Qadin.NET / Sarkisyanda şizofreniya əlamətləri

Sarkisyanda şizofreniya əlamətləri

 

Politoloqlar hesab edirlər ki, Ermənistan prezidentinin son açıqlamaları onun hakimiyyətinin son akkordları vurduğunu göstərir
Avqustun 10-da Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşündən sonra Serj Sarkisyanın qarşılıqlı razılaşmanı pozaraq prezidentlər arasında keçirilən qapalı görüşdəki bəzi məsələləri ictimaiyyətə açıqlaması tərəflər arasında sülh yaratmaqdan daha çox ocağın üzərinə benzin tökməyə bənzədi.
Azərbaycanın mövqeyi
Qeyd edək ki, görüş Dağlıq Qarabağ ətrafında gedən döyüşlərdən sonra baş tutdu. Görüşdən sonrakı ilk gün tərəflər arasındakı danışıqlarla bağlı yalnız formal məqamlar mediaya açıqlansa da, sonradan Ermənistan prezidentinin bəyanatları, açıqladığı detallar Serj Sarkisyanın iç üzünü ortaya qoydu. Baxmayaraq ki, görüşdən sonra Rusiya prezidenti Putin Azərbaycan prezidenti İlham Əliyevin bu problemin sülh yolu ilə həll edilməsini söylədiyini deyib. Azərbaycan prezidenti İlham Əliyev də bu münaqişənin çox uzandığını və Vladimir Putinin iştirakı ilə danışıqlar prosesinə yeni təkan veriləcəyinə inandığını dilə gətirib: “Rusiya prezidentinin dediyi kimi, münaqişənin həll edilməsi üçün hüquqi bazaya əsaslanan format mövcuddur. BMT Təhlükəsizlik Şurası bu münaqişənin həll edilməsi üçün 4 qətnamə qəbul edib. Orada dəqiq yazılıb ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal etdiyi torpaqlarından çıxarılmalıdır. Təəssüflər ki, olsun ki, artıq 20 il keçib, bu qətnamələr kağız üzərində qalıb. Hesab edirəm ki, Rusiya yaxın dost, tərəfdaş və qonşu kimi münaqişənin həll edilməsində mühüm rol oynaya bilər. Əminəm ki, yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll ediləcək. Biz danışıqların müsbət nəticəyə gəlinməsi üçün beynəlxalq hüquq normalarına əsaslanmalıyıq”.
Sarkisyan öz hakimiyyətinin hayındadır
Amma İlham Əliyevin sülhməramlı çıxışından sonra Serj Sarkisyanın daxili auditoriyanı sakitləşdirməyə yönəlmiş alov püskürən çıxışı onun heç də Dağlıq Qarabağ probleminin həlli üçün bir addım belə atmaq istəmədiyindən, yalnız öz hakimiyyətinin hayına qaldığından xəbər verir.
Serk Sarkisyanın öz ölkəsində yerli ictimaiyyətə qapalı görüşdən subyektiv mülahizə və maraqlarına uyğun açıqlamalar verməsinin ardından Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov AzərTAc-a müsahibəsində daha bir neçə detalı ictimailəşdirdi və Sarkisyanı danışıqların detallarının gizli saxlanılması ilə bağlı razılaşmanı pozmaqda suçladı:
“Təəssüf edirik ki, S.Sarkisyan artıq neçənci dəfədir ki, qarşılıqlı razılaşmanı pozaraq prezidentlər arasında keçirilən qapalı görüşdə müzakirə olunan məsələlərin bəzi detallarını açıqlayır. Ən acınacaqlı hal isə odur ki, o, tərəflərin həmin görüşdə qaldırdığı məsələləri, ortaya qoyduğu mövqeni təhrif edir, öz subyektiv mülahizələri və Ermənistanın maraqlarına uyğunlaşdıraraq saxtalaşdırır. Əlbəttə, ölkə rəhbəri və prezident olaraq belə şeylər ona qətiyyən başucalığı və şöhrət gətirmir. Bu faktlar açıqlanmalı olsaydı, görüşdən sonra prezidentlər mətbuat konfransı keçirər və bütün məsələləri üz-üzə şərh edərdilər. Görüş bitəndən sonra öz ölkəsinə qayıdaraq, müzakirə edilən məsələləri yenidən öz subyektiv mülahizə və maraqlarını əlavə etməklə, təhrif olunmuş formada yerli ictimaiyyətə çatdırmağı və “yalançı qəhrəman”a çevrilməyi isə yalnız Sarkisyan kimilər edə bilər. Bir daha təəssüf edirik ki, Sarkisyanın bu hərəkəti bizi də bu qapalı görüşdə müzakirə olunan bəzi məsələlər haqqında açıqlama verməyə məcbur edir”.
Ermənilərin faşistlərlə müqayisəsi
Ə.Həsənov Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin işğal olunmuş ərazilərdə erməni dəstələri tərəfindən ələ keçirilmiş kəlbəcərli iki girovun məsələsini qaldırdığını deyib. Prezident Administrasiyasının şöbə müdiri onu da bildirib ki, İlham Əliyev üçtərəfli görüşdə işğal bölgəsində və qoşunların təmas xəttində erməni silahlı qüvvələri tərəfindən öldürülmüş əsgərlərin və dinc sakinlərin meyitlərinin müharibə qanunlarına uyğun olaraq, qeyd-şərtsiz geri qaytarılmasını tələb edib. Hətta görüşdə Prezident İlham Əliyev üzünü Sarkisyana tutaraq belə bir ifadə də işlədib: “İşğalçı erməni əsgərlərinin cəbhə bölgəsində ələ keçirdiyi girovlar və meyitlərin üzərində törətdikləri vəhşi əməlləri heç Hitlerin zamanında faşistlər də etməmişdir. Meyitə belə hörmətsizlik etmək olmaz, bu, insana yaraşan əməl deyil”. Prezident, həmçinin meyitlərin dərhal öz ailələrinə təhvil verilməsini tələb edib”.
