Bu il Şəmkir rayonunda meyvə bağlarının və əkin sahələrinin məhsuldarlığı ürəkaçan olmayacaq. Buna səbəb təsərrüfatların normal su ilə təchiz olunmamasıdır.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, isti yay günlərində Şəmkirin Seyfəli, Abbaslı və Könüllü kəndlərində su problemi yaşanır. Sakinlər əkin sahələrini və meyvə bağlarını suvara bilmirlər. Bu səbəbdən də illərdir bar verən ağaclar məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb.
Nəsimi Məmmədov, sakin: “Su bizim kənddə ən böyük problemə çevrilib. Demək olar ki, 10 gün ərzində iki dəfə su verilir, o da gəlib çatmır. Hamının həyətyanı sahəsi var. Ağaclar yanıb quruyur. Bir ağaca qulluq edirsən, o da quruyub gedir”.
Zemfira Vəliyeva, sakin: “Üzümü yumağa da su tapmıram. İki-üç gündür ki, mənim yerimə gözdən pərdə asmaq üçün su veriblər. O da özüm gedib Şəmkirin başında durub gətirmişəm”.
Əsas gəlir mənbəyi əkinçilik olan yerli əhali çarəsiz duruma düşüb. İndi onlar quruyan arxlara su gələcəyi günü səbirsizliklə gözləyirlər.
Güldəstə Orucova, sakin: “İndiyədək vəziyyət yaxşı idi. Amma indi 30 illik ağaclar məhv olur. Biz isə kənd adamıyıq, əsas gəlirimiz əkinçilikdir. Artezianımız yoxdur. Məcburuq arxla suvaraq, o da su yoxdur”.
Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi Vaqif Məmmədov isə şifahi olaraq problemi Şəmkir çayında suyun səviyyəsinin minimum həddə enməsi ilə əlaqələndirir. Onun sözlərinə görə, təlabatı ödəmək üçün rayonda növbəli suvarma sisteminə keçilib. İdarə rəisi bu üsulla çatışmazlığın aradan qaldırılacağını deyib.