Qadin.NET / Qanun qarşısında bərabərlik

Qanun qarşısında bərabərlik

 

Qərb “hüquq müdafiəçisi” olmağın heç kimi məsuliyyətdən azad etmədiyini başa düşmürmü?
Leyla Yunus, əri Arif Yunus, İntiqam Əliyev və digər özlərini hüquq müdafiəçisi adlandıran şəxslərin həbsinin ardından bəzi Avropa strukturlarının təmsilçiləri tərəfindən müəyyən reaksiyalar nümayiş etdirilib. Onların təbirincə, guya bu həbslər Azərbaycanda insan hüquqlarının pozulmasına gətirib çıxarır.
Lakin məlum olduğu kimi, həbs olunmuş şəxslər barəsində konkret ittihamlar irəli sürülüb və hazırda hüquqi proses davam etdirilir. Məhkəmə prosesi isə hələ qarşıdadır. Bu mənada, Avropa strukturlarının təmsilçilərinin verdikləri bəyanatlar qabaqcadan məhkəmənin verəcəyi qərara təsir kimi dəyərləndirilə bilər.
Xüsusilə adları hallandırılan Leyla və Arif Yunuslar barədə xüsusi xidmət və prokurorluq orqanlarının birgə açıqlamasında yer almış faktlardan görünür ki, onlar milli və dövlət təhlükəsizliyinə zidd fəaliyyət göstərirmişlər. Açıqlamada göstərilir ki, Leyla və Arif Yunuslar Azərbaycan Respublikasının hələlik adları açıqlanmayan ayrı-ayrı vətəndaşlarını məxfi əməkdaşlığa cəlb edilmələri üçün Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələndirərək, Azərbaycan Respublikasına qarşı istifadə məqsədilə ictimai-siyasi, sənaye, energetika, hərbi texniki təchizat sahələrində mövcud vəziyyət barədə məlumatlar toplanılması, işğal altındakı torpaqlarımızın azad edilməsi müqabilində Dağlıq Qarabağdakı qondarma rejimin müstəqilliyinin tanınmasının zəruriliyinin təbliğ edilməsi barədə onlara konkret tapşırıqlar verilməsi ilə üzərinə düşən vəzifəni başa çatdırıblar. Bunun nəticəsində Rauf Mirqədirov tərəfindən hərbi hissələrin, aerodrom və sair strateji əhəmiyyətli dövlət obyektlərinin yerlərinin dəqiqliklə təsvir olunduğu sxemin fotoşəkillər ilə birlikdə düşmən ölkənin kəşfiyyat orqanlarının nümayəndələrinə ötürülməsinə nail olublar.
Bu cür fəaliyyətlə məşğul olan istənilən şəxsin həbs olunması qaçılmazdır. Çünki işğala məruz qalmış bir ölkənin vətəndaşlarının işğalçı ölkənin xüsusi xidmət orqanları ilə dolayı və ya birbaşa əməkdaşlığı heç cür qəbulolunan deyildir. Bu, istər Azərbaycanda, istərsə də Avropada olsun, dövlətə, xalqa xəyanət kimi dəyərləndirilir. Bu mənada, konkret cinayət əməli ortada ola-ola Avropa strukturlarının təmsilçilərinin "hüquq müdafiəçiləri"nə qahmar çıxmaları hansı səbəblərlə bağlı ola bilər?
Məlumdur ki, bir sıra Qərb ölkələri, Qərb strukturları Azərbaycanı işğalçı Ermənistanla münasibətləri bərpa etməyə, faktiki olaraq isə işğalla barışmağa sövq etməyə çalışırlar. Bədnam "xalq diplomatiyası" planının da məhz bu kontekstdə ortaya atıldığı hər kəsə məlumdur. Lakin çox təəssüf ki, Azərbaycanda da bu məkrli planın baş tutmasına xidmət edən "beşinci kolon" mövcuddur. Belələrinin başında Leyla və Arif Yunusların durduğu sirr deyil. Bu insanlar "hüquq müdafiəçisi" adı altında uzun illərdən bəridir ki, Azərbaycan dövləti, xalqı əleyhinə kampaniya ilə məşğuldurlar. Bu kampaniya çərçivəsində onlar həm Ermənistan, həm də bəzi Qərb dairələri ilə birgə fəaliyyət göstərirlər. Məhz bu məqam onlar həbs olunar-olunmaz verilən bəyanatlarda özünü göstərməkdədir.
