Qadin.NET / İranlı nazir Təzəpir məscidini ziyarət etdi

İranlı nazir Təzəpir məscidini ziyarət etdi

 

Avqustun 7-də İran İslam Respublikasının Rabitə və informasiya texnologiyaları naziri, İranla Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi Təzəpir Məscid Kompleksini ziyarət edib.
Qafqaz Müsəlmanları İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, qurum sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev Təzəpir məscidinin tarixi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə kompleksdə aparılan yenidənqurma işləri barədə məlumat verib.
İranlı nazir Təzəpir məscidini öz mehriyəsi hesabına inşa etdirən Nabat xanım Aşurbəyovanın məscidin girişindəki məzarını da ziyarət edib, ruhuna dualar oxuyub.
Mahmud Vaezi Təzəpir Məscid Kompleksinin kitabxanasında saxlanılan qədim Quran nüsxələri, nadir əlyazmalarla tanış olub.
Sonra qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə qəbul edib. Şeyxülislam həzrətləri nazir Mahmud Vaezinin Azərbaycana səfərini, keçirdiyi rəsmi görüşləri yüksək dəyərləndirib.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanla İran arasında münasibətlərin tarixi köklərə malik olduğunu diqqətə çatdırıb, beynəlxalq aləmdə ölkəmizə verdiyi dəstəyə görə qonşu ölkənin rəhbərliyinə minnətdarlığını bildirib. Qafqaz Müsəlmanları İdarəsinin sədri salamlarını İran İslam Respublikasının Ali Dini rəhbəri Seyid Əli Xameneiyə, ölkə prezidenti Həsən Ruhaniyə və İran xalqına çatdırmağı nazirdən xahiş edib.
İran İslam Respublikasının Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ölkəsinin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini diqqətə çatdırıb, iki qonşu dövlət arasında qarşılıqlı münasibətlərin inkişafı üçün görüləcək işlərdən danışıb. Azərbaycanın son illərdə bütün sahələrdə irəliləyişə nail olduğunu deyən nazir Azərbaycan Prezidenti İlham Əliyevin məscid və ziyarətgahların təmirinə xüsusi diqqət ayırdığından məmnun olduğunu bildirib.
QMİ-i sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli, iki ölkənin Fövqəladə və səlahiyyətli səfirləri Cavanşir Axundov və Möhsun Pak Ayinin iştirak etdikləri görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Şeyxülislamın nazir Mahmud Vaezi ilə görüşündən geniş reportaj “Haqqın Nuru” qəzetinin növbəti sayında təqdim ediləcək.
Mənbə:ANS PRESS 

 

7 avqust 2014
GO BACK