Qadin.NET / Hipotrofiya - körpə bəlası

Hipotrofiya - körpə bəlası

 

Arıqlama və psixi-fiziki inkişafdan qalma real təhlükədir
Körpə dünyaya gəldikdən sonra ətrafdakı hər kəs onun böyüməsi, sağlam olması, normal inkişaf etməsi üçün əlindən gələni əsirgəmir. İlk günlərindən körpənin düzgün qulluqla böyüməsi onun gələcək həyatında da böyük rol oynayır.
Əksər hallarda valideynlər təcrübəsizlikdən uşağa elə də fikir vermir, yaxud əslində böyük problem olan kiçik hadisələri diqqətə almırlar. Nəticə isə özünü hər hansı bir xəstəlik olaraq göstərir. Məhz bu problemlərlə qarşılaşmamaq üçün hər ay pediatr qəbulunda olmaq və daimi olaraq körpəyə nəzarət etmək lazımdır. Əslində kiçik bir hal kimi görünən iştahsızlıq belə sonradan çox böyük problem yaradır.
Körpənin normal qidalanmaması, valideynlərin buna fikir verməməsi, uşağın doyduğu qənaətinə gəlib yeməyinə diqqət etməməsi körpədə hipotrofiya yaradır. Uşağın çəkisinin defisiti hipotrofiya adlanır və valideynlərin çoxu bundan xəbərsizdir. Uşaqda hipotrofiya olduqda onun orqanizmində olan orqan və sistemlərinin inkişafı gecikmiş olur, uşaq tez-tez infeksion xəstəliklərə tutulur. Hipotrofiyanın ağır formaları hətta uşağın ölümünə səbəb ola bilər. 1-ci dərəcəli hipotrofiya xüsusi pəhrizlərin köməyi ilə ev şəraitində müalicə olunur. 2-ci və xüsusən 3-cü dərəcəli hipotrofiya ciddi problem hesab olunur və adətən xəstəxana şəraitində müalicə olunur.
Həkim pediatr Xatirə İsayevanın sözlərinə görə, hipotrofiya qidalanmanın xroniki pozulmasıdır və bədən çəkisinin müxtəlif dərəcədə itirilməsi ilə xarakterizə olunur. Bir qayda olaraq erkən uşaqlıq dövründə müşahidə olunur və dərhal qarşısı alınması üçün tədbirlərə başlanılır: "Çəki artımının pis olmasının 3 qrup səbəbi olur. Birinci qrup səbəblər qeyri-adekvat, balanslaşdırılmamış qidalanmadır. Ana südü ilə qidalanan uşaqlara ananın südü, sadəcə olaraq azlıq edə bilər, yəni ananın südü uşağa tələb olunan miqdardan az ola bilər. Bu halda uşağın çəkisi kifayət qədər artmır, o çox zaman narahat, ac olur, qida qəbulları arasında minimal fasiləyə də tab gətirmir. Normalda uşaq 3 saatdan bir qidalandırılırsa, uşaq 3 saat yerinə 1 saat bitdikdə narahat olub, ağlamağa başlayır. Ana südünün çatmadığı aşkar edildiyi hallarda uşağa əlavə qida, ana südünü əvəz edən adaptasiya olunmuş qida qarışığı verilməlidir. Uşaqda çəki artımının az olmasının digər səbəbi - əlavə qidalanmanın gecikdirilməsidir. Əlavə qidaların verilməsinin optimal müddəti uşağın 5 aylığıdır. Valideynlər uşaq sağlam olsun deyə 9-10 aya qədər süd verirlər. Bu da uşağın doymamasına və mədənin zədələnməsinə səbəb olur".
İkinci qrup səbəblər qidanın mədə-bağırsaq sistemi tərəfindən pis mənimsənilməsi. Bu zaman qidalanma düzgün və miqdar etibarı ilə kifayət qədər olsa da bağırsaqda olan problemlər səbəbindən qəbul edilən qidalar pis mənimsənilir. Əgər çəki artımının az olmasının səbəbi bağırsaq olarsa, bu, nəcis ifrazının pozulması və qarında olan ağrılarla müşayiət olunur. Pediatr belə olan halda mütləq vaxt itirmədən həkimə müraciətin vacib olduğunu deyir: "2-ci dərəcəli hipotrofiya çəki itkisi 25-30% olur. Dərialtı piy qatı qarın ətrafında xeyli nazikləşir, yalnız üzdə qalır. Dəri quruyur, asanlıqla bükülür. Boy inkişafı zəifləyir, iştah itir, uşaq oyanıq olur, termorequlyasiya pozulur. Quru kəskin qoxulu, rəngsiz nəcis, dispeptik həzm olunmamış qida qalıqları ilə seliklə qarışıq nəcislə əvəz olunur. Valideynlər belə olduqda uşağın soyuqlaması, xəstələnməsini səbəb olaraq göstərirlər və həkimə müraciəti gecikdirirlər. Üçüncü qrup səbəblər isə maddələr mübadiləsinin pozulmasıdır. Belə olan halda da uşaq hər nə qədər körpə olur-olsun, pediatr göstərişi ilə endokrinoloqa müraciət edilməlidir".
Hipotrofiyanın müalicəsi çox sadədir. Vaxtında diaqnoz qoyulduqda qida rasionu düzgün tənzimlənir, vitaminlər, fermentlərlə rəngləşdirilir. Ağır dərəcələr hipotrofiyalı uşaqları qlükoza, zülal və digər gərəkli sistemlər köçürülür. Vaxtında müalicə almayan və valideyn səhlənkarlığı ilə üzləşən uşaqların isə ölüm və ya şikəst olma riski çox yüksəkdir. Bu səbəbdən valideyn körpəsinə qarşı daim müşahidəçi rolunda olmalı və müşahidələrini də pediatrla bölüşməlidir.
Mənbə:Milli.Az 

 

7 avqust 2014
GO BACK