Qadin.NET / Bulvarda yeniliklər

Bulvarda yeniliklər

 

Bulvarda yeniliklər

Gələcəkdə Bakı Bulvarı dünyanın ən böyük və gözəl Dənizkənarı Milli Parkı olacaq. “Bayraq meydanı” ərazisindəki bulvarın tikilib istifadəyə verilməsindən sonra hazırda “Ağ şəhər” istiqamətində bulvar ərazisi böyüdülür. Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun ANS PRESS-ə verdiyi məlumata görə, hazırda 6 km. uzunluqda olan Bakı bulvarının ümumi uzunluğu 15 km olacaq. Dəniz Vağzalından “Ağ şəhər” istiqamətində uzadılacaq milli parkda bir çox yeniliklər olacaq. Bundan əlavə, milli parkda xaricdən gətiriləcək müxtəlif ağac növləri əkiləcək. Yeraltı sanitar qovşaqlar yaradılacaq. Bulvarda müasir kafe və restoranlar xidmət göstərəcək.Bundan əlavə bulvar ərazisində yeni, müasir atraksionlar, dünyada məşhur olan müxtəlif əyləncə obyektləri quraşdırılacaq. İş icraçısının sözlərinə görə, “Ağ şəhər” ərazisindəki yeni bulvarda işlər 2015-ci ilə qədər başa çatacaq və istifadəyə veriləcək. Yeni milli parkda ilk öncə istirahətə gələn vətəndaşların rahatlığını təmin etmək üçün həmin ərazidə pulsuz avtomobil dayanacağı da olacaq.“Əgər gələcəkdə bulvarın ərazisi 15 kilometrə qədər uzadılarsa, o zaman Bakının Milli Parkı dünyanın ən uzun bulvarı olacaq. Hazırda istifadəyə verilən bulvar ərazisində gəzinti qatarları fəaliyyət göstərir. “Ağ şəhər” istiqamətində bulvar ərazisi istifadəyə veriləndən sonra əlavə yeni qatarlar da alınacaq”, - deyə Nazim Məcidov vurğulayıb.Bundan əlavə yeni Bulvarında çimərlik də yaradılacaq. Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Vüsal Babayevin ANS PRESS-ə verdiyi məlumata görə, rayonun perspektiv inkişaf planına əsasən, Pirallahı qəsəbəsində sahil xətti boyunca bir çox sahələrdə mövcud olan antisanitar vəziyyət aradan qaldırılıb.“Bu əraziləri abadlaşdırmaq və sakinlərin istirahətini təmin etmək məqsədilə yeni dənizkənarı bulvarın və çimərliyin salınması nəzərdə tutulub. Hazırda bu istiqamətdə müvafiq işlər görülməkdədir. Səməd Vurğun küçəsində yerləşən, sahəsi 5 hektar olan park 50 hektara qədər böyüdüləcək. Parkın dənizə baxan hissəsində artıq işlərə başlanılıb”, - deyə Vüsal Babayev bildirib.Vüsal Babayevin sözlərinə görə, Pirallahı qəsəbəsində müasir Texnopark da salınacaq. Həmin park ərazisində ekoloji baxımdan təmiz olan texnologiyaların inkişafına təkan verəcək müasir şirkətlər yaradılacaq. Bununla da, şəhərin gözəlliyinə bir başqa gözəllik qatılacaq. Bundan əlavə, burada çoxsaylı iş yerləri açılacaq.“Həmin ərazidə müasir Çörək zavodu tikiləcək. Artıq tikintilərə başlanılıb. Bundan başqa, məhəllədaxili ərazilər salınacaq. Həmin ərazilərdən dəniz adın müşahidə olunacaq”, - deyə Vüsal Babayev bildirib.

 

Mənbə: ANS PRESS

20 avqust 2014
GO BACK