Qadin.NET / Ohanyan Azərbaycana gəlib

Ohanyan Azərbaycana gəlib

 

Ermənistan Respublikasının müdafiə naziri Seyran Ohanyan Azərbaycan torpağı Qarabağda qondarma respublikanın "rəsmiləri"lə görüşüb.  ANS PRESS-in məlumatına görə, görüşdə qondarma qurumun "müdafiə naziri" də iştirak edib.
Tərəflər görüş zamanı əsasən son zamanlar təmas xəttində baş verənləri müzakirə edib.
Seyran Ohanyan 1 iyul 1962-ci ildə Azərbaycanın qədim torpağı olan Şuşa şəhərində anadan olub. 1983-cü ildə Bakıdakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. O, Qarabağ müharibəsinin əsas simalarından biri hesab edilir. Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalı və kütləvi qətllərdə, o cümlədən Xocalıda dinc əhaliyə divan tutulmasında fəal iştirak edib. Bu səbəblə barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub.
Qeyd edək ki, işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri son günlər fəallaşaraq Ermənistan-Azərbaycan dövlət sərhəddinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın ediblər.
Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər.
Silahlı Qüvvələrimizin bölmələri düşmənin bütün həmlələrini dəf edib, şiddətli döyüşlər nəticəsində ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur ediliblər.
Nəticədə 3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 10-dan çox hərbi qulluqçusu həlak olub.
Müdafiə Nazirliyi bildirir ki, cəbhə xətti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır və şəhid olmuş hərbi qulluqçularımızın qanı yerdə qalmayacaq.
Mənbə:ANS PRESS 

 

6 avqust 2014
GO BACK