Qadin.NET / Üstümüzə gələn tərbiyəsizlərlə nə edək?

Üstümüzə gələn tərbiyəsizlərlə nə edək?

 

Üstündən xeyli keçib, adı yadımdan çıxıb. Bir ingilis filminə baxmışam. Filmdə belə bir epizod var: hansısa ali məktəbə daxil olmuş cavan oğlan müəllimə yersiz sual verir. Onun danışıq tonu və verdiyi sual “trepaç” oğlanın taleyini yerindəcə həll edir. Müəllim deyir ki, sən “sosial tərbiyə” məktəbinə getməli olacaqsan. Daha o məktəbdə oğlanın başına nələr gəlir, bu ayrı bir söhbətdir. 

Mənim bu filmdən yadımda qalan əsas detal “sosial tərbiyə” məsələsidir. Təsəvvür edin, adam oxuyub, imtahan verib, ali məktəbə daxil olub, amma ona deyirlər ki, sən əvvəlcə adamlarla necə davranmağı öyrənməlisən.
Bizdə belə məktəblər yoxdur. Çətin tərbiyə olunan uşaqlar üçün xüsusi rejimli internat var, uşaq evi var, bunlar isə başqa şeylərdir. Yəni uşağa “çətin tərbiyə olunan” ismini qoymaq üçün o, pəncərə sındırmalı, pul oğurlamalı və sair kimi arzuolunmaz işlər görməlidir. 
Sosial tərbiyə çatışmazlığı isə xeyli fərqli məsələdir və yəqin, mənimlə razılaşarsınız ki, indi ətrafımızda belə sosial tərbiyə defektli xeyli sayda insan var. Yadınıza salın, belə epizodlar hamınızın gündəlik həyatında təkrarlanır: 
Mağazada: 
- Zəhmət olmasa, mənə bir kilo qənd verin.
- Xırdan yoxdur?
- Ay oğlum, mən yaşca böyük ola-ola “siz” deyə müraciət edirəm...
- Əşşi, hamıya “siz” desəm, məndə can qalmaz ki... 
Avtobusda: 
- Ay bala, hələ məktəblisən, sürücülük vəziqəsini sənə kim verib?
- Maşın atamındır, mən sürürəm, xoşun gəlmir, düş get, sənə “yaxşı yol”...
Parkda: 
- Ay bala, gedin stadionda oynayın da fitbolu...
- Topdan qorxursan, get başqa parka... 
Siyahını uzatmaq, rəngarəng etmək olar. Gündəmimiz buna imkan verir. Bunları birtəhər yola vermək olar, amma işdə də belə birisinin, bəzən hətta bir neçəsinin olması adamın ömrünü yeyir. Axı bizim günümüzün çox hissəsi işdə keçir. 
Məsələn, işlədiyim çox mötəbər redaksiyalardan birində bir zırrama var idi. Bütün günü işdə zümzümə edə-edə gəzirdi. Onun çıxardığı səslərə zümzümə deməyə də adamın heyfi gəlir, elə bil ağzından şorba axırdı. Yəqin, təxmin edirsiniz adam necə səslər çıxarırdı. Hırıltıya, xorultuya bənzər bir şey... Süpürgəçi isə müxbirləri təhqir edir, söyürdü. Əvvəl-əvvəl mənim kimi bir-iki “asayiş keşikçisi” dillənib, sizcə, nə baş verib? Aaaayyy sağ olun, düz tapdınız! Əlbəttə ki, dərhal işdəki digər müdrik, təmkinli, ağıldan “cırılan” həmkarlar onu sakitləşdiriblər. Biri deyib, baş qoşma, biri deyib, demokratiyadır, biri deyib, o elə də pis oğlan döyül, biri deyib... yox, biri heç nə deməyib, eləcə gözünü döyüb. 
