Qadin.NET / Nazirlik azyaşlıları necə sınağa çəkir?

Nazirlik azyaşlıları necə sınağa çəkir?

 

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl 1-ci sinfə qəbulu üzrə keçirilən imtahanlardan razı qalanlar da var, narazılar da

Yeni dərs ilinin başlanmasına bir aydan da az vaxt qalıb. Ona görə də ötən həftə xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə verdikləri imtahanların nəticələri bəllidir. İmtahan iyulun 20-də olub. Qəbul təhsil nazirinin "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları" barədə əmrinə müvafiq olaraq keçirilib. Nəticələrdən kimi razı, kimi də narazıdır. 
6 yaşı bu ilin noyabrında tamam olacaq Səfərin atası Şəmsi Fətullayev (adlar şərtidir) deyir ki, qızı imtahandan kəsilib: "Ancaq bu o demək deyil ki, onun biliyi aşağı səviyyədədir. Sadəcə, imtahanda onun indiyə qədər öyrəndiyi şeyləri tərsinə çevirib soruşublar. Məsələn, oğlum bilir ki, onun vətəni Azərbaycandır. Ancaq imtahanda sual veriblər ki, "ölkən haradır?" və o da tərəddüdlü vəziyyətdə qalıb. Xırda məsələlərdir. Ancaq nəzərə alınmalıdır ki, qarşılarındakı 5 yaşlı uşaqdır. Çətin, məntiqi suallar vermək olmaz". 
Qeyd: "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən I sinfə qəbul həmin il sentyabrın 16 - dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.
İmtahandan narazı qalan təkcə Şəmsi Fətullayev deyil. Ötən il keçirilən imtahanın nəticələrindən də narazı valideynlər olub. Press.az saytında dərc olunan bir materialda deyilir ki, ötən il Nəsimi rayonunda yerləşən 42 saylı məktəbdə təşkil olunmuş komissiyanın imtahanında valideynlərlə komissiyanın üzvləri arasında narazılıq yaranıb. 1-ci sinfə qəbul imtahanında komissiya üzvləri yalnız bir suala cavab verməyən uşağı imtahandan keçirməyiblər. Daha sonra, uşağın valideyninin narazılığından sonra imtahan prosedurunu lentə alan kameraya yenidən baxılıb. Məlum olub ki, komissiyanın üzvləri uşağa 6 sual əvəzinə 7 sual veriblər. Valideynin narazılığından sonra kamera ilə çəkilmiş imtahanın gedişatına yenidən baxılıb. Bundan sonra komissiya səhvini düzəldib. 
Məktəbin qarşısındakı digər valideynlər isə komissiya ilə onların arasında bu cür narazılıqların tez-tez yaşanmasından, imtahanın nəticəsindən apellyasiya şikayətinin verilməsinin mümkünsüzlüyündən gileyləniblər. Bakı Təhsil İdarəsindən də təsdiqləyiblər ki, bu imtahanların nəticəsindən apellyasiya vermək mümkün deyil. 
Birinci sinifə vaxtından öncə qəbul olmaq üçün imtahan verən 5 yaşlı Oğuzun atası Rəşad Əliyev isə imtahanın gedişatı və nəticələrindən razı qalıb: "Qaydalara əsasən sentyabrın 15-dək 6 yaşı tamam olmayan xüsusi istedadlı uşaqlar birinci sinfə qəbul olmaq üçün müsabiqədə iştirak etməlidirlər. Oğuzun da 6 yaşı dekabrda tamam olacağına görə biz də müsabiqəyə müraciət etdik. Müraciətin müsbət tərəflərindən danışmaq istəyirəm. Yayın bu qızğın vaxtında heç yerdə növbəyə durmadan, hansısa məmurla danışmaq məcburiyyətində qalmadan oğlumun imtahanı üçün müraciət etdik. Bakı Təhsil İdarəsinin saytında elekton müraciət qaydası var (http://bakuedu.gov.az/). Həmin müraciət formasına uşağın 3X4-ə şəklini, doğum haqqında şəhadətnaməsinin surətini əlavə edib, ad, soyadını yazırsan. Biz də tələb edilənləri tamlıqla yerinə yetirdik və sənədləri göndərdik. Bir neçə saniyə ərzində qeydə alındı, vaxt təyin edildi. İmtahanın vaxtı və yeri ilə bağlı həmən bildiriş aldım". 
Təyin olunan gün və saatda oğlunu imtahana aparan Rəşad Əliyev deyir ki, imtahan prosesi də gözlədiyindən qat-qat yaxşı keçib: "Qeydiyyatdan keçdik və təyin olunmuş gündə getdik 42 nömrəli məktəbə. Əvvəlcədən vaxtlar bölüşdürüldüyündən gedən kimi içəri dəvət etdilər. Beş nəfərdən ibarət müsabiqə komissiyası təşkil edilmişdi. Uşaqla pedaqoji formada söhbət aparırdılar. Məsələn, ilk növbədə ailəsi haqqında məlumat aldılar. Tutaq ki, ailə üzvlərin neçə nəfərdən ibarətdir, atan kimdir, anan kimdir, neçə bacı-qardaşın var və s. Ondan sonra müxtəlif suallar verdilər. Rəngli kağızlardan Azərbaycanın bayrağını düzəltməyini istədilər. Baxdılar rəng ardıcıllığını düzgün verə bilirmi. "Vətənimiz haradır", "qonşularımız kimdir", - kimi suallar oldu. Hesablama əməliyyatları aparmasını istədilər. Geriyə sayma, həndəsi fiqurların adları soruşuldu. Uşaq əvvəlcədən məktəbəqədər hazırlıq kursuna getdiyinə görə verilən sualların əksəriyyətinin cavabını bilirdi. Demək olar ki, sualların hamısına cavab verdi". 
Rəşad Əliyev deyir ki, elə imtahan bitəndən sonra bildirildi ki, 2 gün sonra nəticələr bəlli olacaq: "İki gün sonra da elektron qaydada cavabı öyrəndik. bakuedu.gov.az - saytına daxil olub uşağın doğum haqqında şəhadətnaməsinin nömrəsini daxil edib cavabı aldıq. Məlum oldu ki, Oğuz imtahandan keçib. Deməyim odur ki, bütün proseslərin hamısı çox sadə və asan şəkildə təşkil edilmişdi. Bütün bu proseslərin elektron qaydada təşkil edilməsi müsbət haldır". 
Qeyd: Təhsil naziri Mikayıl Cabbarovun "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları barədə 17.07.2013 - cü il tarixli, 739 в„– - li əmrinə müvafiq olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva 224 nömrəli əmr imzalayıb. Əmrə əsasən, "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl 1-ci sinfə qəbulu Qaydaları"nı təmin etmək məqsədilə valideynlərin ərizələri iyulun 20-dən avqustun 20-dək qəbul ediləcək. Vətəndaşlar Təhsil İdarəsinə (Ünvan: X.Şuşinski, 17, tel: 441- 06 - 99) ərizə ilə yanaşı uşağın doğum haqqında şəhadətnaməsinin əslini və surətini, 3x4 sm ölçüdə 1 ədəd şəklini təqdim etməlidirlər. Ərizələrin qəbulu istirahət və bayram günləri istisna olmaqla hər gün saat 10:00-dan 17:00-dək davam edir. Bu ildən isə müraciəti elektron qaydada etmək də mümkün olub. 

Mənbə: Milli.Az

 

21 avqust 2014
GO BACK