Dahilərdən biri deyib ki, səbr insana əvvəlcə zəhər kimi görünür, lakin buna öyrəşəndən sonra bal olur. Səbri olmayanlar yoxsul insanlardır. Səbr ümidin təməli, ümid isə xoşbəxtliyin açarıdır.
Dövrün xronikiləşmiş xəstəliyi olan səbrsizlik xəstəliyinin üzərimizdə nə qədər çox təsirli olduğunu hər gün hiss edirik. Əslində səbrsizlik xəstəlikdən çox tez-tez müşahidə edilən simptomdur. Səbrsizlik şəkər xəstəliyi, depressiya və s. bu kimi nevroloji və psixi xəstəliklərin əlaməti ola bilər. Bu səbəblə də səbrsizliyi müalicə etmək üçün əsl səbəb aradan qaldırılmalıdır.
Səbrsizlik ruhun xəstəliyidir. Tələskənliyə gətirib çıxarır və yaxşı düşünülməmiş qərarlar verilməsinə səbəb ola bilər. Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, səbrsizlik fiziki şərtlərdən, sinir sisteminin quruluşundan, hətta istehlak edilən yemək və içkilərlə də əlaqəli ola bilər. Səbrsizliyin müalicəsində bir homeopatik dərmanlardan yalnız həkim məsləhəti ilə istifadə etmək olar.
Amerikada aparılan araşdırmalar zamanı məlum olub ki, səbrsiz gənclər yetkin yaşlarında təzyiq xəstəliyindən əziyyət çəkirlər. Səbrsiz insanların daxilində düşmənçilik, rəqabət, təcavüzkarlıq və gərginlik hissləri daha güclü olur.
Mütəxəssislər onu da müəyyən ediblər ki, insanların ən çox səbrsiz olduğu və ən çox əsəb keçirdiyi yollarda olan tıxaclardır. Həmsöhbətimizə görə, səbrsiz insanlar əslində, həyatda ən çox özlərinə güvənən və bunun yanında başqalarının onlar üçün bir şey etməsinə imkan yaratmayan, bütün dünyanı, öz dünyalarını öz idarələrində saxlamağa can atan insanlardır. "Belələri kiminsə onlar üçün nəsə edəcəyini oturub gözləmirlər. Buna səbrləri çatmır. Elə düşünürlər ki, kimsə onlar üçün heç nə edə bilməz, hər şeyi özləri etməlidirlər. Onlar özlərinin digərlərindən daha fərqli, ağıllı olduğunu düşünürlər. Zamanın qiymətli olduğunu və zamandan ən gözəl özlərinin istifadə etdiklərini düşünürlər. "Mən heç nə etməsəm, başqaları da etməz, mən düşünməsəm, kimsə düşünməz" fikri ilə yaşayan səbrsiz insanlar özləri üçün yaşamağı unudanlardır. Onlar reallıqları görə bilməyən insanlardır".
Səbrsiz insanlara elə gəlir ki, zaman qaçır və hər şey tez həll olunmalıdır. Bu insanlar riskli olduqları üçün həyatda çox şeyə nail olsalar da, çox zaman səbrsizliklərindən dolayı itirirlər də.
Qeyd etdiyimiz kimi, bu, psixoloji vəziyyət olsa da, bu halın altında müxtəlif ağır səbəblər ola bilər. Səbrsizlik müxtəlif xəstəliklərin əməti olaraq da ortaya çıxa bilər.
Səbrsizlik çox zaman depressiya ilə yanaşı müşahidə edilir. "Səs-küyə qarşı səbrsizlik, tıxacda səbrsizlik, işlərin çətinə düşməsi zamanı yaranan səbrsizlik, vəd edilənin gec yerinə yetirilməsi zamanı müşahidə edilən səbrsizlik xəstəlik əlaməti deyil. Lakin normal yaşantısı olan bir insanın səbrsiz, əsəbi və aqressiv olması xəstəlik əlaməti ola bilər. Bu, ən çox ortayaşlı və yaşlı insanlarda özünü büruzə verir. Durduğu yerdə qışqırma, anormal hərəkətlər, gözyaşları, əsəb və s. bu kimi davranışlarla yanaşı müşahidə edilən səbrsizlik xəstəlik əlaməti ola bilər".
ABŞ alimlərinin araşdırmalarına görə, insanlar ən çox xərçəng xəstəliyinə yeni tutulan zaman səbrsiz olmağa başlayırlar. Bu, xəstəliyin hələ təsbit edilmədiyi dövrə təsadüf edir. Hüceyrələrin nizamı pozulan zaman bu, əsəblərə də təsir edir və xəstəliyə yoluxmağa başlayan insan səbrsizlik nümayiş etdirir.
Müsahibimiz bildirir ki, "fast food" yeməklər də səbrsizliyə səbəb ola bilər. "Ümumiyyətlə, insan orqanizmi vəhdət təşkil edir. Bir orqanda problem yarananda bu, digərlərinə də öz təsirini göstərir. Əgər siz bir hamburqer yedikdən sonra əsəbləşmisinizsə, demək, o qəbul etdiyiniz qida sizin mədənizə zərər verib ki, bu da sizdə əsəb yaradıb".
Elm adamları səbrsizliyin müalicəsi üçün müxtəlif qidalar təklif edirlər. ABŞ alimləri hesab edirlər ki, səbrsiz insanlar gün ərzində bal, polen, arı südü, kombu çayı, lavanda, melisa, adaçayı, gül çayından və yağlarından istifadə etsələr, bir qədər təsir edə bilər.
Mütəxəssislər hesab edirlər ki, bu otların yağları səbrsizliyin aradan qaldırılmasında güclü vasitələrdir. Bu otların yağları duş alma zamanı istifadə edilə bilər.
Unutmamaq lazımdır ki, vaxt bütün qapıları səbrli insanların üzünə açır. Tələsmək, səbrsizlik isə heç kəsə xeyir verməyib.