Beləliklə, redaksiyada asayiş bərpa olunub, quzular başlayıblar qurdla bərabərhüquqlu yaşamağın dadını çıxarmağa. İndi təsəvvür edin, ölkədəki çoxsaylı “əlçatmaz” müsahiblərdən birini birtəhər razı salıb redaksiyaya müsahibəyə gətirmişik. Müsahibə başlayan kimi bir də gördün bu “həyulə”, əlində də yarımkiloluq bankaya oxşayan fincanı, varid oldu. Salamsız-kəlamsız, mızıldana-mızıldana keçib özü üçün çay süzürdü, sonra da gəlib kirli əllərini qəndqabına soxub, baş-altı qəndi qamarlayıb, qayıdıb gedirdi. Bunun şokundan çıxmamış bir də görürdün o biri otaqdan səs gəlir: qatı açılmamış qarğışlar, söyüşlər. Monoloq da belə bitirdi: “Külümü qoyum sizin jurnalist başıvıza”...
Belə mənzərələrlə, yəqin ki, çoxlarınız işlədiyiniz ofislərdə rastlaşırsınız. Hələ biz yetim jurnalistlərin bir problemi də var: tərbiyə defektli məmurlardan açıqlama almaq zilləti. Son vaxtlar bu problem daha qabarıq özünü göstərir. Ən aşağı ranqlı məmur belə açıqlama vermədiyi, başından elədiyi bir yana dursun, bizə “siz” deyə müraciət etməyi özünə sığışdırmır. 
Ən pisi isə odur ki, adamlar bu tərbiyəsizlərə qarşı neyləyəcəklərini bilmirlər. Yəni belə vəziyyətdə tətbiq olunacaq ümumi bir çıxış yolu işlənib hazırlanmayıb. Nə qədər qəribə olsa da, bəzi psixoloqlar da belə vəziyyətdə susmağı, həmin adama fikir verməməyi məsləhət bilirlər. Əslində isə belə yanaşma tamamilə yanlışdır! 
Niyə? Gəlin, bəzi şeyləri yadımıza salaq - o hərif şefin də yanında oxuyurmu? Əlbəttə ki, yox! Əksinə, özünü necə lazımdır, qayda-qanunla aparır. Deməli, belələrinin nəzakət və ədəb qaydalarından ümumiyyətlə xəbərsiz olmaları və sağalacaqlarına ümid olmadığı barədə fikirlər yanlışdır. O təlxəklər özlərini harada necə aparmağı yeri gələndə bizdən də yaxşı bilirlər. Sadəcə olaraq onların saymazlığına, hörmətsizliyinə qarşı təpki göstərilmir deyə hədlərini aşırlar.
 Bu dərd də bütün sosial bəlalar kimi silsiləvi dərddir. Vəziyyətin bu yerə çatması birinci növbədə bizdə insanların öz mahiyyətlərini, öz funksiyalarını, öz məsuliyyətlərini, nəhayət, həyatda hər şeyin karma qanunları ilə, bumeranq effekti ilə idarə olunmasından xəbərsiz olmalarından irəli gəlir. Adamlar başa düşməlidirlər ki, onlar həyata başlarını aşağı salıb, yemək yeyib, işləyib, yatıb durmağa yox, həm də ətrafdakı auranı təmizləmək üçün gəliblər. Bu Allahdan onların üzərlərinə qoyulmuş vəzifədir, borcdur. 
Və biz işdəki, yoldakı, qonşudakı, mağazadakı tərbiyəsizliyi ilə insanları narahat edən tərbiyə defektli insanlara qarşı vaxtında birləşməliyik, onlara yerini göstərməliyik. Onlara diskomfort yaşatmalıyıq. Qoy öz davranışlarından utansınlar, narahat olsunlar. Qoy ətraf mühiti öz tərbiyəsizlikləri ilə çirkləndirməsinlər...
Qızılgül.
Mənbə: Milli.Az

 

12 avqust 2014
GO BACK