Qadin.NET / Bazarlarımızda saxtalıq "xəstəliyi": nə edək?

Bazarlarımızda saxtalıq "xəstəliyi": nə edək?

 

Azərbaycanda kosmetika bazarında vəziyyət düzəlmir ki, düzəlmir.

Necə deyərlər, bunu bilmək üçün kosmetikadan istifadə etməyə gərək yoxdur, bazarlarda qızmar günəş altında, asfaltın üzərinə düzülərək satılan kosmetik məhsullar artıq bir göstəricidir. Hətta bazarlarda arabaların üzərinə kosmetik məhsullar yığıb satan səyyar satıcılar da görmək mümkündür. Bu mövzu ağlıma boş-boşuna gəlməyib. Belə ki, ötən həftə “8-ci kilometr” bazarında kosmetik məhsul satan gənclə bir xanımın mübahisəsi diqqətimi çəkmişdi. Xanım həmin satıcıdan aldığı kosmetik məhsuldan istifadə etdikdən sonra üzündə ləkə əmələ gəldiyini söyləyirdi. Satıcının əsəbi cavabı isə xanımı daha da özündən çıxardı: “Bazardan ucuz mal alanda bilmirdin belə də ola bilər? Elə pulun var, get başqa yerdən al”. Satıcı xanımın ondan əl çəkmədiyini görüb, arabasına yığdığı kosmetik məhsulları da götürüb aradan çıxdı... 
Bu yerdə, təbii ki, satıcıya haqq qazandırmaqdan uzağam. Amma bir reallıq da var, qızmar günəş altında satılan kosmetik məhsulların xarab olma ehtimalı yüksəkdir. Bu məhsullardan istifadə etdikdə zəhərlənmək də olar, dəri xəstəliyi tapmaq da. 
Ətirlərin saxtaları... 
Qəribədir ki, aidiyyəti qurumlar mağazalarda və digər satış məntəqələrində keyfiyyətsiz məhsulları satışdan çıxarmaq üçün yoxlamalar aparsalar da, bazarlarda bu cür kosmetikaların satışdan çıxarılması faktlarının ya şahidi olmuruq, ya da az oluruq.
Yeri gəlmişkən, hələ bir müddət öncə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov jurnalistlərə açıqlamasında ölkəmizdə satılan kosmetik vasitələrin içərisində kifayət qədər saxta məhsul olduğunu qeyd etmişdi. Onun sözlərinə görə, kosmetik vasitələrin üzərində istehsalat tarixi olmalıdır. E. Hüseynov demişdi ki, mənşəyi bilinməyən saxta kosmetikalar dəri xərçənginə və digər xəstəliklərə səbəb olur. 
Qeyd edək ki, Azad İstehlakçılar Birliyinin saytında gigiyenik və mənşə sertifikatı olmayan bəzi malların, etiketində istehsal tarixi və son yararlılıq müddəti olmayan parfümeriyaların fotoları yerləşdirilib. Qurum həmçinin bildirir ki, bazarlarda “Versace”, “Flora by Gucci”, “Versace Versense”, “Gucci by Gucci” parfümlərinin saxta variantları satılır. Belə ki, orijinalının qiyməti 100-110 manat olan bu ətirlərin saxtaları yerli bazarlarımızda 6-8 manata satılır. Saytda həmin ətirlərin fotoları da yayımlanıb. 
Tərkibi haqqında məlumatları diqqətlə oxumaq lazımdır... 
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən isə bildirirlər ki, istehlakçı olaraq hər kəs bu vasitələri alarkən onların qablaşdırılmasına, markalanmasına, saxlanma şəraitinə və temperaturuna diqqətlə yanaşmalıdır. Kosmetik vasitələrin etiketi üzərindəki mətn başqa dillərlə yanaşı, mütləq dövlət dilində olmalıdır. İstehlakçıya zəruri və düzgün məlumat verərək, onun düzgün seçim etməsinə şərait yaradılmalıdır: “Etiketdə məhsulun adı, istehsalçı müəssisənin adı, ünvanı, məhsulun xalis çəkisi, həcmi, miqdarı, effektiv, zərərsiz istifadəsi qaydaları, istehsal tarixi, yararlılıq müddəti və digər məlumatlar əksini tapmalıdır. Kosmetik vasitə alarkən məhsulun tərkibi haqqında məlumatları diqqətlə oxumaq lazımdır. Əgər etiketdə bu haqda heç bir məlumat yoxdursa və ya məhsulun tərkibi tam göstərilməyibsə, belə məhsulu almaq məsləhət deyil”.
