindən əziyyət çəkir. Müxtəlif ağrıların səbəbkarı olan onurğa əyriliyi insan yaşına baxmır. İstənilən yaşda yarana bilən bu problem hər nə qədər insanlar tərəfindən xəstəlik kimi qəbul olunmasa da, əslində çox ciddi bir haldır. XXI əsrin bəlası sayılan onurğa problemindən bütün dünya əziyyət çəkir. Bəlkə də xəstəliklər sırasında ən çox səhlənkarlıq nəticəsində yaranan və inkişaf edən xəstəlik də məhz onurğa əyriliyidir. İlbəil "cavanlaşan" onurğa xəstəlikləri bu gün 6-7 yaşlı uşaqlarda da rast gəlinir.
Ortoped Rufid Ağayevin sözlərinə görə, hazırda onurğa xəstəliklərindən əziyyət çəkən insanların sayı olduqca çoxdur. Hər 5 insandan bəlkə də 1-i normal oturuşuq, yatmaq, idman və s. kimi qaydalara əməl edir ki, sümüklərində problem olmasın. Əhali əyri oturmağa, yumurlanıb yatmağa, ümumiyyətlə, idmanla məşğul olmamağa, normadan ağır əşya qaldırmağa meyllidir. Bu isə onların bədənində ilk vaxtlar gözlə görülməyən xəstəliklərin təməlinin qoyulmasına səbəb olur: 
"Uşaqların təxminən 80%-də bu və ya digər formada onurğa əyrilikləri müşahidə olunur. Nəzərə alsaq ki, uşaq onurğası 5-6 yaşında tamamilə formalaşmış, fizioloji əyrilikləri artıq meydana gəlir, onda bu yaşdan yuxarı uşaqların onurğaları deformasiyaya uğramış olur. 80% uşaqdan 10%-i demək olar ki, onurğa əyriliyinin ən ağır formasından əziyyət çəkir və belə uşaqlar üçün müalicə müddəti, yaxud əməliyyat vaxtı da az qalmış olur".
Onurğa xəstəlikləri insan kefinə baxmır. Onun da müəyyən bir vaxtı var ki, məhz o vaxtda artıq əməliyyat belə çarə olmur və nəticədə əlillik yaranır. Həmsöhbətimiz deyir ki, onurğa əyrilikləri insanı əlil edənə qədər demək olar, əksər orqanları zədələyir, sıxır. "Ürək narahatlığı, böyrək ağrıları, həddindən artıq əyilmələr dözülməz ağrılar verir. Eyni zamanda əyriliklər insanı görünüş baxımından olduqca dəyişir. Əgər uşaqlarda heç bir narahatlıq yoxdursa, onu yenə də müayinə etdirmək lazımdır. Çünki bu cür xəstəliklər ağrı ilə başlamır ki, valideyn bu siqnalları ala bilsin. Erkən skalioz idman, üzmək və bu kimi fəaliyyətlərlə 1 aya düzələ bilirsə, dərəcəsi artmış skaliozun müalicəsi daha ağırlaşmış və vaxt etibarilə daha uzanmış olur".
Onurğa xəstəliklərinin yaranmasından danışan ortopedin sözlərinə görə, bunun təməlini uşaq yaşlarından körpələrində elə valideynlər qoyur. Onlar da bilmədən uşaqlarında skaliozun yaranmasına şərait yaradırlar. "Uşaq yaşlarında olan raxitlik vaxtında müalicə olunmaması, valideynlərin körpə uşaqları oturmaq üçün balışlara söykəyərək oturtmağa çalışması, yeriməyi hələ bacarmayan körpələrin əllərindən tutularaq yeridilməyə çalışılması və bu kimi faktorlar onurğa probleminin yaranma faizini artırır" deyən R.Ağayev bildirir ki, bununla yanaşı, məktəblilərin ağır çantaları, düzgün olmayan vəziyyətlərə oturaraq, yaxud uzanaraq dərs oxumaları, həddindən artıq eyni formada hərəkətsiz qalmaları, idmana və bu kimi hərəkət tələb edən məşğuliyyətlərə biganə olması da onurğa əyriliyinə səbəb olur. Dediyinə görə, normal və vitaminli qidalanmalar, möhkəm yataq, gündəlik bir-iki idman hərəkətləri kifayətdir ki, sümüklər möhkəmlənsin, skalioz, kfoz və bu kimi onurğa xəstəlikləri yaranmasın. "Skolioz xəstəliyi 4 dərəcəli olur. Korreksiyaedici idman hərəkətlərinin köməyi ilə onurğanı əhatə edən əzələlərin möhkəmlənməsi hesabına təbii korset əmələ gətirilir ki, bu da onurğa sütununda olan deffekti aradan qaldırır. Skolioz anadangəlmə və qazanılmış olur. Bu xəstəliyə daha çox məktəb yaşlı uşaqlarda rast gəlinir. Fəqərə sınığı və sümüyün ovulmasına gətirib çıxaran patoloji proseslər də skoliozun yaranmasına səbəb olur".
Onurğa əyriliklərinin müalicəsinə gəlincə, ortodedin bildirdiyinə görə, skaliozun dərəcəsi artıqda onun müalicəsi də çətinləşir və sonda müalicə deyil, əməliyyat vacib olur. Eyni zamanda satışda satılan korsetlər də xəstələrin müalicəsində əksər hallarda işə yaramır. Onurğa ilə bağlı xəstəliklər zamanı həkimə müraciət etmək daha yaxşıdır: "Birinci və ikinci dərəcəli onurğa əyriliyini müalicə ilə bərpa etmək mümkündür, lakin 3 və 4-cü dərəcəlidirsə, artıq müalicə, korset, idman və bu kimi çarələrin xeyri yoxdur. Mütləq əməliyyat lazımdır. Bundan əlavə satışda bədən düzləşdirən, sümük düzəldən, müalicəvi effekt verən və bu kimi vədlər verilərək iştahlandırılan reklamlar sayəsində korsetlər təklif edilir ki, bu cür korsetlərin skalioz müalicəsi üçün heç bir xeyri yoxdur. Əgər xəstəyə korset lazımdırsa, bunu ortoped təyin etməlidir və xəstənin bədən ölçülərinə uyğun olaraq korset düzəldilməldir. Yalnız bu formada düzgün diaqnoz və müalicə ilə həddin artıq irəliləməmiş əyrilikləri düzəltmək mümkündür".
Azərbaycanda təxminən hər 1000 nəfərdən 10-u skolioz xəstəliyinin daşıyıcısıdır. Xəstəliyin adətən üstünə vaxtında düşülmür, insanın vücudu əyilir və donqarlıq əmələ gəlir. Ən dəhşətlisi isə budur ki, bu xəstəlik əməliyyat olunmadıqda, erkən yaşlarda ölümlə nəticələnir. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir. Skolioz cərrahiyyəsi dünyada ən ağır əməliyyatlardan biridir. 5-6 saatdan başlayaraq 12 saatadək çəkir. Odur ki, ən kiçik yaşlardan belə valideynlər bu barədə məlumatlı olmalı və körpələrini nəzarətdə saxlamalıdırlar. 

Mənbə: Milli.Az

 

26 avqust 2014
GO BACK