Qadin.NET / Dünyaya gələn körpənin qiyməti...

Dünyaya gələn körpənin qiyməti...

 

Hər bir qadın üçün ana olmaq və doğma körpəsini dünyaya gətirmək ən əlamətdar hadisələrdən biridir. Ailəyə sevinci bəxş edən bu önəmli hadisəyə ciddi yanaşmalı və ananın harada övlad dünyaya gətirəcəyi əvvəlcədən müəyyənləşdirilməlidir. Doğuş üçün xəstəxananın və təcrübəli həkimin seçilməsi ana və körpənin sağlamlığı üçün vacibdir. Bununla yanaşı bu prosesin maliyyə tərəfi də hər kəsi düşündürür.
Seçim böyük, qiymət baha
Həkim-ekspert Dilarə Seyidovanın Milli.Az-a bildirdiyinə görə, Azərbaycanda ana olmağın maliyyəti fərqli bölgələrə görə müxtəlif qiymətlərə başa gəlir. Hər nə qədər dövlətə aid doğum evlərində bu prosesin pulsuz olduğu dönə-dönə vurğulansa da, bu, yalnız sözdədir: “Əvvəllər ana olmağa hazırlaşan qadınlar yalnız dövlətə aid tibb müəssisələrinə üz tuturdularsa, artıq indi seçim imkanları çoxalıb. Hər kəs ailə büdcəsini nəzərə alaraq körpəsini harada dünyaya gətirəcəyinə əvvəlcədən qərar verir. Adı pulsuz, reallıqda isə pul müqabilində başa gələn dövlət tibb ocaqlarında doğum qiymətləri də heç də özəl klinikalardan geri qalmır”.
Araşdırma nəticəsində bir zamanlar ölkədə nüfuz qazanmış Biləcəri Dəmir Yol Xəstəxanasında qiymətlər digər dövlət doğum evlərinə nisbətən aşağı görünür. Burada ana olmaq istəyən qadınlara 400 manatdan başlayan qiymət təklif olunur. Ancaq hər zaman olduğu kimi bu məbləğ də son deyil. Doğuş həkiminin sizə söylədiyi qiymətin real olmadığının şahidi olacaqsınız. Doğuşun çətinliyindən (keysəriyyə əməliyyatı) asılı olaraq və xəstəxanada qalma günlərinin sayı artdıqca sizə pul üçün uzanan əllər də çoxalacaq. Bu məbləğ isə növbə dəyişdikcə artacaq. Qaldığınız 3 gün müddətində sizə qulluq edən tibb bacıları, sanitarlar, qapı gözətçisinin dilində “şirinlik” sözləri və əllərinizə həsrətlə dikilən gözlərin şahidi olacaqsınız. Xəstəxanaya gələn hər bir yaxınınız belə qarşılanacaq, sizi və körpəni görmək üçün əlini cibinə salmalı olacaq. Digər məsrəflər - dərman, uşağın pampersi və digər ləvazimatlar da hesablandıqda məbləğ 800 manatadək gəlib çıxacaq.
Mərkəzdə bahalıq, rayonlarda ucuzluq!
Şəhərin mərkəzinə doğru irəlilədikcə qiymətlərdə də artım müşahidə olunur. "20 yanvar" metro stansiyası yaxınlığında yerləşən Mirqasımov adın Respublika Xəstəxanasının doğum şöbəsində qiymətlər 600 manatdan başlayır. Burada soyğunçuluq olacağı elə doğuş həkimi ilə söhbətdən məlum olur: “500 manat mənə ödənəcək. Tibb bacısı və sanitarla isə özünüz razılaşarsınız”. Bir sözlə, prosesin çətinliyi nəzərə alınaraq məbləğin 800 manata qədər çatacağı istisna edilmir. Digər dövlət hesablı doğum evlərində isə vəziyyət belədir: Qara Qarayevdə yerləşən 7 saylı Doğum Evində normal doğuş 400, keysəriyyə əməliyyatı ilə 800 manatdır. Qalınacaq 3 gün müddətində tibb bacıları, baxıcılar və digər işçilərə 150 manata qədər pul xərclənir. Əzizbəyov adına doğum evində normal doğuş 450 manatdan başlayıb 850 manata qədər qalxa bilər. 
3 saylı Sabunçu Xəstəxanası mərkəzdən kənarda yerləşsə də, qiymət baxımından heç də geri qalmır. Normal şəraiti olmayan xəstəxanada doğum üçün ilk təklif olunan məbləğ 450-500 manatdır. Körpə dünyaya gəldikdən sonra və xəstəxananı tərk edənə kimi xərclənən məbləğ 800 manata çatır.