Allergik reaksiyanın əmələ gəlməsi riski... 
Qurum bildirir ki, bu vasitələr allergiya və qıcıqlandırıcı reaksiya yaradan əsas məhsullardan hesab edilir: “Xüsusilə, tərkibinə alümin, butan, dietanolamin, propan, mineral və ya texniki yağ daxil olan kosmetik vasitələri alarkən istehlakçılar diqqətli olmalıdırlar. Kosmetik vasitənin üzərində onun hipoallergen olduğu barədə qeyd varsa, bu məhsulun tərkibində dərini güclü qıcıqlandıran komponentlərin olmadığını göstərir”.
Kosmetik vasitələrlə bağlı istehlakçıların diqqət etməsi zəruri olan digər mühüm məqam məhsulların saxlama müddəti və saxlama şəraitidir: “Xüsusilə, allergiyaya meylli şəxslərə uzun saxlama müddətinə malik vasitələrdən istifadə etməmələri tövsiyə olunur. Belə ki, məhsulların uzun saxlama müddətini təmin edən konservantlar kosmetik vasitənin tərkibində nə qədər çox olarsa, allergik reaksiyanın əmələ gəlməsi riski bir o qədər çoxdur. 
Kosmetik vasitələrin saxlama müddəti məhsulların istehsalçıları tərəfindən müəyyən edilir və bu müddət ərzində malların keyfiyyətinə təminat verilir. Məsələn, göz üçün tuş orta hesabla 3-6 ay, tonal krem, sürmə 6-12 ay, göz kölgələri, göz və qaş qələmi, dodaq boyası, ənlik və kirşan 12-18 ay saxlama müddətinə malikdir. 
İstehsalçının müəyyən etdiyi saxlama şəraitinə riayət olunmaması, kosmetik vasitənin göstərilən saxlama müddəti bitmədən korlanmasına səbəb olan mühüm amillərdəndir. Kosmetik vasitələr 0-25 dərəcə temperaturda, qaranlıq, yaxşı havalandırılan, nisbi rütubətin 70%-i aşmadığı yerlərdə saxlanılmalıdır. Tərkibində səthi aktiv maddələr və spirt olan kosmetik vasitələr isə 20 dərəcəyədək temperaturda saxlanmalıdır”. 
Saxta məhsulu necə müəyyənləşdirmək olar? 
Qeyd edək ki, bazarlarda və digər ticarət obyektlərində kosmetik məhsullar açıq havada bir çox hallarda hətta 30, 35, 40 dərəcə temperaturda da satılır. Saxlama müddəti ötmüş və ya saxlama şəraitinə əməl olunmadığından korlanmış kosmetik vasitələr rəngi, qoxusu, qatılığı və homogenliyi kimi bir sıra zahiri əlamətlərinə görə müəyyən etmək mümkündür. Həmçinin əgər kosmetik vasitənin üzərinə qoruyucu plastinka (lövhəcik, təbəqə) çəkilmişdirsə, o atılmamalıdır və kosmetik vasitənin müəyyən bir hissəsi istifadə olunduqdan sonra üzəri yenidən örtülməlidir: 
“Kosmetik vasitələrin satışı zamanı malın qablaşdırılması selofan örtük və ya lentlə bərkidilmişdirsə, alıcının onun açılaraq yoxlanmasını tələb etmək hüququ var. Alıcı öz istəyi ilə bundan imtina edə bilər. Malın aerozol qablaşdırması alıcının iştirakı ilə satıcı tərəfindən yoxlanılmalıdır. Lakin lazımi keyfiyyətlərə malik kosmetik vasitə hər hansı səbəbdən istehlakçının xoşuna gəlməmişdirsə, alıcı bu malı başqa analoji malla dəyişdirmək imkanına malik deyildir. Belə ki, Nazirlər Kabinetinin 21 may 1998-ci il tarixli, 114 nömrəli qərarına əsasən qüsursuz və lazımi keyfiyyətə malik parfümer-kosmetik mallar pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısına daxildir. Bu səbəbdən parfümer-kosmetik mal almış istehlakçı yalnız malda qüsurlar aşkar edildiyi və ya alğı-satqı zamanı mal haqqında həqiqətəuyğun məlumat verilmədiyi halda, malı geri qaytarmaq hüququna malikdir”.
Xidmət istehlakçılara satışda saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən kosmetik vasitələrlə qarşılaşdıqda aidiyyəti üzrə dövlət orqanlarına müraciət etməy tövsiyə edir.
Mənbə: Milli.Az

 

24 avqust 2014
GO BACK