Hardasan ay Cəbiş müəllim?!
Hüseyn Hüseynov gənc müəllimdir. Bakı məktəblərindən birində fiziki tərbiyə dərsi keçir. Maaşı az olduğundan ailə həyatı qura bilmir. Çünki 26 yaşlı gənc ayda 150 manat alır və tək yaşasa, bu, heç kommunal xərclərini belə ödəmir. Yəni valideynlərinin hesabına yaşayır. Onun sözlərinə görə, bu fənn elədir ki, repetitorluq da alınmır, yəni heç cür gəlirini artıra bilmir. Belə getsə, gec-tez müəllimlikdən əl çəkəcəyini deyir. ANS PRESS-in araşdırmasına görə, Azərbaycanda bu cür problemlərlə qarşılaşan təkcə Hüseyn Hüseynov deyil, ölkədə yüzlərlə belə kişi müəllim var. Bu, məktəblərdə kişi müəllimlərin sayının getdikcə azalmasına səbəb olur. Son məlumatlara görə, Azərbaycanda hər 4 müəllimdən 3-ü qadındır. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, ölkədə 163 min müəllim var ki, bunların 38 mini kişi, 124 mini qadındır.Ekspertlərin fikrincə, bu isə böyüməkdə olan nəslin tərbiyəsində bir sıra fəsadlar yaradır. Psixoloq Vəfa Əkbərin sözlərinə görə, bu ilk öncə uşaqların seksual tərbiyəsinə təsir göstərir. “Müəyyən dərslər kişi müəllimlər tərəfindən tədris olunduqda uşaqda obraz yaranır. Bu obraz onun üçün ideal kişi obrazıdır. Uşaq yalnız qadın müəllimlərdən dərs aldiqda cəmiyyətdə ictimailəşməsi pozula bilər. Bu problem tək valideynli ailələrə daha güclü təsir edir. Gündə 6 saat dərs 5 günə 30 saat edər ki, bunun da heç olmasa 10 saatını kişi müəllim tədris etməlidir”, - deyə Vəfa Əkbər vurğulayır.Bu məsələyə inkişaf etmiş ölkələrdə xüsusilə diqqət yetirirlər. Təhsil üzrə ekspert Etibar Əliyev qeyd edir ki, Yaponiyada uşaq bağçalarında belə çox sayda kişi müəllimlər var: “Bu düşünülmüş addımdır. Artıq bağça dövründən oğlan uşaqları kişi kimi böyüyür. Lakin Azərbaycanda məktəbəqədər təhsil ixtisasında oxuyan tələbə oğlan yoxdur”. Amma vəziyyətdən çıxış yolu var və Təhsil Nazirliyi bu istiqamətdə artıq bir neçə addım atıb. Belə ki, yüksək balla ali məktəbin müəllimlik ixtisaslarına daxil olmuş tələbələrə əlavə 100 manat veriləcəyi qərara alınıb. Hazırda oğlan abituriyentlər müəllimlik ixtisaslarını seçməkdən imtina edirlər və ya sıralamada ən aşağı yerdə yazırlar. Nazirliyin yeniliyi nəticəsində oğlanların müəllim ixtisalarına meyl edəcəyi düşünülür. Həmçinin Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirovun ANS PRESS-ə bildirib ki, kənd məktəblərində işləyən müəllimlər üçün müəyyən güzəştlər ediləcək. “Yeni qəbul olunmuş qərara əsasən, pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə əlavə pul ödənəcək. Bu çərçivədə 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 manat məbləğində kompensasiya veriləcək. Yerli icra hakimiyyəti orqanları tərəfindən onların daimi məskunlaşması üçün torpaq sahələri ayrılacaq. Həm də 3 il müddətində aylıq əməkhaqqına ayda 100 manat məbləğində əlavə ödəniləcək”, - deyən Təhsil Nazirliyinin əməkdaşı vurğulayıb.
Mənbə: ANS PRESS
23 avqust 2014
GO BACK