Oddan kül doğar deyiblər. Bu, Azərbaycan atalar sözü min illərin təcrübəsi əsasında yaranıb və nəsillər arasındakı təzadı əks etdirir. Mentalitetimizə görə, övladları əsasən babalar və nənələr yetişdirir. Yəni oğul nəvə babaya, qız nəvə isə nənəyə oxşamağa çalışır. Çox vaxt oğullar atalarının, qızlar isə analarının tam tərsi olmağa çalışırlar. Azərbaycanda nəsillər dəyişir, amma bu ənənə min illərdir ki, qorunub saxlanır.
ANS PRESS-in məlumatına görə, əslində bu cür nəsillər arası təzad bütün dünyada rast gəlinir. Bu, Amerika alimləri Neyli Houv və Uilyam Ştrausu nəsillər nəzəriyyəsi yaratmağa yönəldib. Onlar Birləşmiş Ştatlarda 1900-cu ilə qədər doğulanları yoxlayıblar. Amerika alimlərinin fikrincə, eyni nəsillərin üstünlük verdiyi dəyərlər dünyanın çox yeri, xüsusilə də sivilzasiyalı ölkələr üçün bənzərdir.
Psixoloq Vəfa Əkbər də bu fikirləri bölüşür. Onun fikrincə, böyüməkdə olan nəsillərə dünyada olan hadisələr təsir göstərir. Nəticədə, istər Çin, istər Amerika, istər isə Azərbaycan olsun, yaşıdların xarakterində oxşarlıq müşahidə edilir. Post sovet məkanında həmyaşıd nəsillərin xüsusilə oxşar olduğunu düşünən Vəfa Əkbərin fikrincə, hazırda Azərbaycanda yaşayanları beş nəsilə bölmək olar.
1-ci qrupa susqunları aid etmək olar. Onlar 1923-cü ildən 1945-ci ilə kimi doğulanlardır. Onların uşaqlığı kolxoz quruğuluğunun yaratdığı dəhşətli ağlığa, 1937-ci ilin dəhşətli represiyasına, gənclikləri isə Böyük Vətən müharibəsinə düşüb.
İkinci qrup isə Bebi-bum uşaqlarıdır. İngiliscə “baby boom” sözlərindən yaranmış bu termin İkinci Dünya müharibəsindən sonra bütün dünyada yaşanan doğum artımını əks etdirir. Azərbaycanda 1943-cü ildən 1963-cü ilə kimi doğulanlar məhz Bebi-bum uşaqları sayılır. Onlar Böyük Vətən müharibəsindəki qələbəni, kosmosa uçuşları, silahlanma yarışını görə-görə böyüyüblər.
1963-1984-cü illərdə doğulanlar isə soyuq müharibə uşaqlarıdır. Bu insanlar doğum səviyyəsinin aşağı düşdüyü dövrdə dünyaya gələnlərdir. Qərbdə soyuq müharibə uşaqları mühafizəkar dəyərlərdən uzaqlaşması ilə seçilirlər. Sovet məkanında isə SSRİ-nin dağıldılmasına əsas fəallıq bu nəslin payına düşdü.
Daha sonra yenidənqurma uşaqlarının nəsli gəlir. Bu nəsil Yenidənqurmanın elan edildiyi 1985-ci ildən 2000-ci ilə kimi ötən dövrdə dünyaya gəliblər. Onlar Demokratiya və plüralizm şüarları altında, SSRİ-nin dağılması barədə xəbərlərlə böyüyüblər.
2000-ci ildən sonra doğulanlar isə sonuncu nəsildir. Onlara İnternet nəsli də deyirlər. Bu nəsil qeyri-aktiv həyat tərzi ilə seçilir, əsas işlərini internet, mobil telefon və kompüter texnologiyası vasitəsi ilə həyata keçirir.
Vəfa Əkbərin fikrincə, nəsillər arasında qabarıq seçilən fərqlər var və sosioloqlar bunu dərhal sezirlər və hətta eyni mətni müxtəlif nəsillər, müxtəlif cür qavrayır. Məsələn, yenidənqurma uşaqları sətiraltı ifadələri anlamırlır. Çünki demokratiya və plüralizm dövründə böyüyüblər. Amma soyuq müharibə nəsli gizli mənaları dərhal tuturlar, çünki sovet təbliğatı ilə “Amerikanın səsinin” təqdim etdiyi təzadlı xəbərlərin arasında yaşa dolublar. Xəbəri axtarmaqda isə ən güclülər Bebi-bum uşaqlarıdır. Onlar xəbəri tapmaq üçün səy göstərilən dövrdə böyüyüblər.
Nəsillərin karyera həvəsi də fərqlidir. Məsələn, Yenidənqurma uşaqları rəhbər vəzifələrə can atırlar və rəhbər kimi də çox iş görə bilirlər. Onlar heç nə düşünmədən irəli gedir, sonra isə addımlarının üzərində düşünürlər. Buna görə, onların yanında başqa nəsillərdən olan məsləhətçilər lazımdır. Onları ən yaxşı şəkildə soyuq müharibə uşaqları yönəldə bilirlər, məsləhət verirlər. Çüni çox yaxşı peşəkardırlar. Bebi-bum uşaqları isə yaxşı strategiya qurur, uzun müddətli perspektivləri görə bilirlər.
Yenidənqurma uşaqları maaş məsələsinə ciddi fikir verirlər, cüzi maaş artımına görə iş yerini dəyişə bilirlər. Yaşlı nəsil bunu başa düşmür. Çünki yaşlı nəsil zəmanətli həyat, tələbə stipendiyası, pulsuz mənzil dövründə böüyüblər. Yenidənqurma uşaqları isə hər şeyi özləri etməli, ilkin kapital toplamalıdırlar”,- deyə Vəfa Əkbər ANS PRESS-ə bildirib.
Psixoloqun fikrincə, bu saat hamını maraqlandıran məsələ 2000-ci ildən sonra doğulmuşların gələcəyidir: “Onların ən böyükləri hazırda altıncı sinifdə oxuyur. Gərək ən azı 18 yaşa çatsınlar ki, müzakirə apara bilər”,- deyə Vəfa Əkbər vurğulayır. Amma bununla belə, ilkin ehtimallar var. “Artıq aydındır ki, internet nəsli həmişə öz təhlükəsizliyinin qayğısına qəlacaq, təlimatları diqqətlə izləyəcək. Avtomobillərdə təhlükəsizlik kəmərini bağlayacaq, dərmanların əks təsirlərini diqqətlə izləyəcək”,- deyə Vəfa Əkbər vurğulayır.