Qadin.NET / Bu mühəndis o mühəndisdən deyil

Bu mühəndis o mühəndisdən deyil

 

Daha çox pul qazanmaq istəyən də ona müraciət edir, əri ilə dalaşan da...

Bu peşə sahiblərinin xidmətlərindən daha çox ulduzlar yararlanır. Tez-tez depressiyaya düşən, yanlarında daim önəmli qərarlar verməsi üçün adamlara ehtiyac olan məşhurlar, eləcə də iş adamlarının danışmanı, məsləhətçisi hər zaman olur. Bizim dilimizdə bu peşənin konkret adı yoxdur. Ona görə də biz onu öz təyinatına uyğun şəkildə, yəni, həyat mühəndisi adlandıracağıq.
Daha çox uğur qazanmaq istəyirsənsə, ona müraciət elə...
Həyat mühəndisliyi psixoloji problemləri olmayan və normal davranışlar sərgiləyən fərdlərin hədəflərinə daha sürətli və təsirli çatmasına yardımçı olmaq məqsədilə göstərilən professional bir xidmətdir. Bu peşə yiyələri psixoloqların və psixiatrların mütəxəssislik sahəsinə daxil olan anormal davranışlarla, psixoloji xəstəliklər və problemlərlə maraqlanmırlar. Çünki ancaq normal insanlar daha çox uğur qazanmaq arzusuna düşürlər. Yəni burada müalicə yox, inkişaf xətti özünü göstərir. 
Yaxşı, bəs bir insan nə vaxt həyat mühəndisinə müraciət etmək istəyə bilər? Birincisi, həyatda heç bir şey uğur, müvəffəqiyyət qədər tez itirilmir. Yəni işimizdə, evimizdə və özəl həyatımızın digər sahələrində qazanmış olduğumuz uğurlar daimi deyil. Bu gün qarşılaşdığımız problemlər dünən çözə bilmədiyimiz problemlərə heç oxşamır. Bundan başqa, ailəmizin, iş yerindəki rəhbərliyin də bizdən gözləntiləri gün-gündən dəyişir. Bu dəyişim zamanında isə düzgün qərarlar vermək üçün bir mütəxəssisə ehtiyac var. Çünki testdən keçirmə-yanılma üçün yetərli zamanımız yoxdur. Məhz bu zaman insanlar sözügedən mütəxəssislərin qapılarını döyürlər. 
Təəccüblənməyin, ilk dəfə 1950-ci illərdə yaranıb

