“Görüşün gedişatı zamanı həm gərginlik aradan qalxa bilər, həm də danışıqlar prosesinə qapı açıla bilər”. Bu sözləri ANS PRESS-ə açıqlamasında politoloq Rasim Ağayev deyib. O, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin nəzərdə tutulan Soçi görüşünün nələr vəd etdiyini şərh edib. Politoloqun fikrincə, Qarabağın istər sülh, istər siyasi, istərsə də müharibə yolu ilə həll olunması üçün ilk növbədə prezidentlərin danışıqlar aparmasını vacib sayır. Onun sözlərinə görə, bu proses olmasa məsələnin həlli mümkün deyil: “Gərək prezidentlər görüşüb bir-birlərinə münasibətlərini desinlər. Çünki prezidentlər öz ölkələrinin ən səlahiyyətli şəxsləridir. Hansısa qərarı qəbul etməkdə onların səlahiyyəti var. Əgər həqiqi mənada tərəflər hazır olarsa o zaman diplomatik addımlar atıla bilər. Əgər tərəflər sülhməramlı istiqamətdə Soçiyə gələrsə təbii ki, bu, münaqişənin həllinə heç nə verə bilməz. Ermənistan hakimiyyəti müxtəlif istiqamətlərdən təzyiqə məruz qalıb. Məhz buna görə, onlar istər-istəməz kompromis addımlar ata bilərlər”. Politoloq Tofiq Abbasov isə ANS PRESS-ə açıqlamasında Ermənilərin artıq limitinin qalmadığını söyləyib. O bildirib ki, erməni tərəfi də artıq bunu başa düşür:"Azərbaycan son günlər Ermənilərin cəbhədəki təxribatının qarşını alıb. Düşmənə adekvat cavab verildi. Bu isə düşmənə soyuq duş effekti yaşatdı. Artıq hiss olunur ki, cəbhədə sakitlik və sabitlik hökm sürür. Erməni tərəfi bir növ məsuliyyəti dərk edərək "əl-ayağını" yığışdırıb. Düşmən artıq dərk edir ki, sülh prosesindən yayınmaq olmaz. Azərbaycanın daim danışıqlara hazır olmasını bəyan etməsinə baxmayaraq, rəsmi İrəvan vəziyyətdən çıxış yolunu danışıqları yarımçıq qoyub müxtəlif bəhanələrlə masanı tərk etməkdə görür. Ermənilərin artıq limiti qalmayıb və onlar özləri də bunu başa düşürlər. Ermənilər 2015-cilin aprelində qondarma erməni soyqırımının guya 100 illiyini keçirmək fikirindədir. Onlar o vaxta qədər vəziyyəti bu cür davam etdirməklə özlərinə imtiyazlar əldə etmək istəyirlər. Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyiş müşahidə olunarsa bu, regionda tarazlıq yarada bilər. Soçi görüşündə Azərbaycan tərəfi çox ciddi şəkildə işğal məsələsini gündəmə gətirəcək. Artıq İrəvan gah nala, gah mıxa vura bilməyəcək. Gərək ermənilər münaqişənin həlli istiqamətində ya hə desin, ya da yox". Onun sözlərinə görə, Rusiya ABŞ və Avropanın sanksiyaları fonnunda Azərbaycanla və eyni zamanda Türkiyə ilə də əlaqələri genişləndirmək niyyətindədir. Bildiyiniz kimi Türkiyənin Avropa Birliyinə üzv prosesi 50 ildən çoxdur ki uzanır. "Çərrəyən" Türkiyə bu məsələləri nəzərə alaraq Avrasiya məkanını gözdən keçirir. Türkiyə Rusiya, Azərbaycan və regiondakı digər ölkələrlə yeni geoiqtisadi və yeni geosiyasi əlaqələrin qurulmasında maraqlıdır. Ermənistanın bu prosesdəki "tormuz" funksiyası isə zənnimcə aradan qaldırılmalıdır".Politoloq Rasim Musabəyov da ANS PRESS-ə açıqlamasında Soçi görüşü barədə danışıb. O bildirib ki, görüşdə gərgin vəziyyətdə olan Qarabağ konfiliktinin həlli ilə bağlı danışıqlar gözlənilir. Amma inandırıcı deyil ki, bu görüş nəticəsində bilavasitə bu münaqişənin həllinə doğru hansısa böyük bir irəliləyiş olsun: “Prezidentlərin görüşü bəlkə yaxın zaman üçün gərginliyin artmamasına təsiri edəcək. Rusiya ciddi şəkildə Ermənistana qarşı təsir göstərmədiyi müddətcə bu münaqişənin həllindən nəticə gözləməyə dəyməz. Hələki Rusiyanın belə bir addım atacağı hiss olunmur”.Politoloq Ermənistanın öz iddialarından əl çəkməsinin inandırıcı olmadığını düşünür. R. Musabəovun fikrincə, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarını geri qaytarmaq istəyi hələlik hiss olunmur.
Mənbə: ANS PRESS