Qadin.NET / Görmə qəflətən itsə, nə etmək lazımdır?

Görmə qəflətən itsə, nə etmək lazımdır?

 

“Göz insan bədəninin aynasıdır. Gözdə yaranan problemlərin sadəcə, bu orqanının özü ilə bağlı olduğunu düşünmək yanlış olar. Beyində, daxili orqanlarda gedən proses özünü gözlərdə də göstərir. Məsələn, beyinlə bağlı hər hansı patoloji prosesin, travmatik hadisənin göz dibinə, görməyə təsiri olur”.
Milli.Az bildirir ki, bu barədə APATV-nin “Öncə sağlıq” proqramında oftalmologiya uzmanı, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Oftalmologiya bölməsinin baş ordinatoru Samir Musayev deyib.
Samir Musayev ürəkdə, qaraciyərdə olan xəstəliklərin də göz dibində problemlər yaratdığını bildirib. Onun sözlərinə görə, gözdə ən böyük problem yaradan xəstəliklər sırasında arterial hipertenziya (yüksək təzyiq) və şəkərli diabet xəstəliyi öndə gəlir: “Göz dibində, daha doğrusu, torlu qişada yaranan problemin bizə verəcəyi yeganə klinik əlamət görmə ilə bağlıdır. Əgər bir insanın göz dibində, torlu qişasında problem yaranıbsa, bu ancaq və ancaq görmənin zəifləməsi, itməsi ilə özünü göstərə bilər”.
Mütəxəssis, torlu qişada anadangəlmə, genetik olaraq problemlərin də olmasının mümkün olduğunu, sonradan yaşla bağlı xəstəliklərin də ortaya çıxa biləcəyini deyib.
Onun sözlərinə görə, torlu qişada stresslə də bağlı problemlər ortaya çıxır: “Problem yarananda ağrı ilə özünü büruzə vermir. Gözün qarşısında hər hansı bir xəttin, ya da pərdənin yaranması, bir cismin yarım görülməsi birdən-birə özünü göstərir. Buna qədər isə göz önündə qara nöqtələrin əmələ gəlməsi mümkündür”.
Görmənin qəflətən itməsi problemi barədə danışan mütəxəssis deyib ki, gözü qidalandıran damarın anidən tıxanması görmənin qəflətən itməsinə səbəb olur: “Oftalmik damarın tıxanmasında da eyni hal baş verir. Görmənin itməsinə səbəb olan ən böyük problem isə torlu qişanın yerindən qopmasıdır. Bu problemlərin hər birinin müalicəsi var, amma çox təəssüflər olsun ki, bütün müalicələrin nəticəsi müsbət olmur.
Torlu qişanın arterial tıxanmasının əməliyyat şəklində müalicəsi yoxdur. Xəstə altı saat ərzində həkimə müraciət etsə, problemi aradan qaldırmaq mümkün olur. Etməsə, göz itirilmiş sayılır. Bunun əsas əlaməti anidən gözünün önünə qara pərdə gəlməsidir. Bu hal gecə yarısı da baş vermiş olsa, xəstəni mütləq oftalmoloqa çatdırmaq zəruridir”.
Samir Musayev onu vurğulayıb ki, torlu qişanın yerindən qopması anidən baş verə biləcək problem deyil. Bu, günlərlə, aylarla gedən prosesin nəticəsində baş verir: “Buna qədər insanın gözünün qabağında qar yağırmış, nəsə uçuşurmuş, şimşək çaxırmış, pərdə əmələ gəlirmiş, görmənin yarısı itirmiş kimi əlamətlərin olması mümkündür. Bu əlamətlər torlu qişada problem yarandığına işarədir. Belə hallarda vaxtında həkimə müraciət olunsa, problemi aradan qaldırmaq mümkündür”...

Mənbə:Milli.Az

 

7 avqust 2014
GO BACK