Bu yay respublikanın ən iri şəhərlərindən olan və mərkəzi aran bölgəsində yerləşən Mingəçevir sakinlərinin əksəriyyəti əsasən ölkə daxilində istirahət etməyə üstünlük verirlər.
Milli.Az EL TV-yə istinadən bildirir ki, şəhər sakinləri arasında apardığımız sorğu zamanı onlar bunu respublikamızda istirahət etmək üçün hər cür şəraitin olması ilə əsaslandırdılar. Mingəçevir şəhər sakini Allahverdi Məmmədov deyir ki, istirahətinin bir hissəsini Qəbələdə keçirib, qalan vaxtını isə doğma şəhərində keçirir.
Mingəçevirdə Həmkarlar İttifaqı yolu ilə istirahətə gedənlər də var. Mingəçevir Səyahətlər və Ekskursiyalar Bürosunun direktoru Adışah İsayev deyir ki, şəhərdə Həmkarlar İttifaqına üzv olanları istirahət üçün 20-dən artıq marşrut üzrə respublikanın müxtəlif yerlərinə yollayırlar. Onun sözlərinə görə, təkcə bir həftə ərzində 60 nəfər bu qaydada istirahətə yola salınıb. Qeyd edək ki, Kür çayının sağ və sol sahilini əhatə edən Mingəçevir şəhəri də iqlimi və coğrafi mövqeyi ilə ilin bütün fəsillərində turizm üçün çox əlverişlidir. Təsadüfi deyil ki, buraya il ərzində 800 nəfərə yaxın əcnəbi turist gəlir.