Dünyanın ən güclü superkompüterlərindən biri hesab edilən Çinin Tianhe-1A superkompüterinin yaradıcıları ondan adi hesablamaların yerinə yetirilməsi ilə yanaşı, gələcəkdə şəhərlərin tikintisinin layihələndirmə işlərində istifadə etməyi planlaşdırırlar.
Tərtibatçıların məlumatına görə, Tianhe-1A planlaşdırma və layihələndirməni yerinə yetirə, eləcə də şəhərdə binaların tikintisini idarə edə bilər. Bundan başqa, modelləşdirmə vasitəsi ilə superkompüter binaların ucaldılması üçün lazım olan inşaat materiallarının sayını dəqiqliklə hesablayır.
Milli.Az İCTnevs-a istinadən bildirir ki,Tianhe-1A superkompüterindən şəhər metrosunun layihələndirilməsində istifadə istehsal xərclərini 10-20 faiz azaldacaq, - superkompüterin tətbiqi şöbəsinin rəisi deyib.
Müəlliflərin fikrincə, superkompüterin saniyədə 2507 trilyon əməliyyat hesablama gücünü nəzərə alaraq Tianhe-1A gələcəkdə şəhərlərin layihələndirməsinə, meteoroloji proqnoz, biotibbi və digər mürəkkəb avadanlıqların yaradılmasına böyük töhfə verə bilər.
Qeyd edək ki, Tianhe-1A 2010-cu ilin noyabrından 2011-ci ilin iyununadək dünyanın ən güclü elektron hesablama maşını reytinqində lider olub. Lakin Yaponiyanın Fujitsu şirkətinin istehsalı olan K computer superkompüteri istifadəyə verildikdən sonra ikinci yerə enib. Üç il əvvəl Tianhe-1A istismara verildikdən sonra onun köməyi ilə havanın proqnozlaşdırılması, iqlim dəyişikliklərinin monitorinqi və ətraf mühitdə müxtəlif proseslərin modelləşdirilməsində vacib nəticələr əldə olunub.
Mənbə: Milli.Az