Həyat mühəndisi nələr edir? Birincisi, şəxsi hədəflərinizə çatmaq üçün sizə bir yol xəritəsi təqdim edir. Öz sahəsində uğur qazanmış minlərlə insanın həyat boyu əldə etdikləri təcrübələri sizin nəzərinizə çatdırır. Bu təcrübələrin ortaq cəhətlərini araşdırır və hər insanın istifadə edə biləcəyi strategiyalar formasına çatdırır. Həyat mühəndisi bir günlük məsləhətçi və ya danışman deyil, daimi bir dəstəkçi sayılır. Ehtiyac duyduğunuz hər an sizi tənqid və ya mühakimə etmədən, praqmatik, praktik çıxış yolları təqdim edir. Bu məslək yiyələri müraciət edənlərin “niyə” sualından heç xoşlanmazlar. Sadəcə, çıxış yolları tapıb, onu həyata keçirməyə fokuslanırlar. O ki qaldı, bu sahənin get-gedə sürətlə dünyanı bürüməsinə, mütəxəssislər hesab edir ki, buna səbəb insanların artıq ata-anaları kimi səbirli olmaması, hədəfə çatmaq üçün vaxtla yarışmaq istəməməsidir. 
İş həyatındakı ilk modern həyat mühəndisi 1950-60-cı illərdə ABŞ-da meydana çıxıb. Şirkət müdirləri öncə iş və şəxsi həyatlarındakı problemləri müzakirə etdikləri psixoloqları hamıdan gizli saxlasalar da, sonradan bu məsləyin formatı da dəyişdi. Bir həyat mühəndisi müştərisini bəzən bir-iki gün, bəzənsə bir neçə ay ərzində hədəflərinə çatdıra bilir. Baxışları dəyişdirmək, çətinlik çəkdikləri məqamlarla bağlı fikir mübadiləsi aparmaq üçün tərəflərin tez-tez görüşməsinə ehtiyac duyulur. Bir çox danışmanlıq münasibəti dəyişən hədəf və arzulara uyğun olaraq illərcə davam edə bilər. Hazırda Amerika və Avropa başda olmaqla, 40 ölkədə 10 mindən artıq adam bu sahədə çalışır. Həyat mühəndislərinin bu qədər populyarlaşmasının səbəbi isə qısa müddətdə böyük nəticələr verməsidir. 
Karyera mühəndisi sizə işinizi sevdirəcək
Bu sahə mütəxəssisləri 2 qrupa bölünür. Bunlardan biri karyera mühəndisi (iş dünyası, idman, sənət, siyasət sahəsində), digəri isə şəxsi həyat mühəndisidir (motivasiya, münasibətlər, ünsiyyət, gözüaçıqlıq sahəsində). Karyera mühəndisinə, demək olar ki, bütün sahənin insanları müraciət edə bilər. Hətta orta məktəbi yenicə bitirən gənc də. Çünki onun karyerasını hansı sahədə qurması üçün öncə təhsil alacağı sahəni seçməsi önəmlidir. Məsələn, bu gün bir çox insan sevmədiyi, bacarmadığı sahədə işləməyin ağrısını yaşayır. Amma karyera mühəndisinə müraciət edənlər üçün belə bir risk yoxdur. 
Daha bir maraqlı məqam isə karyera mühəndisinin sizə işinizi sevdirməsidir. Səhər ayağınız sürünə-sürünə getdiyiniz iş yerinə daha həvəslə, həyat enerjisi ilə qaçmanızı təmin edir bu mühəndislər. Yəni iş yeri sadəcə pul qazanıb, gündəlik qayğılarınızı həll etmə vasitəsi yox, bizi hədəflərimizə aparan əyləncəli yol ola bilər. 
Münasibət mühəndisliyi isə tamam başqa bir aləmdir. Sevgilisi, həyat yoldaşı, həmkarları, hətta uşaqları ilə münasibətlərində problem yaşayanlar isə münasibət danışmanının yanına qaçırlar. Münasibətlərimizin keyfiyyəti bəzən bütün həyatımızı təsir altına alır. Bunu normal səviyyədə təmin etmək üçünsə öncə insanın özü ilə münasibətini düzəltməsi lazımdır. Yəni özü ilə barışmaq, öz səhvlərini görmək, özünü anlamaq... Bu üç sınaqdan üzüağ çıxa bilənlər çevrəsi ilə də problemlər yaşamırlar. Və münasibət mühəndisləri günün hər saatında hər intriqalı situasiyada insana məsləhət verə bilir. “Ərimlə dalaşdım, deyəsən ayrılma nöqtəsinə çatmışıq”dan tutmuş, “Müdir məni danladı, bu gedişlə işdən qovacaq” təlaşına qədər. Hər ana uyğun çıxış yolu var. 
Uğursuzluq zolağından çıxmaq üçün 6 ay kifayətdir
Keçək işin məsrəflərinə. Bütün dünyada qəbul olunmuş bir qayda var. Yaşam mühəndisinə müraciət edənlər üçün ilk seans pulsuzdur. Bu ilk seansda tərəflər bir-birini yaxından tanıyır. Müştəri mühəndisinə həyatının bundan sonrakı hissəsində konkret nə etmək istədiyini başa salır. Karyera, sağlamlıq, maddi durum, münasibətlər, təhsil, hobbilər, sosial sahə, ruhsal həyat... Bundan sonra həyat mühəndisi müştərisi ilə birgə bir sxem hazırlayır və həmin yoldakı hədəflər müəyyənləşdirilir.
Müştəri 3 və ya 6 aylıq hədəflərlə bağlı müraciət edibsə, kurs 12 həftə davam edir. Hər həftə bir gün bir saatlıq seans üçün tərəflər bir araya gəlirlər. Maksimum bir saat davam edən seanslarda həftəlik strategiya müəyyənləşdirilir. Maraqlıdır ki, bu seansların üz-üzə həyata keçirilməsi vacib deyil. Dünyanın bir çox ölkələrində belə seanslar telefonla gerçəkləşdirilir. Hədəflərə çatan müştəri kurs sonrası 6 ay müddətində isə həyat mühəndisini baş verənlərin kursunda saxlamalıdır. Uğur zolağından çıxmaması, əziyyətlərin boşa getməməsi üçün... 
Qiymətə gəlincə, müştərinin kimliyindən, daha doğrusu hədəflərindən asılı olaraq, seansın məbləği dəyişir. Amerikada (ən çox bu ölkədə yayılıb) seans məbləği 50-250 dollar arasında dəyişir. Ən yüksək məbləğli seanslar iş həyatının üst pilləkənlərində olub da, çoxlu problemlər içində boğuşan insanlara aiddir. Türkiyədə isə qiymətlər nisbətən aşağıdır - 30-150 manat arası...

Mənbə: Milli.Az

 

17 avqust 2014
GO BACK