Söz yarası çətin unudulur. Bizə adi görünən davranış başqasının xətrinə dəyə bilər. Xüsusilə də həssas, küsəyən və qapalı insanlarla ünsiyyət qurarkən ehtiyatlı olmaq lazımdır.
Psixoloq Jalə Həmidlinin sözlərinə görə, ünsiyyət qurmağın incəliklərinə bələd olduqda çətin insanlarla da dil tapmaq olur: "Ətrafımızdakı insanlar bizim fikrimizlə razılaşmaya, bəzi xüsusiyyətlərimizi bəyənməyə bilər. Ünsiyyət qurmaqdan qaçan, dediklərimizə laqeyd yanaşanlar da olur. Buna baxmayaraq, hər hansısa bir məsələ ilə bağlı danışıb müəyyən razılığa gəlmək olar".
Bəzən düzgün ünsiyyət qura bilmədiyimiz üçün ailə üzvləri, iş yoldaşları və tanışlarımızla belə münasibətlərimiz korlanır. Dünya baxışları fərqlənən insanlar da bir-biri ilə çətin ünsiyyət qururlar. Emosiyaları cilovlaya bilməmək də ünsiyyətdə problemlər yaradır.
Həmidli vacib danışıqlardan öncə özünü buna psixoloji hazırlamağı məsləhət görür: "Kiminləsə ünsiyyət qurmaqda çətinlik çəkirsizsə, sakitləşməyə çalışın. Əgər söhbət çox önəmlidirsə, buna laqeyd yanaşmayın. Düz və yerində demədiyiniz söz sizi pis vəziyyətdə qoya bilər. Bu səbəbdən də xırdalıqlara qədər hər şeyi düşünün. Danışıqdan əvvəl özünüzə rahat yer tapın. Ayaq üstə danışmaqdansa, rahat əyləşib danışmaq məsləhətdir. Ona görə ki, danışarkən özünüzə dayaq hiss etməyiniz çox önəmlidir. Bu sizə emosiyalarınızı cilovlamağa, qarşıdakı fikirlərinizlə barışmadıqda belə, ruhdan düşməməyə və danışığı davam etməyə kömək edəcək. Ən əsası özünüzə, dediklərinizə əmin olun. Ola bilsin ki, qarşınızdakı sizi özünüzdən çıxarmağa çalışsın. Bu zaman gözlərinizin önündə bir nöqtə və ya qarşınızdakının geyiminin bir hissəsinə baxın".
Əgər şəxsi münasibətlə bağlı söhbət etmək istəyirsinizsə, autotreninq tədbiq etmək olar. "Bunun üçün öz-özünüzə "Mən səni daha yaxşı başa düşmək üçün səninlə danışmaq istəyirəm. Mübahisə etmək və ayrılmaq üçün deyil, səninlə ünsiyyət qurmaq, sənə yaxın olmaq üçün danışıram" deyin. Yaxınlarınızla danışarkən özünüzü bu sözlərlə düzgün istiqamətləndirin. Nəzərə alın ki, siz müharibə etmir və dalaşmırsız, sadəcə münasibətlərinizi qaydaya salmağa və ya hansısa məsələ ilə bağlı qarşı tərəfləri razılığa gətirməyə çalışırsınız. Uşaqla söhbət edirsinizsə, onun baxışları ilə əlaqə qurmağa çalışın. Balacalarla danışarkən mütləq onlara mehribancasına toxunun. Ünsiyyətin sonunda isə onunla olduğunuzu, onu çox sevdiyinizi deyin".
Bəzən insanlar bir-birinə inanmırlar. Elə adamlar var ki, onlar bizi sevmir, fikrimizlə razılaşmır, bizi başa düşmürlər. Bununla barışmaq lazımdır. Hər kəsin fəqli düşüncə tərzi ola bilər. "Sizi bəyənməyən insanlarla rastlaşdıqda bunu emosiyasız qarşılmağa, ünsiyyətdə sərhəd saxlayaraq müəyyən razılıqlara gəlmək olar".
Müsahibimiz bildirib ki, həyatımız necə ünsiyyət qura biləcəyimizdən asılıdır: "Ünsiyyət prosesinə adi baxmaq düzgün deyil. Bu prosesdə həm özünüzə, həm də qarşı tərəflərə hörmət vacibdir. Mükəmməl insan olmur, hər kəsin səhvləri, xasiyyətinin gizli və xoşagəlməz məqamları ola bilər. Ünsiyyət qurarkən özünüzü də mükəmməl və səhvsiz hesab etməyin. Ola bilər ki, siz də nədəsə yanılırsınız. Bunu etiraf etməyə öyrənin. Ünsiyyət zamanı yalnız hisslərinizi, yaşadıqlarınızı, istək, tələb və narazılıqları bildirməklə kifayətlənməyin. İnsanlarla danışarkən onları öyrənməyə çalışın. Ən pis ünsiyyət quranlar çox və boş-boş danışanlar olur. Onlar bir ünsiyyət zamanı xeyli səhv buraxır və insanların xətrinə dəyirlər. Bu çox vaxt özlərindən asılı olmadan baş verir".
Onun dediyinə görə, insanlar ünsiyyət zamanı fərqli reaksiyalar verirlər: "Bəzən insanlar başqasının dediklərini düz eşitmir və öz bildiyi kimi qəbul edir. Kiminsə danışdığını başa düşməyəndə yenidən soruşmaqdan utanmaq lazım deyil. Elə də adamlar var ki, onlar deyilənləri dərhal təhlil edə bilmir. Belə insanlarla danışdıqda informasiyanı başa düşmələri üçün vaxt vermək lazımdır".
J.Həmidli bildirib ki, ünsiyyət zamanı qarşı tərəfi qıcıqlandırdığımız anlar da olur: "Bu da sonda dava ilə nəticələnir" deyən psixoloq əlavə edib ki, dünyaya baxış tərzləri eyni olan insanlar daha tez dil tapırlar: "Sakit və qapalı insanlar kini daxilində saxlasalar da, aqressiv insanlar tez-tez dalaşırlar. Aqressiv insanlar ünsiyyət zamanı cəm şəklində danışırlar. Söhbət zamanı "bizim kimi", "sənin kimi", "bu cür insanlar", "onlar" və s. ifadələri işlədirlər. İnsanın daha zəif nöqtələrini taparaq psixoloji zərbə vururlar. Onların bu sözlərinə fiir vermək, dediklərini öz üzərinə götürmək olmaz".
Uğurlu ünsiyyəti düzgün başlamaq qədər düzgün bitirmək də önəmlidir. Sağollaşarkən səmimi və sakit olmağa çalışın. Söhbətdən sonra danışdıqlarınız barədə düşünün. Səhvləriniz oldusa, nəticə çıxarmağa və növbəti dəfə həmin səhvləri etməməyə çalışın.