Artıq ali məktəbə daxil olan tələbələrin adları məlumdur. İndi onların bir problemi qalır – kirayə mənzil tapmaq. Tələbələrin sığınacaq tapmalarını problem adlandırmağımızın səbəbi isə qarşıdakı materialda məlum olacaq.
Təhsil müəssisələrində yeni tədris ilinin başlanmasına 1 ay qalıb. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncədə təhsil alan tələbələrin və onların valideynlərinin təhsil qayğılarına bir də kirayə ev tutmaq problemi əlavə olunub. İcarədarlar isə tələbələrə ev verməkdə o qədər də könüllü deyillər.
Nizami Novruzov, rieltor: “Hazırda çox çətindir, heç kim tələbələrə kirayə ev vermir. Verilən evlər də tutulub. Tələbələr evi səliqəsiz istifadə edirlər, bu kimi səbəblərə görə vermirlər. Qızlara verilir, amma oğlanlara verilmir. Müraciət edənlər çoxdur. Bu 10 gün ərzində lap çox müraciət olub. Hardasa 20-30 tələbə elə mənim özümdən xəbər gözləyir”.
Tələbələrlə bağlı kirayə bazarında hökm sürən bu problemi yoluna qoymağın bir yolu da kirayə haqqında müqavilənin bağlanmasıdır. Sözügedən sənəd kirayəçinin hüquqlarını qoruduğu halda icarədarlar bu üsuldan istifadə etmirlər. Tələbələr üçün kirayə mənzil qiymətləri isə stabildir.
Nizami Novruzov: “Mərkəzdə birotaqlı mənzil 250 manata, 2 otaqlı mənzil isə 300 manata kirayə verilir. Mərkəzdən kənar yerlərdə isə qiymət 150-200 manat arasında olur”.
Tələbələrin son ümidi təmir və bərpaya ehtiyacı olan tələbə yataqxanalarınadır. Hazırda ADAU-nun yataqxanasında 100 nəfər tələbə yerləşdirilib. Universitetin yeni inşa olunan və gələn ildən istifadəyə veriləcək yataqxanasında 614 tələbənin sığınacaq problemi həll olunacaq. Azərbaycan Texnologiya Universitetində isə yataqxanaya ehtiyacı olan 1500 tələbə gələn il universitetin 900 nəfərlik tələbə yataqxanasının təmir ediləcəyinə ümid edir. Gəncə Dövlət Universitetinin yataqxanasında isə hazırda 140 tələbə yerləşdirilib. Universitetin növbəti il təmir ediləcəyi gözlənilən 4 yataqxanasında 1000-dən çox tələbənin yerləşdirilməsi mümkün olacaq.