Qadin.NET / Azərbaycanda dərs ili ilə bağlı dəyişikliklər məlum oldu

Azərbaycanda dərs ili ilə bağlı dəyişikliklər məlum oldu

 


Hökumətdən Trend-ə verilən məlumata görə, artıq Təhsil Nazirliyi orta məktəblərdə yeni tədris ilinin uzadılması ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim edib.
Təkliflərə əsasən, dərslər sentyabrın 15-də başlayacaq, iyunun 14-də bitəcək. Belə olduqda dərs ilinin birinci və ikinci yarımillərinin müddətində də dəyişiklik olacaq.
Təhsil Nazirliyinin bu təklifi qəbul olunarsa, tətillərin də müddəti dəyişdiriləcək. Əsasən, qış tətilinin müddəti azaldılacaq. Bununla yanaşı, şagirdlər üçün yaz tətilinin müddətinin tarixləri də dəyişdiriləcək. Hazırda şagirdlər üçün bu tətil martın 16-dan 23-dək olan dövrü əhatə edir. Əgər TN-in təklifi bəyənilərsə, onda şagirdlər üçün bu tətil aprel ayı ərzində olacaq. Novruz bayramı günlərində isə ölkənin digər dövlət qurumlarında olduğu kimi, orta məktəblərdə də qeyri-iş günləri olacaq və həmin günlərdə də şagirdlər istirahət edə biləcəklər.
TN-in təklifi qəbul edildikdən sonra orta məktəblərdəki tətillərin müddəti daha dəqiq müəyyən ediləcək. Dərs ilinin uzadılması şagirdlərin dərs yükünün azaltmağa xidmət edir.
Qeyd edək ki, digər ölkələrlə müqayisədə Azərbaycanda tədris həftələrinin sayı azdır. Bir çox ölkələrdə bu müddət 38, bəzi ölkələrdə 40-43 həftəyə çatır. Hazırda dərs ili I siniflərdə 31, II-XI siniflərdə 32 tədris həftəsindən ibarətdir. Dərs məşğələləri sentyabrın 15-də başlayıb mayın 31-də başa çatır. Birinci yarımil 15 sentyabr - 29 dekabr, ikinci yarımil 6 yanvar - 31 may tarixlərini əhatə edir.

Mənbə:Milli.Az

 

17 avqust 2014
GO BACK