İstirahət mövsümünün qızğın vaxtında ölkədə turizm obyektlərindəki bahalıqdan danışacağıq. Yəqin statistik məlumatlar araşdırılsa, məlum olar ki, bu aylar ölkəni tərk edən vətəndaşların sayı rekord həddədir. Bu, həm də Azərbaycan iqtisadiyyatının turizmin hesabına itkisidir. Ölkədə istirahət etmək istəyən bir-iki turist tapılanda da ona qiymət oxuyurlar. Bir sözlə, yerli turizm obyektlərindəki fantastik qiymətlər insanları ölkənin olan-qalan səfalı yerlərindən didərgin salır.ANS TV-nin məlumatına görə, həftə sonu yaxın tanşılardan birinin könlünə ailəsini və daha bir dost ailəni də götürüb şəhərdən kənarda dincəlmək düşüb. Zəng vurub Şamaxıdakı otellərdən birinə qiymətlərlə maraqlanıb. Ona bir gecə üçün nə qədər pul oxusalar yaxşıdır, 850 AZN. Adamın təkcə həvəsi qaçmayıb, adam həm də istəyib ki, burdan baş götürüb qaçsın. Harda daha yaxşı dincələ bilərsə, ora qədər. Çünki, Azərbaycanda istirahətin bir gecəsinə xərclədiyi pula o, xaricdə bir həftə ürəyi istəyən kimi dincələ bilər. Heç uzağa getməyək. Əməkdaşımız Qənirə Ataşova ailəsilə birlikdə Misirdən yenicə qayıdıb. Dünyanın 7 möcüzəsindən ikisini görüb, Qırmızı dənizdə sualtı dünya ilə tanış olub, nə bilim Şarm əl-Şeyxdə beş ulduz otellərin dadını çıxarıb və bütün bunlar ona bilirsiz neçəyə başa gəlib?Xəbərçinin əməkdaşı Aysel Zahidqızı da istirahətini ölkə xaricində edib. Azərbaycanda bir gecəyə istənilən 850 AZN-ə o, demək olar ki, üç ölkəni gəzib. Türkiyə, Macarıstan və Avstriyada olub və istirahətini turizm şirkətinin vasitəsilə deyil təkbaşına həll edib. O deyir ki, sadəcə internetdə bir az vaxt sərf etmək lazımdır ki, hər şeyin yaxşısını və ucuzunu əldə edəsən.Azərbaycanda isə ucuz istirahət sadəcə mümkün deyil. Bunu turizm şirkətləri bir cür əsaslandırır, otel-kotec sahibləri başqa cür. Kimi deyir ki, dövlət turizm obeyktlərini əlavə dəyər vergisindən azad etməlidir, kimi kredit siyasətindən narazılıq edir və s. Amma istənilən halda, bu, əsaslandırmaların vətəndaşa heç bir isti-soyuğu yoxdur. Vətəndaş istirahət etmək istəyir və onu da istəyir ki, bu ona nisbətən ucuz başa gəlsin. Amma araşdıranda məlum olur ki, bu gün Şamaxıda, Qəbələdə, Nabranda dincəlmək ABŞ-da, Dubayda, Antalyada, Misirdə dincəlməkdən də bahadır.
Hərçənd, nə Qırmızı dənizimiz var, nə sifinkslərimiz, nə ehramlarımız. Sadəcə təmiz dağ havası və bir də kabab tüstümüz var. Ona görə də əksəriyyət seçim qarşısında xaricdə istirahətə üstünlük verir. Öz dövlətimizin büdcəsinə verəcəyimiz pul başqa dövlətin cibinə axır. Heç uzağa getməyək. Qonşu Gürcüstan bu il nə qədər azərbaycanlı turistə qucaq açdı? İran, Türkiyə də həmçinin. İtirən isə bizik. Özü də təkcə əcnəbi turistləri yox, vətəndaşlarımızı da itiririk.
Mənbə: ANS PRESS