Qadin.NET / Bakı metrosu ilə o dünyaya səyahət

Bakı metrosu ilə o dünyaya səyahət

 

Həyatında işgəncə kamerası görməyənlər Bakı metrosuna girməklə onun “ləzzət”ini hiss edə bilərlər. Yay fəslində metro insanlara dözüm testi vermək üçün məkana çevrilib. Havasızlıq, isti və üfunətin birləşməsi metro stansiyalarında və qatarda sərnişinlər üçün sanki sınaq meydanıdır. Yəqin ki, bu yolla metropoliten rəhbərliyi sərnişinlərin dözümlülüyünü, iradəsini, ən əsası isə səhhətini yoxlayır.

Bu iradı demək üçün faktsız deyilik. Bir sərnişin olaraq hər gün keçirdiyimiz dəhşətli yolçuluq, eyni zamanda metro stansiyasında dəhşətli anlarımızı gözlərimizlə görməyə məcbur edən şkala sübut edir. Metro stansiyasında qoyulmuş şkala oradakı havanın temperaturunu, rütubətliliyini göstərir. Şənbə günü, insanların nisbətən az olduğu gündə, 4 giriş-çıxışı olan "Qara Qarayev" stansiyasında, özü də havanın temperaturunun iki-üç gün əvvəl qeydə alınandan daha aşağı olduğu gündə şkalada olan göstəriciyə nəzər saldıq. Stansiyadakı temperatur 30 dərəcə Selsidən artıq idi.
Araşdırma və fikrimizi burada bitirib sonrakı yazılacaqları metropoliten rəsmisindən almaq istədik. Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəriNəsimi Paşayev Milli.Az-a ilk olaraq stansiyada nisbi rütubətin normaya görə 75%, havanın temperaturunun isə qışda ortalama 21-23 dərəcə, yayda isə 23-25 dərəcə olmasını bildirdi. Hələ bu göstəricilərin maksimum və minimum hədləri də var.
Onun sözlərinə görə, bütün bunlar metropoliten tərəfindən ventilyatorlar vasitəsilə nizamlanır. Əgər bayırda havanın temperaturu 35 dərəcəni keçirsə, ventilyatorlar bayırdan içəri yox, içəridən bayıra işləyir. Bu mürəkkəb proseslə məşğul olan xidmət və laboratoriya var. "Nəzərə alın ki, havanı ventilyatorla dəyişirik, kondisioner yoxdur. Göstərilən rəqəm ortalamadır, arta və ya azala bilər".
“Bəs metroda yolverilməz temperatur hansıdır?” sualına N.Paşayevin cavabı maraqlı oldu: “Əsas odur ki, hava olsun. İsti hər yerdə istidir. Bayırda 40 dərəcədən artıq temperaturda gəzirik. İnsanların rahat nəfəs almağını təmin edən hava varsa, problem yoxdur”.

Anar Məmmədov.
Mənbə: Milli.Az

 

 

25 avqust 2014
GO BACK