Qadin.NET / Xaricdə təhsil fırıldağı

Xaricdə təhsil fırıldağı

 

Cəsarət Valehov: “Təhsil Nazirliyinin bu şirkətlərlə heç bir bağlantısı yoxdur”
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda aşağı bal toplayaraq tələbə adını qazana bilməyən abituriyentlər müxtəlif yollardan istifadə etməklə təhsil almaq istəyirlər. Ali məktəblərə qəbulun nəticələrinin açıqlanması xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkəni yenidən hərəkətə gətirib. Sosial şəbəkələrdə, radio və televiziya kanallarında xaricdə təhsil elanları çoxalıb.İndi “Xaricdə ən yaxşı universitetlərdə istədiyiniz ixtisasda təhsil almaq şansı!”, “İmtahansız tələbə adını qazan!”, “Yalnız attestatla ali məktəbə qəbul olma şansı!” kimi şüarları əksər reklam lövhələrinin bəzəyinə çevrilib. Əsasən may-sentyabr aylarında ortaya çıxan bu fırıldaqçı şəbəkə abituriyentləri imtahansız istədikləri dövlət universitetlərinə və ixtisasa qoymaqla şirnikləndirir. Biz də özümüzü bu tələyə düşmüş kimi göstərib bu cür elanlardan bir neçəsini götürüb bu işi həyata keçirən ofislərə yollandıq. TQDK-nın keçirdiyi qəbul imtahanında az bal yığdığımızı və kəsildiyimizi bildirib xaricdə təhsil almaq niyyətində olduğumuzu dedik. İlk baş çəkdiyimiz məkan “Success Future” Ukraynada təhsil oldu. Buradan bildirdilər ki, vətəndaş heç bir imtahan vermədən Ukraynada istədiyi universitetə qəbul edilir. Bunun üçün isə tələb olunan yeganə sənəd attestatdır. Amma bunun üçün ilk öncə bu şirkətə 2500 manat ödəməliyik. Bu məbləğ qəbul pulu sayılır. İllik təhsil haqqı fakültələrə görə dəyişir. Məsələn Ukraynada yerləşən Karazin adına Xarkov dövlət Universitetinin hüquq fakültəsinin əyani təhsil haqqı 2040 manat, qiyabi isə 1270 manatdır. Məlumat verən şəxsin dediyinə görə, bu universitet Bakı Dövlət Universiteti ilə rəsmi əməkdaşlıq edir: “Ukraynaya getmək və orada qalmaq xərci özünüzə aid olacaq. İldə iki dəfə getmək şərtdir. Ukrayna qanunvericiliyinə görə, ildə bir dəfə də getsəniz olar. Ancaq Azərbaycan qanunvericiliyinə görə iki dəfə getmək lazımdır. Seçimi özünüz etməlisiniz. Bu universitetin diplomu Azərbaycanda tanınır. İstəsəniz, Təhsil Nazirliyinin qaynar xəttinə zəng edib soruşa bilərsiz”. Digər baş çəkdiyimiz məkan isə Azəredu Xaricdə Təhsil Mərkəzi oldu. Buradan bizə İstanbul, Ankara və İzmirdən başqa istədiyimiz universiteti seçə biləcəyimizi dedilər. Nəyə görə bu şəhərləri seçə bilmərik deyə soruşduqda buradakı universitetlərin özəl olduğunu, bu şirkətin isə ancaq dövlət universitetlərinə baxdığını dedilər. Bu şirkətlərin təklifləri ilə tanış olarkən belə bir sual yaranır - axı imtahansız, heç bir bilik tələb olunmadan xaricdə necə ali məktəbə qəbul olmaq olar? Universitetə getmədən, evində oturub 4 ilin tamamını gözləyən və sonda diplom dalınca gedən tələbənin necə təhsil alacağı məlumdur. Yəni ölkələrdəki universitetlər, hətta fakültələr belə eyni olduğu halda əlavə xərclər və təhsil haqları fərqlidir. Yəni hər təşkilat öz maraqları çərçivəsində