Qadin.NET / Müalicəsi olmayan bəla

Müalicəsi olmayan bəla

 

Vitiliqo əsmər insanlarda il boyunca daha asan görünür

El dili ilə desək, "ala xəstəliyi"ndən əziyyət çəkən kifayət qədər insan var ki, müalicə olunmaq üçün ölkə-ölkə gəzməkdən belə çəkinmir. Tibbdə vitiliqo" adı ilə tanınan, insan bədəninin müxtəlif hissələrində ağ ləkələr əmələ gətirən bu xəstəlik hələ ki, dünya ölkələri arasında nadir xəstəlik kimi qiymətləndirilir. Amma görüntü etibarilə vitiliqo Azərbaycanda nadir xəstəlik hesab olunmur. Çünki əziyyət çəkən insan çoxdur və təəssüf ki, kütlənin əksəriyyətini də cavanlar təşkil edir.
Xəstəlik insan bədənində sadəcə ləkələr buraxmaqla kifayətlənmir. Daxili orqanların fəaliyyətinə təsir etməsə də, psixoloji olaraq insanı tamamən çökdürməyə qadirdir. Xüsusən gənclər üçün xəstəlik qorxulu yuxudur.
32 yaşlı Gülşən Cabbarova 28 yaşından bu xəstəlikdən əziyyət çəkir. Dediyinə görə, belə yaşamaq olduqca çətindir. Üstəlik, doğmalarının belə qorxaraq əl uzatmaması onu çox incidir: "27 yaşımda ailə həyatım uğursuzluqdan dağıldı. 1 il sonra "ala xəstəliyi"nin ilk əlamətləri üzə çıxdı. Bəzən sevinirəm ki, nə yaxşı, boşandıqdan sonra bu xəstəliyə düçar oldum, yoxsa xəstəlik səbəbindən evliliyimin dağıldığını düşünərdim. Belə yaşamaq, əlbəttə, çətindir. Əlindən heç nə alıb yemirlər, sənin toxunduğuna toxunmaq istəmirlər, toya, yasa gedəndə səninlə uzaqdan salamlaşırlar. Özümü vərəm xəstəsi kimi hiss edirəm. Deyilənə görə, müalicəsi yoxdur. Ümidsiz və çarəsiz yaşayıram".
Nəinki Azərbaycanda, dünyada bu xəstəlikdən əziyyət çəkən kifayət qədər insan var. Üstəlik, xəstəlik insanın təbəqəsinə və hansı səviyyədə olmasına da baxmır. Amerikalı model Çantelle Braun Yanqın son aylar vitiliqolu dərisi ilə modellik etməsi dünyanın diqqətini bir daha bu məsələ üzərinə yönəltdi. Xəstəlik sahibləri cəmiyyətdən, insanlardan, sosiallaşmaqdan qaçır və insanlar belə xəstələrlə ünsiyyəti kəsir. Əslində ləkədən başqa heç bir ziyanı olmayan xəstəliyə düçar olanlar xəstəlikdən deyil, psixoloji çöküntüdən depresiyaya girir. İntihar edən, yaxınlarından imtina edib tək yaşayan insanlar üçün isə həyat bitmiş olur. Vitiliqonun müalicəsi varmi? Qorunmaq mümkündürmü və keçicidirmi? Bu suallar hər kəsi maraqlandırsa da dəqiq olan bir məqam var. O da tibbdə hələ ki, dəqiq müalicənin olmaması və insandan insana təmasla keçməməsidir.
Dermatoloq Ülviyyə İsmayılovanın sözlərinə görə, "ala xəstəliyi" dünyadakı qəribə 6 xəstəlik sırasında ilkdə qərarlaşır. Ümumiyyətlə, xəstəlik nədən yaranır, nə üçün heç bir müalicə metoduna müsbət cavab vermir, hələ ki, bəlli deyil. Xəstəliyə tutulan insanların eyni bir ortaq özəllikləri belə olmur ki, nəyəsə əsaslanıb vitiliqonun məhz bu səbəbdən yarandığını təxmin etmək olsun: "Vitiliqo, pigment itkisi ilə əlaqədar dəridə ağ, yamaq tərzində ləkələrlə özünü büruzə verən bir dəri xəstəliyidir. Bədənin hər hansı bir hissəsində özünü göstərə bilər. Ən çox vitiliqonun yayıldığı sahələr üz, dodaqlar, əllər, qollar, ayaqlar və genital bölgələrdir. Yüz adamın 1-2-də bu xəstəlik olur. Xəstəlik, ümumiyyətlə 20 yaşdan əvvəl başlayır. Vitiliqolu xəstələrin çoxunun ümumi sağlamlıq vəziyyəti yaxşıdır. Bu gün gənclərimizin əksəriyyətinə bu diaqnozu qoymaqdan qorxuruq. İlk reaksiya elə olur ki, sanki onlara 3 gün ömrünüz qalıb demişik. Düzdür, cavan nəsilə sən ömür boyu ləkəli olacaqsan deyib onun bu xəbəri müsbət qarşılamasını gözləmirik. Amma ətraf münasibət o qədər dəhşətlidir ki, gənc ona xərçəng diaqnozunun qoyulmasına razı olar, amma vitiliqo olduğunu qəbul etmək istəməz".
Müsahibimiz bildirir ki, xəstəliyin yayılması və şiddəti hər insanda bir cür olur. Açıq dərili insanlarda, vitiliqolu sahələr ilə normal dəri arasındakı rəng fərqini ya birbaşa, ya da qaralmadan sonra hiss edilir. Əsmər insanlarda vitiliqo il boyunca daha asan görünür. Nə qədər pigment itkisi olacağını əvvəldən bilmək çətindir. Tipik vitiliqo, süd ağı rəngdə özünü göstərir. Vitiliqo sahəsində pigment kölgələri və ya sahənin ətrafında tünd rəngli halqa ola bilər. Vitiliqo, ümumiyyətlə sürətli pigment itkisiylə başlayır. Pigment itkisi dövrünü daha sonra, pigmentin dəyişmədiyi dövrlər əvəz edir. Bu period sonsuza qədər davam edə bilər.
Dermatoloq deyir ki, xəstəliyə düçar olanlar heç bir halda özündən utanmamalı, əksinə, tez bir zamanda qəbul edib, ətrafdakılara da qəbul etdirməlidirlər. Yalan vədlərə inanıb dərini zədələmək isə ümumiyyətlə, məsləhətli deyil: "Təəssüflə bildirirəm ki, vitiliqonun müalicəsi yoxdur. Azərbaycanda bir sıra dermatoloqlar var ki, onlar vitiliqonu müalicə etdiklərini iddia edirlər. Nəzərə almaq lazımdır ki, xəstəlikdən dünya əziyyət çəkir və hər hansı bir müalicə metodu olsaydı, bunu daha erkən tapıb müalicəyə başlayardılar. Dəri rəngini eyni tonlaşdıran kremlərdən istifadə edib ləkələri bağlamaq mümkündür, amma tamamilə müalicə hələ mümkün deyil. Vitiliqo insandan-insana heç bir yolla keçmir. Buna görə də, belə xəstələrə qarşı münasibətdə daha mülayim və diqqətli olmaq onların yükünü yüngülləşdirəcək". 

Mənbə: Milli.Az

 

24 avqust 2014
GO BACK