Sirr deyil ki, Leyla Yunus, Arif Yunus, İntiqam Əliyev və bir sıra digərlərinin rəhbərlik etdikləri QHT-lər Qərb xüsusi xidmət orqanları tərəfindən idarə olunan beynəlxalq fondlar tərəfindən mütəmadi olaraq maliyyələşdirilir. Bir çox hallarda isə həmin fondlar tərəfindən idarə olunan yerli QHT-lər ölkədə qanunsuz fəaliyyətə sövq edilir. Məlum olduğu kimi, bu cür fəaliyyət tək Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində reallaşdırılır. Xüsusilə "rəngli inqilablar"ın baş verdiyi ölkələrdə bunun konkret fəsadlarını görmək mümkündür. Bu mənada, "beşinci kolon"un fəaliyyəti daim müvafiq strukturların nəzarəti altında saxlanılmalıdır. Əks halda, dövlətin milli təhlükəsizliyi ciddi təhlükə ilə üzləşə bilər.
Hər bir ölkədə demokratik inkişafın başlıca tələblərindən biri qanunun aliliyinin, sosial statusundan və fəaliyyət sahəsindən asılı olmayaraq, bütün vətəndaşların cəmiyyət və qanunlar qarşısındakı bərabər məsuliyyətinin təmin edilməsindən ibarətdir. Bu baxımdan, demokratik bir dövlət olan Azərbaycanda Leyla Yunus və onun kimi antiAzərbayan fəaliyyəti ilə məşğul olaraq konkret cinayətdə şübhəli bilinənlərin həbsinə Avropa strukturları tərəfindən nümayiş etdirilən "operativ" reaksiyalar həqiqətən də təəccüb doğurur.
Qeyd etmək lazımdır ki, Avropa strukturları təmsilçilərinin bəyanatlarına Azərbaycan rəsmiləri tərəfindən də tutarlı və yerində cavablar verilməkdədir. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bir müddət əvvəl Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton və qurumun genişlənmə üzrə komissarı Ştefan Fülenin bəyanatlarına cavab olaraq Azərbaycanda hər kəsin qanun qarşısında bərabər olduğunu bildirib: "Avropa İttifaqına və Avropa Şurasına üzv dövlətlərdə olduğu kimi, Azərbaycanda da hər bir şəxs, o cümlədən qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri ölkə qanunlarına hörmətlə yanaşmağa, onun tələblərinə riayət etməyə borcludurlar”.
Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə hüquqi proses bitməmiş mövcud həbslərlə bağlı tələsik bəyanatlar verən Avropa strukturlarını, o cümlədən yerli və beynəlxalq QHT-ləri hüquq sisteminə hörmətlə yanaşmağa çağırıb: "Milli və beynəlxalq QHT-lər, o cümlədən beynəlxalq təşkilatlar milli məhkəmə-hüquq sisteminin qərarlarına hörmətlə yanaşmalıdırlar. Biz hüquqi və cinayət təqibi problemlərinin hüquqi mexanizmlər ilə həll olunmasının vacibliyini qəbul etməliyik, bu cür məsələləri uzun-uzadı siyasi diskussiyalara çevirmək lazım deyil”.
Komitə sədri həbs olunmuş "hüquq müdafiəçi"lərinin ölkədə qanuna zidd fəaliyyətlə məşğul olduqlarını, onları bu fəaliyyətə sövq edən xarici qüvvələrin olduğunu da dilə gətirib. Həmçinin Ə.Hüseynli həbs olunmuş QHT təmsilçilərinin hüquq müdafiəsi sahəsində də qeyri-peşəkar olduğunu vurğulayıb: “O təşkilatlar ki, qeyri-şəffaf yollarla onlara qrantlar ayırıb, müxtəlif növlü, o cümlədən Azərbaycan əleyhinə fəaliyyətə yönəldiblər. Bəziləri xəyanətkar, bəziləri isə zəif iradəli olan belələri nəhayət ki, qanun qarşısında cavab verəcəklər. Onlar necə hüquq müdafiəçiləridirlər ki, heç özlərini müdafiə edə bilmirlər?"
Göründüyü kimi, Avropa və Qərbin bəzi dairələri özlərinin formalaşdırdıqları "beşinci kolon"un ifşasından ciddi narahatlıq keçirir. Həmçinin bu proseslər Qərbin ermənipərəst dairələrində də dərin narahatlıq doğurub. Azərbaycan dövlətinin, iqtidarının iradəsi isə ortadadır: İstənilən şəxs və ya təşkilatın Azərbaycanın qanunlarına, ən əsası isə, milli və dövlət maraqlarına zidd fəaliyyətinə imkan verilməyəcək. Əgər belə bir hal aşkarlanarsa, kimliyindən asılı olmayaraq, hər kəs ciddi şəkildə cəzalandırılacaq.
Mənbə: Milli.Az

 

17 avqust 2014
GO BACK