Müharibənin öz qanunları var
Ə.Həsənovun sözlərinə görə, Sarkisyan Azərbaycan Prezidentinin mühakiməsi qarşısında ciddi bir arqument tapa bilmədiyindən 2010-cu ilin iyununda cəbhə bölgəsində minalanmış sahəni cəsarətlə keçərək düşməni onun öz silahı ilə ağır itkilərə məruz qoyan və qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olan Mübariz İbrahimovun cəsədinin geri qaytarılması ətrafında Azərbaycanın apardığı təbliğata toxunub və azərbaycanlıları "Mübariz İbrahimovu qəhrəman kimi təqdim edərək ermənilərə göz dağı verməkdə" günahlandırıb. Prezident İlham Əliyev isə cavabında S.Sarkisyana xatırladıb: "Müharibənin öz qanunları var. Mübariz İbrahimovu biz qəhrəman kimi qələmə verməmişik. O, təkbaşına erməni əsgərlərinin qoruduğu səngəri dağıdaraq, ondan artıq işğalçı əsgəri öldürmüş və özü də həyatını qəhrəmancasına qurban vermişdir. Müharibə qanunlarına görə, tərəflər qəhrəmanlara hörmətlə yanaşmalıdır. Mübariz İbrahimov əsl qəhrəmanlıq nümunəsi göstərmiş və haqlı olaraq da Milli Qəhrəman adını qazanmışdır”.
Ə.Həsənov Serj Sarkisyanın öz çıxışında ermənilərin son diversiya hərəkətləri vaxtı Azərbaycanın daha çox itki verdiyini, ermənilərinsə “öz gücünü”" nümayiş etdirdiyini bildirməsinə də münasibətini bildirib: “Sarkisyan əlbəttə ki, bu günlərdə baş verən təxribat-diversiya nəticəsində Ermənistanın işğalçı ordusunun itkilərini bilərəkdən gizlətməyə çalışır və bu faktı ört-basdır etmək istəyir. Halbuki bütün daxili və xarici mənbələrin məlumatları son hadisələrdə Ermənistanın 50-yə yaxın itki verdiyini təsdiqləyir. İtkiləri gizlətmək Ermənistanın hərbi-siyasi dairələrinə heç zaman müəssər olmayacaq”.
Sarkisyan hakimiyyətinin son akkordları
Politoloq Natiq Miri qəzetimizə açıqlamasında bildirdi ki, görüşdən sonra S.Sarkisyanın açıqlamaları onu göstərdi ki, o, Soçiyə problemin həlli niyyəti ilə getməmişdi: “Əksinə, o, pozuculuq fəaliyyəti yönündə əlindən gələnin hamısını etdi. Digər tərəfdən, Ermənistanda bu gün ictimai-siyasi vəziyyət, eyni zamanda, ictimai rəy prezident Sarkisyanın əleyhinədir və hər an bu rəy Ermənistanda siyasi partlayışla nəticələnə bilər. Buna görə də müəyyən mənada ictimai rəyi sakitləşdirmək üçün Sarkisyan bu cür açıqlamalar verməklə özünə haqq qazandırmaq istədi. Düşünürəm ki, Sarkisyanın özünün özünə güvən problemi var və bu son açıqlamalarda da özünü göstərdi. Bu, Sarkisyan hakimiyyətinin son akkordları vurduğunu göstərir”.
Bütün müharibələrin yazılmamış qayda və qanunlarının olduğunu xatırladan politoloqun sözlərinə görə, bütün qarşılıqlı hərbi əməliyyatlara rəğmən qəhrəmanlıq hərəkətləri bütün dünya tərəfindən, hətta humanist dünya tərəfindən tanınan, bilinən və təqdir olunan məsələdir: “Bu baxımdan Azərbaycan prezidenti İlham Əliyev Sarkisyana Mübariz İbrahimovun haqlı olaraq Milli Qəhrəman adını qazandığını bildirdib. Ölkə prezidenti üçtərəfli görüşdə səsləndirdiyi fikirlərlə Azərbaycanın milli maraqlarını bir daha layiqincə təmsil və müdafiə edib”.
Prezidentlər yenidən görüşəcək?
Yeri gəlmişkən, bu günlərdə Azərbaycan və Ermənistan prezidentlərinin yenidən görüşəcəyi barədə xəbər yayılıb. Britaniyanın Müstəqil Araşdırmalar və Münaqişələrin Analizi Mərkəzinin direktoru Kristofer Lenqton xarici mediaya açıqlamasında Rusiyanın tez bir zamanda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın görüşünün ikinci raundunu təşkil edəcəyini bildirib. Onun fikrincə, Moskvaya münaqişənin nizamlanması ilə bağlı danışıqlar prosesində çox şeyə nail olmaq vacibdir.
ABŞ-ın Ermənistandakı səfiri Con Xefferen də prezidentlərin yeni görüşünün olacağını bildirib: “Soçi görüşü uzun zamandır gözlənilirdi və biz tezliklə prezidentlərin yenidən görüşəcəyinə ümid edirik. Əsas məsələlər üzrə fəal danışıqlara ehtiyac var. Cəbhə xəttində baş verən gərginlik münaqişənin sülh yolu ilə həllinə kömək etmir. Hər iki tərəf atəşkəsə əməl etməli və vəziyyəti gərginləşdirməkdən çəkinməlidir”.
Mənbə: Milli.Az

 

17 avqust 2014
GO BACK