Qadin.NET / Sonuncu dəfə nə vaxt məktub yazmısınız?

Sonuncu dəfə nə vaxt məktub yazmısınız?

 

Söhbət kağız məktublardan gedir.
Milli.Az bildirir ki, Kəpəz TV-nin əməkdaşı Zülfiyyə Telmanqızı şəhər sakinləri arasında sorğu apararkən məlum olub ki, əksər insanlar nə vaxt məktub yazdıqlarını artıq unudublar. Amma bunlara baxmayaraq mərkəzi poçtdan verilən informasiyada məktub yazanların sayında ötən illə müqayisədə artım olduğu bildirilib.
Müasir texnologiyanın inkişafı bir sıra ənənələrin sıradan çıxmasına səbəb olub. Eləcə də məktub yazmaq ənənəsinin. Əvvəllər uzaqda olan doğmalarına hər kəs kağız məktublar yazırdısa, bu gün onu smslər əvəz edir. Gəncə Şəhər Mərkəzi Poçtundan verilən məlumata görə, əslində ötən illə müqayisədə bu il məktub yazanların sayında artım var. Belə ki, ötən il şəhər mərkəzi poçtundan çıxan məktubların sayı 11140, daxil olanların sayı isə 32276 olub. Bu il isə uyğun şəkildə bu rəqəmlər artaraq, 11653 və 37802 olub. Buna baxmayaraq, şəhər sakinləri arasında apardığımız sorğu nəticəsində bəlli oldu ki, onlar son dəfə nə vaxt məktub yazdıqlarını belə xatırlamırlar.
Şəhər sakini: “Yadıma gəlmir heç nə vaxt məktub yazmışam, ancaq telefonla”.
Şəhər sakini: “Haradasa 10 il olar ki, mən nə kiməsə məktub yazıram, nə də ki, məktub alıram”.
Şəhər sakini: “Əvvəllər sevgi məktubları yazmışam, hamısı da yadigar durur”.
Məktub yazma ənənəsi ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin üzvü Məmməd Alim öz fikirlərini bildirərək, məktub yazmanın yenidən ənənəyə çevrilməsi arzusunda olduğunu qeyd edib.
Məmməd Alim - AYB-nin Gəncə bölməsinin sədri: "Ümumiyyətlə, poçt vasitəsilə məktub göndərmək, bir-birinə ürək sözlərini çatdırmaq gözəl bir ənənə idi. Mən arzu edərdim ki, bizim gənclərimiz məktub yazmağa qayıtsınlar. Öz ata-babalarından əxz etdikləri o gözəl ənənəni yaşatsınlar. Bir könüldən başqa bir könülə uzanan körpüdür məktub. Qoy bu körpülər daimi olsun".
Yüksək texnoloji inqilab və sözümüzü daha asan çatdırmaq üçün vasitələr olsa belə, ildə bir dəfə də olsa məktub yazmalı və bu mədəniyyəti özümüz üçün aşılamalıyıq.
Əslində məktub yazmanın üstün cəhəti yazanı düşündürməsidir. Yazdıqca xəyallara dalırsan, yazının ünvanı bir az da doğmalaşır sənin üçün. Eyni zamanda məktub almaq da sms almaqdan daha doğmadır. Çünki illər boyu səndə qalır, dəyişənsə bir şey olur - ağ kağızın saralması...
Bəs siz, sonuncu dəfə nə vaxt məktub yazmısınız?
Mənbə:Milli.Az 

 

6 avqust 2014
GO BACK