Qadin.NET / Azərbaycan Rusiya bazarına məhsul ixracını genişləndirməkdə maraqlıdır

Azərbaycan Rusiya bazarına məhsul ixracını genişləndirməkdə maraqlıdır

 

Rusiya bazarında Azərbaycan mallarına, o cümlədən kənd təsərrüfatı məhsullarına tələbat çoxdur. Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin nazir Şahin Mustafayevlə görüşündə bildirib.
Avqustun 8-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Vladimir Doroxini qəbul edib.
Görüşdə nazir Şahin Mustafayev digər sahələrdə olduğu kimi Azərbaycan - Rusiya əlaqələrinin iqtisadi sahədə də uğurla inkişaf etdiyini vurğulayıb, Azərbaycanda Rusiya kapitallı 570 şirkətin fəaliyyət göstərdiyini, Rusiya tərəfindən Azərbaycana yatırılmış investisiyaların həcminin 1,8 mlrd. ABŞ dollarını ötdüyünü bildirib.
Nazir qeyd edib ki, son 10 ildə ölkəmiz Rusiya iqtisadiyyatına 1 mlrd. ABŞ dollarından çox investisiya qoyub və 2013-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 10,5% artıb. Şahin Mustafayev bildirib ki, Rusiya bazarı Azərbaycan üçün ənənəvi bazardır və ötən il Azərbaycanın qeyri-neft ixracının 32%-i, kənd təsərrüfatı və emalı məhsullarının ixracının isə 30%-dən çoxu bu ölkənin payına düşüb.
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan və Rusiya arasında əməkdaşlığın genişləndiyini vurğulayıb, Rusiya bazarında Azərbaycan mallarına, o cümlədən kənd təsərrüfatı məhsullarına tələbatın əhəmiyyətli olduğunu bildirib.
Səfir Rusiya Federasiyasının Azərbaycan Respublikasına təyin olunmuş Ticarət Nümayəndəliyinin yeni rəhbəri Eldar Tlyabiçevi təqdim edib.
İqtisadiyyat və sənaye naziri Ticarət Nümayəndəliyinin yeni rəhbəri Eldar Tlyabiçevi təyinatı münasibətilə təbrik edib, onun ticarət əlaqələrimizin daha da genişlənməsinə dəstək verəcəyinə əminliyini vurğulayıb.
Şahin Mustafayev Azərbaycanın qeyri-neft sektorunun, eləcə də kənd təsərrüfatının böyük potensiala malik olduğunu, dövlət dəstəyi tədbirləri nəticəsində qeyri-neft məhsullarının istehsalının ilbəil artdığını qeyd edib və ölkəmizin xarici bazarlara, o cümlədən ənənəvi Rusiya bazarına bu məhsulların, xüsusilə kənd təsərrüfatı və emalı məhsullarının ixracını genişləndirməkdə maraqlı olduğunu bildirib.
Mənbə: Milli.Az 

 

9 avqust 2014
GO BACK