Qadin.NET / Azərbaycanda qeysəriyyə əməliyyatı ləğv oluna bilər?

Azərbaycanda qeysəriyyə əməliyyatı ləğv oluna bilər?

 

Elə bir dövrə çatmışıq ki, qadınlar övlad dünyaya gətirməyin əzablarından azad olmaq istəyirlər. Doğuş sancılarına dözməkdənsə, qeysəriyyə əməliyyatı etdirib ana olmaq istəyən qadınların sayı günü-gündən artır. Belə bir zamanda ağrısız doğuş arzusunda olan insanların arzusunu qonşu İran hökuməti gözlərində qoyub. 
İran hakimiyyəti iddia edir ki, belə bir qərar ölkədəki əhali sayını artırmaq məqsədilə verilib. Belə ki, ölkədə demoqrafik artımı önləyəcək hər hansı bir cərrahi üsul qəti surətdə qadağan edilib. İran parlamenti ölkədəki əhali artımı sürətinin azalmasının qarşısını almaq və doğum nisbətini artırmağı hədəfləyir.
Eyni problemin Azərbaycanda da yaşana biləcəyini nəzərə alaraq məsələni araşdırmaq qərarına gəldik. 
İki dəfə qeysəriyyə əməliyyatı keçirmiş qadının üçüncü dəfə ana olmaq şansının azaldığını nəzərə aldıqda əməliyyat ölkədə demoqrafik artım məsələsinə ciddi təsir göstərə bilər. 
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev hesab edir ki, qeysəriyyə əməliyyatını ləğv etmək həm tibbi, həm də hüquqi cəhətdən səhv addımdır.
O, Milli.Az-a açıqlamasında bildirib ki, qeysəriyyə əməliyyatını qadağan etmək olmaz. 
"Elə doğuşlar olur ki, orada qeysəriyyə əməliyyatı aparılmalıdır, əks təqdirdə ana və uşağı böyük təhlükələr gözləyə bilər.
Ancaq qeysəriyyə əməliyyatından sui-istifadə etmək tibbə ziddir. Ona görə də Azərbaycan qanunvericiliyində ötən il müvafiq dəyişikliklər olub.
Belə ki, heç bir problem olmadan qeysəriyyə əməliyyatı aparan şəxslərə və yaxud da həkimlərə inzibati sanksiyalar müəyyən olunub.
Əgər qeyri-qanuni qeysəriyyə əməliyyatı aparılsa və yaxud da xəstədə əməliyyat zamanı hansısa ciddi problemlər yaşansa, həmin həkim cinayət məsuliyyətinə cəlb oluna bilər.
Bəli, bizdə bu cür qadağalar qoyulub, ancaq ümumilikdə qeysəriyyə əməliyyatına qadağa qoymaq doğru deyil", - Musa Quliyev bildirib.

Ceyhun Ələkbərov.
Mənbə: Millli.Az

 

13 avqust 2014
GO BACK