Avqustun əvvəlindən başlayaraq havaların isti keçməsi ilə əlaqədar Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı ötən aylara nisbətən artıb. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, bundan başqa Gəncə şəhərində bu ay ərzində 12 nəfər günvurma diaqnozu ilə stansiyaya müraciət edib.
Gəncə Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyadan verilən məlumata görə, ötən aylarda Gəncə şəhərində 150-170 çağırış olurdusa, bu ay 220-250 çağırış qeydə alınıb. Çağırışçılar arasında əsasən, ürək-damar, qan təzyiqi və digər xroniki xəstəlikdən əziyyət çəkənlər daha çoxdur. Havaların isti keçməsi günvurma hallarının da artmasına səbəb olub.
Tünzalə Abbasova, həkim: “Havaların isti keçməsi ən çox təzyiqli xəstələrə, ürək xəstələrinə, bronxial astma xəstələrinə əks təsir göstərir. Ona görə də çağırışlarımızın sayı çox artıb. Avqustun 1-dən indiyədək 12 nəfərdə günvurma olub”.
Həkimlər bildirirlər ki, isti havalarda saat 12-dən 17-dək açıq havada olmaq məsləhət deyil. Bundan başqa bir sıra qoruyucu tədbirlərə də əməl etmək vacibdir.
Tünzalə Abbasova: “Çalışmaq lazımdır ki, geyinilən paltarlar nazik olsun. Tünd rəngli paltar istini özündə saxladığı üçün açıq rəngli paltar geyinmək lazımdı. Başa gün düşməməyi üçün gün papaqlarından istifadə etmək lazımdı”.
Bildirək ki, Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 4 filialı var və həkim briqadaları günün istənilən saatında sakinlərə xidmət göstərir.