Qadin.NET / Aparatlar manatı niyə bəyənmir?

Aparatlar manatı niyə bəyənmir?

 

Dəfələrlə Milli.Az-a daxil olan şikayətlər göstərir ki, metroda gedişhaqqı yükləmək üçün olan aparatlar manatı qəbul etmir. Məcburiyyət qarşısında qalan sərnişinlər kağız pulu qəpiklərə çevirmək əziyyətinə qatlaşmalı olurlar.Elgün adlı sərnişinin üzləşdiyi problem də gedişhaqqı yükləməklə bağlı olsa da, bir qədər fərqlidir. O, gedişhaqqı yükləyərkən pulundan olub.
Elgün yazır ki, metropoliten əməkdaşından gülməli təklif alıb, əslində isə bu, ciddi nöqsandan xəbər verir: 
""Elmlər Akademiyası" stansiyasında gediş kartıma bir manatlıq kağız pul yükləyirdim. Sən demə, aparat məndən əvvəlki vətəndaşın 40 qəpiyini "oğurlamış", çekini isə verməmişdi. Haradan bilim, kartı qoyub, manatı daxil etdim. Ac qurd kimi içinə çəkdi. Ekranda "əməliyyatda səhv var" siqnalı göründü və çek çıxdı, amma pul çıxmadı. Çek isə mənim yüklədiyim deyil, əvvəlki vətəndaşın idi. Bunu da götürüb nəzarətçi xanıma yaxınlaşdım. O isə kartın nömrəsi ilə çeki tutuşdurdu, alınmadı. Harayasa zəng edib kartımın nömrəsini dedi, yoxladılar. Və təxminən 10 dəqiqə keçəndən sonra xanım gəlib nə desə, yaxşıdır? - "Alın bu çeki, filan küçədə filan idarə var, oraya yaxınlaşın, həll edəcəklər". "Bir manatdan ötrü əlavə iki manat da verib o ünvana gedəcəm? Sağ olun, demək ki, vətəndaşlara bu səviyyədə xidmət edirsiniz", - dedim, haraya lazımdır, şikayət edəcəyimi də bildirdim və uzaqlaşdım. Arxadan "A bala, qayıt, qayıt..." Sonrasını eşitmədim..."
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Milli.Az-a açıqlamasında bildirdi ki, gedişhaqqı yükləyərkən aparatlarda müəyyən problemlər yarana bilər. Onun sözlərinə görə, həmin aparatlar xeyli müddətdir alınıb:
“Texniki səhvlər olur. Çalışırıq, müdaxilə edək. Aparatla bağlı problemlər olanda köhnə kartlara yerindəcə baxmaq mümkün deyil. Bəzilərində isə mübahisəli məsələ yarananda, metronun "28 May" stansiyasında aparatla bağlı problemlərin həlli ilə məşğul olan mərkəz var, sərnişin oraya müraciət edir, şikayətə baxıb problemi həll edilir”.
Metropoliten rəsmisi əlavə etdi ki, gələcəkdə gedişhaqqı yükləməklə bağlı problem olmayacaq. Artıq yeni çoxfunksiyalı aparatların alınması planlaşdırılır. Yeni aparatlarda problemlər olmayacaq, kassirlə təmas minimum səviyyəyə enəcək.

Anar Məmmədov.
Mənbə:Mili.Az

 

18 avqust 2014
GO BACK