qiymət müəyyənləşdirib. Biz bu şirkətlərə baş çəkərkən qəbul otağının qarşısında kiçik növbələrin olduğunun şahidi olduq. Qəbul imtahanlarında uğursuz nəticə əldə edən abituriyentlər və onların valideynləri bu şirkətlərə baş çəkir. Orada növbə gözləyərkən iki valideynin söhbətinin şahidi olduq. Valideynlərdən biri digərinə “qorxuram ki, birdən bu iş fırıldaq olar. Pulu verərik, alıb qaçarlar. Uşaqlarımız da çöldə qalar. Həm də bilmirik ki, o universitetlərin diplomu Azərbaycanda tanınacaq? Həm də uşaqlar təhsilsiz olacaq”, - deyirdi.
Ürəyində çoxlu sual, narahatçılıq olan bu valideynə digəri bu cür cavab verdi: “Sənə təhsil lazımdır, yoxsa diplom? Əsas diplomdur. Diplom olandan sonra yavaş-yavaş oxuyub təhsilini də artırar. Həm də bunlar qanunsuz olsaydı qəzetdə, televiziyada reklam etməzdilər”.Təəssüf doğurucu bir reallıqdır ki, insanların çoxunu təhsil yox, diplom düşündürür. Buna görə də onlar imtahansız xaricdə “təhsil” fırıldaqçılarının könüllü qurbanına çevrilirlər. Alacaqları diplomun yiyələnməli olduqları təhsildən daha önəmli olduğunu düşünürlər, lakin ölkəyə qayıdıb fərqli mənzərə ilə qarşılaşanda artıq gec olur. Çox vaxt bu cür diplomlar tanınmır və vətəndaşların 4-5 ildə tökdükləri pul havayı getmiş plur.Maraqlıdır, vətəndaşlara yalnız attestatla, imtahansız xaricdə təhsil vəd edən bu şirkətlərdən Təhsil Nazirliyi xəbərdardırmı?
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bu şirkətlərlə Təhsil Nazirliyinin heç bir bağlantısı olmadığını dedi: “Bu cür kommersiya təşkilatı ilə və yaxud da ki, özəl bir qurumla heç bir tərəfdaşlıq əlaqəsində deyilik. Yəni Təhsil Nazirliyinin bu şirkətlərlə heç bir bağlantısı yoxdur deyə onların fəaliyyəti haqqında danışmaq düzgün olmazdı. Təhsil Nazirliyi xaricdə təhsil üzrə dövlət proqramını həyata keçirən bir qurum kimi bu prosesə özü nəzarət edir və özü icra edir. Həmin məqamda onun digər özəl qurumlarla heç bir əməkdaşlığı yoxdur və olmayacaq da.
Bu cür reklam kampaniyaları aparan şirkətlər vasitəsi ilə xaricdə təhsil alıb qayıdan gənclərin diplomlarının Azərbaycanda tanınması məsələsinə gəlincə, əsas odur ki, xarici ölkələrdə yerləşən bu universitetlərin hüquqi statusu tam müəyyən olunsun. Həmin gənclər tam şəkildə qanunvericilik prinsiplərinə uyğun olaraq orada oxuya bilsin. Oxuduqdan sonra isə diplomu hüquqi olaraq əldə edə bilsin. Əgər bütün sənədlər doğrudursa, həqiqətən oxuyubsa və diplomu dürüstdürsə, həmin şəxs diplomunu Təhsil Nazirliyinin müvafiq şöbəsinə təqdim edir. Biz şəxsin bitirdiyi o universitetə sorğu göndəririk. O universitetdən də aldığımız məlumatlar əsasında sənədi, yəni diplomu təsdiq edirik ki, həqiqi baxımından sənəd doğrudur, diplom tanınır. Yaxşı olardı ki, vətəndaşlar reklam olunan müxtəlif ölkələrin universitetlərinə müraciət etmədən öncə bütün detalları öyrənib sonra qərar versinlər. Amma təkrar edim ki, bununla bağlı bizim heç bir digər qurumlarla əməkdaşlığımız yoxdur”.
Mənbə: Milli.Az

 

17 avqust 2014
GO BACK