Meyvənin, tərəvəzin və ya başqa qidaların nə qədər dadlı olması barədə tövsiyələr uşaqlara əks-təsir göstərir.
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, İllinoys Universitetinin alimləri belə bir iddia ilə çıxış ediblər.
Bu cür söhbətlərdən sonra uşaqlar təriflənən yeməkləri yemək istəmirlər. Bunun səbəbi isə sadədir. Ağlı kəsən uşaqlar anlayırlar ki, faydalı olan şeylər dadlı deyil.
Bunu öyrənmək üçün alimlər bir neçə eksperiment keçiriblər. Eksperimentlərdə 3-5 yaşlı uşaqlar iştirak ediblər. Uşaqları bir neçə qrupa bölüblər. Uşaqlara kök və kreker yeyən qız haqqında əhvalatı danışıblar. Əhvalatda deyilib ki, kök yedikdən sonra qız necə ağıllı, sağlam və güclü olub. Onun oxumağı və yazmağı necə rahat öyrəndiyini deyiblər. Digər qrupdan olan uşaqlara danışılan əhvalatda bu barədə söz açılmayıb.
Hər iki qrupdan olan uşaqlar əhvalatı diqqətlə dinləyiblər. Heç bir fərq gözə çarpmayıb. Ancaq qızın yediyi qidaları uşaqlara təklif etdikdə, fərq özünü göstərib. Kökün faydaları haqqında söz açılmayan qrupun üzvləri bu qidanı asanlıqla götürüblər. Digər qrupun uşaqları isə kökə qətiyyən yaxın durmaq istəməyiblər.
Alimlərin sözlərinə görə, bu cür nəticə bir daha göstərir ki, balaca uşaqlar faydalı şeylərin dadsız olduğuna əmindirlər.