Qadin.NET / Müasir cəmiyyətimizdə psixoloqa müraciət niyə normal qəbul edilmir?

Müasir cəmiyyətimizdə psixoloqa müraciət niyə normal qəbul edilmir?

 

 

İnsan bəzən həyatda elə situasiyalarla rastlaşır ki, o özünü sanki çıxışsız bir labirintdə hiss edir. Bu yolda bizə təcrübəli insan kömək ola bilər. O artıq bu labirintin çıxışlarını bilir və bizə bu sınaqdan çıxmağa kömək edəcək. Sözsüz ki, söhbət psixoloqlardan gedir..
Milli.Az Kəpəz Tv-yə istinadən bildirir ki, cəmiyyətdə psixoloqa müraciət hələ də normal qəbul edilmir. Psixoloji problemləri olanlar bunu bəzən yaxınlarının köməyi, bəzən isə təkbaşına həll etməyə çalışırlar. Bu isə xoşagəlməz haldır. Bəs görəsən, insanlar niyə psixoloqa yox, digər üsullara əl atmağı üstün tuturlar?
Aysel Qasımlı - psixoloq: "Birinci problem o idi ki, psixoloq və psixiatr anlayışını ayırd etməkdə insanlar çətinlik çəkirdilər. Onlarda hansısa əqli zəifliyin, patoloji problemin olduğunu düşünürdülər. Ancaq əslində bu belə deyil və cəmiyyətimiz bunu qəbul eləməyə başladı. Gənc psixoloq və ya ixtisaslı psixoloqlar tərəfindən bunun mənası açıqlanmağa başladı. Cəmiyyətdə psixoloq tanınmağa başladı. Hazırda psixoloqa müraciət edənlərin sayı artır. Əvvəlki dövrə nisbətən çoxalıb. Psixoloq insanlara sadəcə məsləhət vermir, onları sakitləşdirmir, onların daxilindəki məni də onlara tanıdır, içindəki güclə onları tanış eləyir. Onun qarşısına yol ayrıcları qoyur. İnsan artıq o vəziyyətə gəlir ki, həmin problemi özü həll etməyə başlayır.
Psixoloq bu yolda sadəcə olaraq, ona dəstək, kömək olur. Hər bir şeyi aydınlığı ilə ona göstərməyə çalışır.
Hazırda cəmiyyətimizin ən böyük problemi insanların bir-birinə yadlaşması, özgələşməsidir. Heç kimin başqasının ruh halı ilə maraqlanmaması bir sıra problemlərə yol açır ki, bu isə öz növbəsində insanlarda müəyyən gərginliklər, narahatlıqlar yaradır. Müsahibimiz bildirir ki, psixoloqa daha çox 13-30 yaş aralığında olan insanlar müraciət edirlər. 13-17, 17-21, 21-30 yaş qruplarının problemləri bir çox hallarda bir-birlərinə yaxın olur. 50 yaşdan yuxarı insanların müraciət etməsi isə az hallarda baş verir".
Qeyd edək ki, hazırda Gəncə şəhərində 1 psixiatriya xəstəxanası və 1 dispanser fəaliyyət göstərir.
İnsanın psixoloji sağlamlığı onun fiziki sağlamlığı qədər vacibdir. Ona görə də, psixoloji sağlamlığı pozulan insan elə ətrafdakılarla da, sağlam münasibət qura bilmir.

Mənbə: Milli.Az

6 avqust 2014
GO BACK