Qadin.NET / Ebola Berlinə çatdı

Ebola Berlinə çatdı

 

Qərbi Afrikada baş qaldıran Ebola virusu təhlükəsi Almaniyaya da sıçrayıb.
Anspress-in məlumatına görə, ötən gün paytaxt Berlində virusa yoluxduğu şübhəsi ilə nigeriyalı qadın saxlanılıb. 
Qadının Nigeriyadan təzəlikcə gəldiyi bildirilir. Vəziyyətlə əlaqədar qadın dərhal xəstəxanaya yerləşdirilib və karantin nəzarətinə götürülüb. Qanda virusun simptomları aşkarlanıb. Eyni zamanda, qadının çalışdığı iş yerinin də fəaliyyəti dayandırılıb və əməkdaşların səhhəti nəzarətə götürülüb.
Ebola Belçikada da qısa müddət ərzində təlaşa səbəb olub. Məlumata görə, Ostend şəhərində 13 yaşlı əslən Qvineyadan olan uşaq virusun əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Lakin müayinədən sonra xəstənin malyariyadan əziyyət çəkdiyi məlum olub.
Dünya Səhiyyə Təşkilatı növbəti dəfə Ebola xəstəliyindən əziyyət çəkən insanlara humanitar yardım edilməsi üçün müraciət səsləndirib. Təşkilatın mətbuat katibi Fadela Çeyb qeyd edib ki, rəhbərlik BMT nümayəndələri və Dünya Ərzaq Proqramı ilə birgə hazırda karantin nəzarəti altında olan insanların qidalanma rejiminə nəzarət edir.
Virus ilk dəfə 2013-cü ilin dekabr ayında Qvineyada baş qaldırıb. Ölümcül virus əsasən Qvineya, Liberiya, Sierra-Leone və Nigeriyada geniş yayılıb. Dünya Səhiyyə Təşkilatı indiyə qədər bu virusdan 1200-dən çox insanın öldüyünü məruzə edib.
Liberiyada bir müddət əvvəl virusa yoluxan xəstələrin karantin mərkəzi hücuma məruz qalmış və xəstələr mərkəzi tərk etmişdilər. Hazırda qaçan xəstələr saxlanılsa da, onların digər insanlarla təmasda olması virusun daha da geniş yayılmasına səbəb ola bilər. Epidemiya təhlükəsi ilə əlaqədar ölkədə fövqəldadə vəziyyət elan olunub. 

Mənbə: Milli.Az

 

20 avqust 2014
GO BACK