Bölgələrdə isə qiymətlər 150-250 manat arasında dəyişir. Rayonlar sırasında Bərdə, Yevlax, Ağcabədidə ana olmaq 150-200 manat, şimal rayonlarında - Balakən, Qax, Şəkidə 150 manat, cənub bölgəsində - Cəlilabad, Lənkəran və Lerikdə 120-180 manat təşkil edir. Bəzi kəndlərdə imkansızlıq səbəbindən evdə ana olmaq istəyənlər isə həkimə 50 manat ödəyir.
Özəl tariflər
Özəl klinikaların bir çoxunda ana olmağa hazırlaşanlara xidmət 3 paket şəklində təklif olunur. Bahalı olan ilk etapda doğuma qədər, doğum və körpə dünyaya gəldikdən 1 ay sonrayadək təklif edilən xidmət 1200-2300 manata başa gəlir. Ancaq keysəriyyə əməliyyatı zamanı bu məbləğ daha da artır. İkinci paketə 9 ayına az qalmış hamilə ananın müayinəsi və doğumu daxildir. Bunun qiyməti 1000-1400 manat arasıdır. Üçüncü paketdə ana yalnız doğum üçün klinikaya müraciət edir. Burada qiymət 850 manatdan başlayaraq doğuş prosesinin çətinliyinə görə 1600 manatadək arta bilər. Burada bəzi klinikalar körpəyə ilk 3 gün müddətində vurulmalı olan peyvəndi və oğlan uşaqlarının 1 ay müddətində sünnət edilməsi xidmətini də pulsuz təklif edirlər.
Ümumiyyətlə, 9 ay hamiləlik dövründə özəl klinikalarda aparılan müayinələrin xərcləri 780 manata yaxındır. Burada 5 dəfə həkim müayinəsi 150 manat, 3 dəfə ultrasəs müayinə 120 manat, 1 dəfə dördlü test 130 manat, 1 dəfə PCR (infeksiyalar) 120 manat, 2 dəfə digər analizlər 70 manat, 1 dəfə KTQ 30 manat və 9 ay müddətində istifadə olunan dərmanlar 90 manat təşklil edir. Qeyd edək ki, bu qiymətlər klinikalara görə dəyişə bilər.
Rekord qiymətlər
Bakıda ən bahalı doğuş xidməti Mərkəzi Klinik Xəstəxanasında təklif olunur. Belə ki, normal doğuş 1800-3000 manat arası dəyişir. Keysəriyyə əməliyyatının qiyməti isə 5000 manatdır.
Gömrük xəstəxanasında təbii yolla doğuş 1800 manat, keysəriyyə əməliyyatı isə 2200 manatdır. “Oksigen” klinikasında qiymət 1200 mantdan başlayıb doğuşun çətinliyinə görə 1500 manatadək qalxa bilər. “MediLux” klinikasında normal doğuş 1100 manat, əməliyyatla isə 1450 manatdır. "Modern" Hospitalda normal doğuş 1000 manat, əməliyyat zamanı isə 1650 manat təşkil edir. "Baku Medical Plaza"da 1000 manata təklif olunan normal doğuş, keysəriyyə əmaliyyatında 1600 manata başa gəlir.
Rəsmi mövqe
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Milli.Az-a açıqlamasında bildirib ki, özəl klinikalarda qiymətlərə nəzarət Səhiyyə Nazirliyinin tabeliyində deyil: “Özəl klinikalar sahibkara məxsus olduğu üçün müayinə, müalicə və digər xidmətlərin qiymətlərini də onlar müəyyən edir. Biz yalnız tövsiyə veririk ki, qiymətlər müəyyən edilərkən əhalinin maddi vəziyyəti nəzərə alınsın. Əgər bahadırsa, dövlət xəstəxanalarına müraciət etsinlər. Buradakı mütəxəssislər və xidmətlər heç də özəllərdən geri qalmır. Səhiyyə Nazirliyinin tabeliyində olan dövlət xəstəxanalarında müalicə və müayinə ilə yanaşı doğuş da pulsuzdur. Hər hansı xidmət qarşılığında xəstədən pul tələb olunarsa, nazirliyə müraciət edilə bilər. Səhiyyə Nazirliyi də müraciət əsasında müvafiq tədbirlər görməyə hazırdır. Ancaq təsərrüfat hesablı tibb ocaqlarında xidmət pulludur”.
Nəticə
Uşaqlar bizim gələcəyimizdir və sağlam nəslin məhz doğuş zamanı xəsarət almadan dünyaya gəlməsi ən vacib amillərdəndir. Valideyinlərin üzərinə düşən vəzifə isə doğuş öncəsi təcrübəli həkimə və doğru xəstəxanaya müraciət etməkdir. Önəmli olan ananın övladını harada dünyaya gətirməsi deyil, körpənin sağlam doğulmasıdır. Nə qədər maliyyə sıxıntısı olursa-olsun ananın və gələcəyimiz olan körpənin həyatı hər şeydən önəmlidir.

Zəhra.
Mənbə: Milli.Az

 

22 avqust 2014
GO BACK