Qadin.NET / Şəkidə tarixi abidə mal-qaranın tapdağı altında qalıb

Şəkidə tarixi abidə mal-qaranın tapdağı altında qalıb

 

Şəkinin Fazıl kəndində yerləşən Əbədi Sükut Dünyası Labirintinin vəziyyətindən söz açacağıq.
Milli.Az Kanal S-ə istinadən bildirir ki, eramızdan əvvəl 3-4-cü minilliyə aid olan muzeyin bugünkü vəziyyəti heç də ürəkaçan deyil. Turistik marşruta salınmış kompleks mal-qaranın örüş yerinə çevrilib. Vəziyyət belə davam edərsə, tarixi abidənin tarixə qovuşacağı şübhəsizdir.
Tarixi abidəyə biganə münasibət, doğrudan da, ürək ağrıdır. Kənardan baxdıqda buranın abidə olub-olmadığına şübhə edirsən. Ətrafda otlayan mal-qaranı gördükdə, ilk baxışda tikilinin tövlə olduğunu zənn edirsən. Analoqu olmayan və indi muzey kimi fəaliyyət göstərən kompleks 2007-ci ildə aparılan qazıntılar zamanı aşkar edilib.
Təqdirəlayiq haldır ki, sonradan muzeyə aparan yola asfalt çəkilib. Ancaq təəssüf ki, muzeyin qorunması əlaqədar təşkilatları düşündürməyib. Nəticə göz önündədir.
Muzeyin mal-qaranın tapdağı altına verilməsi əslində bizim milli-mənəvi mirasa necə dəyər verməyimizin göstəricisidir. Tikilinin damı bir tərəfdən torpağa yaxın olduğu üçün mal-qara rahatlıqla dama girir və havalandırma sisteminə də ziyanlıq vurur. Buna görə də abidənin qorunması üçün ətraf ərazinin hasarlanmasına ehtiyac duyulur. Ancaq sakinlərin də üzərinə müəyyən məsuliyyət düşür.
Məsələ ilə bağlı kənd bələdiyyəsi ilə söhbətləşdik. Bələdiyyə sədri muzeyin acınacaqlı halından xəbərdar olduğunu, lakin bələdiyyə büdcəsinin muzeyin ətrafının hasarlanması üçün yetərli olmadığını bildirdi. Baxımsız vəziyyətdə olmasına baxmayaraq, muzeyə maraq böyükdür. Təkcə bir müddət öncə Şəkidə keçirilən Beynəlxalq İpək Yolu Musiqi Festivalı zamanı bu abidəni 20-ə yaxın ölkənin səfiri ziyarət edib. Bir sözlə, Şəkiyə gələn yerli və xarici qonaqların bəziləri yolunu buradan salır. Ancaq bu ziyarətin qonaqlarda yaxşı təəssürat oyadacağı şübhə doğurur.
Unutmaq lazım deyil ki, bu abidələr bizim dünənimiz, bugünümüz və sabahımızdır. Əgər biz tariximizə lazımı diqqət ayırmasaq, başqalarından tariximizə hörmətlə yanaşmağı tələb etməyə haqqımız çatmır.
Mənbə: Milli.Az 

 

9 avqust 2014
GO BACK