“Biz artıq görürük ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı real səylər və görüşlər məhz Rusiyanın vasitəçiliyi ilə həyata keçirilir. Qərbin Azərbaycanda enerji maraqları olmasaydı, çətin ki, bu məsələ ilə maraqlanardılar”
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.Ə. Hüseynli bildirib ki, ABŞ-da və Avropada Dağlıq Qarabağ mövzusunda söhbət edəndə rəsmilər erməni lobbisinin gücündən danışırlar, bəziləri haqq-ədalətin Azərbaycan tərəfində olduğunu desələr də, Azərbaycanı müdafiə etməkdə çətinlik çəkirlər: “Yaxşı ki, son illər Azərbaycan prezidentinin həyata keçirdiyi qətiyyətli hücum siyasəti nəticəsində vəziyyət dəyişməyə başlayıb. Sırf Soçi görüşündən danışdıqda, Azərbaycan rəsmiləri tərəfindən bu görüş pozitiv dəyərləndirilib. Ən vacibi isə odur ki, döyüş bölgəsində son gərginlik zamanı Ermənistan layiqli cavabını aldı və böyük itkilər verdi. Ermənistan tərəfi üçün tam aydın olmalıdır ki, indiki şəraitdə heç kim, o cümlədən Rusiya özünün regionda strateji maraqlarını və tərəfdaşını Ermənistana qurban verməyəcək. Onların Azərbaycanla təkbətək nə hərbi, nə də iqtisadi sahədə mübarizədə davam gətirə bilməyəcəyi artıq hamıya məlumdur. Bunu son günlər hətta rusiyalı ekspertlər belə söyləyiblər”.Azərbaycan və Rusiyanın dövlətlərarası münasibətlərinə toxunan Ə. Hüseynlinin sözlərinə görə, baxmayaraq ki, orada da ermənilər müəyyən mövqeyə malikdirlər, amma qərarların qəbulunda son söz ölkənin siyasi rəhbərliyindədir: “Rusiya ilə Azərbaycan arasında, o cümlədən dövlət başçıları arasında mövcud olan etimad məsələlərin həllinə öz təsirini göstərməkdədir. Hətta vaxtilə anti-Azərbaycan fikirləri ilə seçilən Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin belə son dövrlər fikirlərini korrektə etməsi bir tərəfdən Azərbaycanın regionda artan imicinin və prezident İlham Əliyevin şəxsi nüfuzunun təsirindən, digər tərəfdən isə sözsüz ki, bu məsələyə Rusiya prezidenti Vladimir Putinin baxışından irəli gəlir. Bu baxımdan Dağlıq Qarabağ konfliktinin həllinin indiki mərhələsində Rusiyanın aktivliyi təsadüfi deyil”.Ə. Hüseynli bildirib ki, ənənəvi olaraq Rusiya Ermənistanın himayədarı kimi tanınsa da, artıq XXI əsrdə dünya xəritəsində çox şey dəyişib: “Ermənilər Rusiya üçün ukraynalılardan da yaxın olmayacaq. Azərbaycan-Rusiya münasibətlərinə 1990-cı illərin əvvəllərində həm Azərbaycanda, həm də Rusiyada rəhbərlikdə olan şəxslərin yarıtmaz siyasəti nəticəsində ciddi zərər dəyib. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə vəziyyət bizim xeyrimizə dəyişməyə başladı. Müasir dövrdə isə ümumiyyətlə, münasibətlərimiz keyfiyyətcə yeni mərhələdədir. Bu gün Azərbaycanın müstəqil, suveren və iqtisadi baxımdan güclü dövlət olmasına rəsmi Rusiya ehtiramla yanaşır və məhz bu faktorlara görə Azərbaycanı strateji tərəfdaş gözü ilə görür”.
Mənbə: Milli.Az