ABŞ istehsalı olan viskidə həşəratları yox etmək üçün kimyəvi vasitə tapılıb. Milli.Az Lifenews-a istinadən bildirir ki, "Rospotrebnadzor"un Sverdlovsk vilayəti üzrə idarəsinin mütəxəssisləri yerli mağazalarda satılan amerikan viskisini yoxlayarkən tərkibində benzoy turşusu aşkarlayıblar.
"Cek Deniels" və "Cim Bim"in tərkibində tapılan benzoy turşusu həşəratları məhv etmək üçün istifadə olunur.
"Laboratoriyada analiz edildikdən sonra spirtli "Cek Deniels" içkisinin tərkibində benzoy turşusunun benzil efiri aşkarlanıb: o, allergik reaksiyalar yaradır, həmçinin mərkəzi və periferik sinir sisteminə təsir edir. Bu maddədən böcəklərin məhv edilməsi üçün geniş istifadə olunur", - idarədən bildiriblər.
Avqustun 4-də isə idarənin əməkdaşları Amerikanın Barton 1792 Distillery şirkətinin istehsalı olan Kentucky Gentleman burbonunda da təhlükəli maddə aşkar etmişdilər. Həmin maddələr - ftalatlar - mərkəzi və periferik sinir sistemində funksional dəyişikliklərə, həmçinin xərçəng xəstəliyinin, həm qadınlarda, həm də kişilərdə sonsuzluğun yaranmasına səbəb olur.