Bunu APA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının kodeksində və “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanunda körpə qidaları və onun satışı ilə bağlı çoxsaylı incə məqamlar göstərilir: “Məsələn, körpə qidalarının reklamında heç vaxt sağlam uşaq şəklindən, heyvan şəklindən istifadə oluna bilməz. Rezin əmzik isə heç yerdə göstərilə bilməz. Çünki beynəlxalq kodeksə görə, hətta körpə qidası körpəyə verildikdə o rezin əmziklə yox qaşıqla verilməldir”.
E.Hüseynovun sözlərinə görə, qanunda və beynəlxalq kodeksdə göstərilir ki, pediatrların körpə qidaları üzrə distributorlarla heç bir əlaqəsi olmamalıdır: “Distributorlar yalnız pediatrları yeni elmi texniki nəticələr barədə maarifləndirməli və onlara məlumat verməlidirlər. Onların həkimlərə sponsorluq etməsi, konfranslara göndərməsi qadağandır. Körpə qidaları satan distributorların pediatrlarla çox sıx əməkdaşlıq etməsi dəhşətli haldır. Bizdə olan məlumatlara görə, analar doğum evində olan zaman onlara pulsuz körpə qidaları verilir və oradaca körpələr süni qidalara alışdırılır. Doğum evlərinin müdirlərinin birbaşa körpə qidalarının satışı üzrə distributorla əlaqəsi var. Belə ki, analar özəl və dövlət doğum evlərindən çıxdıqdan sonra onlara təcili olaraq zəng gəlir ki, hansı körpə qidası uşağa verilməlidir. Hətta evə də gətirilir, hədiyyə də edilir. Buna görə də Azərbaycan ümumdünya göstəricilərində ana südü ilə qidalanmada həddindən artıq geri qalır”.
Ekspert bildirib ki, körpə qidası həssas bir məhsul olduğundan analar onun hazırlanmasını və istifadə qaydasını aydın bilməlidir: “Təəssüf ki, bu gün körpə qidalarının 30 faizi milli dildə markalanmadan satılır və bəzilərinin üzərinə isə yapışqan etiketlər vurulur, o üsul da səmərəli deyil”.
E.Hüseynov qeyd edib ki, bu yaxınlarda bəzi uşaq qidalarının tərkibində Geni Dəyişdirilmiş Məhsullar (GMO) da aşkarlanıb: “Həmin qidalar Azərbaycanda da satışda var".
Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev isə APA-ya açıqlamasında bildirib ki, nazirliyin müşavirələrində, iclaslarında həmişə bu və buna bənzər bir çox məsələlər qaldırılır, xəbərdarlıqlar edilir: “Amma keyfiyyətsiz qidaları reklam edən həkimlərə qarşı hansısa cəzaların tətbiq olunmasından və ya buna görə həkimlərin işdən çıxarılması ilə bağlı məlumatım yoxdur”.
Baş pediatr qeyd edib ki, doğum evlərində uşaqlara süni qidalar vermək olmaz: “Ana südünün bu və ya digər problemi olduğu halda həkimlər bunu edə bilərlər. Bunun üçün tibbi göstəriş olmalıdır. Əgər həkimlər anaya süni qidaları təklif edirsə, o zaman onlar “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanunu pozmuş sayılırlar. Bu qanun körpələrin və erkən yaşlı uşaqların ana südü ilə qidalanmasının təbliği və müdafiəsinin başlıca istiqamətlərini, süni qida məhsullarının istehsalı, idxalı, reklamı və satışına nəzarətin təşkilati-hüquqi əsaslarını müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir”.
“Belə faktlar aşkarlanarsa, müvafiq icra orqanları, o cümlədən Səhiyyə Nazirliyi tədbirlər görməlidir”, deyən N.Quliyev vurğulayıb ki, ümumiyyətlə, qida şirkətləri ilə tibb işçilərinin birbaşa əlaqəsi olmamalıdır: “Süni qida lazım olduqda həkim resept yazmalıdır. Həmin reseptin əsasında da qidalar alınmalı və resept də alınan yerdə qalmalıdır”.