Qadin.NET / “Hər uşaq bir hədiyyədir!”

“Hər uşaq bir hədiyyədir!”

 

“Hər uşaq bir hədiyyədir!”

 

“Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyi özünün ilk layihəsinin icrasına başlayıb. Lent.az-ın xəbərinə görə, layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial sifarişlərin yerinə yetirilməsi üçün “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara ictimaiyyətin diqqətinin artırılması məqsədilə təbliğat kampaniyasının təşkili” adlı müsabiqədə “Hər uşaq bir hədiyyədir!” adı altında qalib olub.

Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud olan uşaq və yeniyetmələrə diskriminasiyanın qarşısının alınması, onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsinə ictimai marağın artırılması, sağlamlıq imkanlarından asılı olmadan hər bir uşağın cəmiyyətin bir parçası və hər kəsin bərabər yaşama hüquqlu olduğu fikrinin geniş əhaliyə aşılanması, müxtəlif fiziki, əqli qüsurlu uşaqların cəmiyyətdən təcrid olunmaması üçün müxtəlif təbliğat kampaniyaların aparılmasıdır.

“Hər uşaq bir hədiyyədir!” başlığı altında layihə bu ilin iyul ayından 2015-ci ilin yanvar ayınadək Bakı şəhəri ərazisində davam edəcək. Layihənin icrası üçün sosial çarxların çəkilməsi, fleş-mob keçirilməsi, mövzu ətrafında ekspertlərin iştirakı ilə televiziya proqramının hazırlanması, məktəblərdə maarifləndirmə işlərinin görülməsi, geniş əhali arasında müxtəlif maarifləndirici çap məhsullarının paylanması, sonda isə görülən işləri dövlət orqanları, vətəndaş cəmiyyəti və hədəf qrupu nümayəndələri ilə birgə müzakirə edib, problemin qarşısını almaq məqsədilə yeni təkliflərin hazırlanıb, ali qanunverici orqanlara təqdim olunması məqsədilə yekun tədbirin keçirilməsi nəzərdə tutulur.

Layihənin icrası “Gənclərin Sosial Problemlərinin Həllinə Kömək” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində olacaq.

Mənbə: Lent.az

11 avqust 2014
GO BACK