Qadin.NET / Sevgisi divarlarda qalanlar

Sevgisi divarlarda qalanlar

 

Qraffiti, yəni küçə rəssamlığı son zamanlar dünyada geniş yayılan müasir incəsənət növüdür.
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, bəzi ölkələrdə hətta dövlət qurumları da bu sənətin inkişafına təkan verir və gənc rəssamlar üçün müvafiq şərait yaradır.
Azərbaycanda da qraffiti sənətinə maraq göstərənlər az deyil. Lakin bizim gənclərin bu sənətə olan yanaşması bir az fərqlidir...
“Qraffiti” deyəndə ağıla sadəcə maraqlı, rəngarəng şəkillərin gəlməsi heç də doğru deyil. Çünki münasib zəmində çəkilən, cızılan, yazılan yazılar da qraffiti adlanır.
Azərbaycanda isə bunun nümunəsini tapmaq heç də çətin deyil. Bizdə ən geniş yayılmış “Qraffiti” nümunələri hər addım başı qarşımıza çıxan müxtəlif və heç kimə lazım olmayan sayt adları, kiməsə ünvanlanan sevgi mesajları və sair və ilaxır.
Tarixə nəzər saldıqda aydın olur ki, qraffiti azad söz, azad fikri çatdırmaq məqsədilə meydana gələn rəssamlıq növüdür. Mahiyyəti bu olsa da, günümüzdə müasir incəsənətin bir növü kimi qəbul olunur. Bəs görəsən, bizdə qraffitinin bu yöndə “inkişaf” etməsi nədən irəli gəlir?
Təbii ki, incəsənət sevərlər tərəfindən böyük rəğbətlə qarşılanan qraffiti, bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da qanunla qadağan olunub. Lakin bu qadağaya məhəl qoymayanlar da az deyil. Bu cür insanlara olan münasibət isə birmənalıdır.
Hazırda şəhər divarlarını korlayan əsas yazılar - sayt adlarıdır. Sayt adlarının yazılması gənclərin yaratdıqları veb-səhifələrə daha çox istifadəçi cəlb etmək məqsədi ilə tapdıqları ucuz, daha doğrusu, pulsuz reklam növüdür. Beləliklə də reklamın müxtəlif yollarının mövcud olduğu bir cəmiyyətdə yaşadığımız halda binaların üzəri mənasız və səliqəsiz şəkildə korlanır.
Ümid edək ki, bu yazıları yazanlar etdikləri hərəkətin nə dərəcədə çirkin olduğunu düşünmürlər. Əgər bu addım bilərəkdən atılırsa, o zaman bu haqda ciddi düşünməyin vaxtıdır...
Mənbə: Milli.Az 

 

9 avqust 2014
GO BACK