Qadin.NET / Ruhu ağrıyan adamın iki sonu olur: ya dəlixana, ya...

Ruhu ağrıyan adamın iki sonu olur: ya dəlixana, ya...

 

Dünən o intihar etdi. Üç uşağını tale ümidinə buraxıb alçaqcasına aradan çıxdı.
Bu “alçaq” sözünü hirsimdən yazıram. Əslində onun ruhu bərk ağrıyırdı. Dişlərinə, damağına qədər, ayaqlarına, topuğuna qədər sızıldadırdı onu.
Ağrılara dözməyib öldürdü özünü. Sizin heç nə vaxtsa ruhunuz ağrıyıbmı? Yalan deyirsiniz, daha doğrusu, səhv edirsiniz. Sizin ürəyiniz ağrıyıb, ya bəlkə, vicdanınız ağrıyıb, amma ruhunuz olmayıb o ağrıyan. Ruh ağrısını siz elə-belə bilməyin, xahiş edirəm. Ruhu ağrıyan adamın iki sonu olur: ya dəlixana, ya qəbir. 
Ruh ağrısı da elə can ağrısı kimidir. Amma daha şiddətli ağrıdır. Həm də heç bir ağrıkəsici kömək etmir. Onu hiss edirsən, ona dözə bilmirsən, ağlamaq, sızlamaq nədir, heç bağırmaq, kimisə əzişdirmək belə sakitləşdirmir o ağrıları...
O, bu ağrılardan qurtarmağa cəsarət tapanda elə sevinmişdi ki... Həmin günü kiçik bir ziyafət də keçirmişdi uşaqlarıyla. Lənətə gəlsin ürəyimi, imkan vermir ətraflı yazım bu sonuncu ziyafət haqda. Özünüz istədiyiniz bir mənzərəni, hekayəni uydurun bu yerdə. Nə fərqi onun son günü, son ziyafəti necə keçib, istənilən halda ürək ağrıdan hadisələr baş verib həmin gün...
Bir gün sonra isə o özünü öldürdü.
Bundan bir gün sonra isə onun qapısının zəngi dayanmadan çalınırdı. Bu, onu və balalarını bir il əvvəl tale ümidinə buraxıb, alçaqcasına aradan çıxan əri idi. Uyub arxasınca düşdüyü qadını başqası ilə bir yataqda tutub, it kimi peşman olub, geri qayıtmışdı. Bir il əvvəl bu kişi həmin qadını mələk sanıb, onun “gedək buralardan” mesajının arxasınca uzaq ellərə yola düşmüşdü. 
Dünən isə şübhələri doğru çıxmışdı. Xəyanəti gözü ilə görmüşdü. Başını əllərinin arasına alıb, xeyli hönkürmüşdü. Elə həmin gecə bilet alıb, doğma yuvasına tərəf uçmuşdu. 
O, bir daha onları atıb getməyəcəkdi. Onlara başqa atalar kimi xoşbəxt həyat yaşadacaqdı. Qazandığını qəpiyinə kimi vəfalı arvadına və doğulandan bir gün görməmiş körpə balalarına xərcləyəcəkdi. Elə xoşbəxt olacaqdılar ki, yer üzü belə xoşbəxtliyi nadir hallarda görür. Allahın yazısı belə idi. Amma bu yazının sonunda belə bir qeyd vardı: “Əgər o qadın ruhun əzabından mənə sığınsa, onun içində bu əzablara dözəcək qədər Allah eşqi olsa...”
Bütün əzablardan Allaha sığının. O, bir an sonra xoşbəxt edə biləcək qədər mərhəmətlidir...
Qızılgül.
Mənbə: Milli.Az

 

11 avqust 2014
GO BACK