6-7 yaşda olan uşaqların xasiyyətində və davranışında kəskin dəyişikliklər müşahidə olunur. Uşaq artıq xeyli böyüməyinə baxmayaraq, sözə qulaq asmır, valideynin tənqidini eşitmək istəmir və istəklərinə gec reaksiya verir. Bu yaş dövrünü ağır keçirənlər oyuncaq və oyunlardan imtina edir, uşaq kimi görünməkdən qorxurlar.
Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, 6-7 yaş dövrü uşağın inkişafında çətin dövr sayılır. Belə ki, artıq 7 yaşından uşaqda sözə baxmamaq özünü göstərməyə başlayır: "Uşaq anasının "eləmə" sözünü guya eşitmir və ya gec reaksiya verir. Uşaq özünü böyük kimi aparır, ətrafdakılara böyük kimi görünmək istəyir. Özünü böyük sayaraq valideynlərin tənqidlərinə fikir vermir, qadağa qoyduqları şeylərin əksini edirlər".
R.Rzayeva bildirib ki, 7 yaş sindromu müşahidə olunan uşaqlar özünü tərs aparmağa, tənqidə qarşı aqressiya göstərməyə və hiyləyə əl atmağa başlayır: "Uşaq hiyləgər olur və valideynin dediklərini dərhal yerinə yetirmir. Baş verən hadisələrə nəzarət edə bildiyini və müstəqil düşünə bildiyini göstərməyə çalışır. Uşaqların bu yaş dövrünü pis keçirməsi dərs oxumağa başlaması ilə də bağlıdır. Uşağın psixologiyasında dəyişikliklər baş verir. Uşaq başqasının fikrini artıq özünkü kimi qəbul etmir. O, artıq özü düşünə və hadisələri təhlil edə bilir. Düşünülməmiş, emosiyalara söykənən hərəkətlər əvəzinə məntiqə əsaslanan hərəkətlər etməyə başlayır. Nəsə etdikdə əvvəlki kimi qəfil etmir. Əvvəlcədən düşünür sonra hansısa hərəkətə yol verir".
Uşaq məktəbdə öz sosial statusunu möhkəmlətmək üçün də çalışdığından çətinliklərlə üzləşir. Uşaq özünə yüksək qiymət verir, özündən razı olur. Bu hisslərin təsirindən o, böyüklərə qulaq asmaq istəmir. Bu yaşda uşaq qayğısız dövründən çıxır.
Psixoloqun dediyinə görə, valideynlər uşağa bu çətin dövründə dəstək göstərməlidirlər: "Bəzi valideynlər bu yaş dövründə uşağın xasiyyətindəki və davranışındakı dəyişikləri hiss edib laqeyd yanaşır, zamanla düzələcəyini düşünürlər. Uşaq psixologiyasına bələd olmayan valideynlərsə, ümumiyyətlə, uşaqların fikir çəkmədiyini, ruh düşkünlüyünə düşmədiyini, çətinliklərlə üzləşmədiyini düşünür. Onlar 6-7 yaş dövrünü çətin bir dövr kimi təsəvvür edə bilmirlər. Bu da valideynlərin buraxdığı böyük səhvlərdən biridir. Artıq böyüməyə başlayan uşaq ana və atanın bu cür davranışını görüb onlara inamını itirə, güclü olmalarına, hər şeyi bilmələrinə şübhə ilə yanaşa bilər. Uşaq bu hisslərin təsirindən yeganə dayağı olan valideynlərdən uzaqlaşa bilər".
Müsahibimiz qeyd edib ki, uşaqların məktəbə və dərsə olan münasibəti valideynlərin bu mövzu ilə bağlı davranışının əksidir. Bu səbəbdən də valideynlər uşağı məktəbə getmək, dərs oxumaq istəmədiyi üçün danlamamalıdır. Valideynlər onu da nəzərə almalıdırlar ki, onların dərs haqqında pis danışması, müəllimin yaxşı dərs keçməməsi, uşağı çox yükləməsi, proqramın çətin olması barədə gileylənməsi uşağa mənfi təsir edir. Uşaqda məktəbə, dərsə, hətta müəllimə nifrət oyanır. Uşaqlar valideynlərin müəllimlər haqqında dedikləri tənqidi sözləri yaxşı yadda saxlayırlar. "Müəllim savadsızdır", "Yaxşı dərs keçmir", "Diplomu pulla alıb" kimi sözlər uşağın yaddaşında həkk olur. Uşaq çox pis olur və müəllimə inamını, dərsə həvəsini itirir. Yaxşı olar ki, valideynlər təhsil haqqında ancaq yaxşı sözlər desinlər. "Uşaqda müəllimə, məktəbə qarşı sevgi və hörmət hissini inkişaf etdirməyə kömək edin. Bu, onu dərs oxumağa həvəsləndirəcək. Qaydalarla, özünə əziyyət verərək yaşamağı öyrənmək ona gələcəkdə istənilən hadisəyə və çətinliyə tez adaptasiya olmağa kömək edəcək".
Adətən uşaq məktəbə gedən kimi valideyn uşağın gələcəyi ilə xəyal qurur və ona tez-tez "sən riyaziyyatı yaxşı bilməlisən", "həkim olmalısan", "müəllim olacaqsan, dərslərini yaxşı oxu" kimi sözlər deyir və uşaqların meylinə fikir vermədən onları istiqamətləndirirlər. Bəzən valideynlərin arzuları o həddə çatır ki, uşağı çox sıxır, tələbkar olurlar. Uşaq çox sıxıldığı üçün dərsə nifrətlə yanaşmağa başlayır. Valideynlərinə səmimi münasibəti itirir. Bunun əvəzinə uşağa sərbəst inkişaf üçün şərait yaratmaq lazımdır.
Psixoloqun dediyinə görə, uşağın yaxşı dərs oxuması ilə yanaşı sosial həyatı da vacibdir: "Onun yaşıdları ilə münasibətinə fikir verin. Uşaqların dostluq münasibətlərində mənəvi dəyərləri, liderlik hissi və müxtəlif bacarıqları formalaşır. Uşaqdan mütləq kimlərlə dostluq etdiyini soruşun. Hansı oyunlarla oynadıqları, nə haqda söhbət etdikləri ilə maraqlanın. Bu zaman uşaqla mehriban olun, ona diqqətlə qulaq asın və onun hisslərinə şərik olduğunuzu göstərin".
Rzayeva vurğulayır ki, uşaqların çətin dövrlərində valideyn yeganə dəstəkləri və ümidləridir: "6-7 yaş sindromunu rahat keçirmək üçün uşağın intellektual inkişafına fikir vermək lazımdır. Amma uşağın imkanları nəzərə alınmalı, çox yüklənməməlidirlər".