Qadin.NET / Ömrü qısaldan zərrəciklər

Ömrü qısaldan zərrəciklər

 

Kiçik zərrəciklərdən ibarət, həcmi 300 mikrondan daha az olan, kimyəvi və fiziki xüsusiyyətlərə malik və uzun müddət havada qala bilən kiçik maddələr toz adlanır. Bəzən həcmi 1 mm qədər olan toz görüş məsafəsini azaltmalqla yanaşı, insan sağlamlığına da ciddi zərər vurur və iş qabiliyyətini azaldır.
Toz olub, olacaq və bunun qarşısını almaq heç cür mümkün deyil. Tarix boyunca hər zaman insanlar toza qarşı mübarizə aparıblar və bu indi də davam edir. Bu məqamda məşhur təbiblərdən olan İbn Sinanın sözünü xatırlamaq yerinə düşərdi: “Toz olmasaydı, insan min il yaşayardı”.
Tozun növləri
Həkim-toksikoloq Ələddin Xəlilov Milli.Az-a açıqlamasında gözlə görülə bilən və ya görülməyən tozun bir çox növlərinin və bunlardan bir çoxunun insan orqanizminə zərərli təsirinin olduğunu söyləyib: “Böyüklüyü 100-50 mikron arasında olan toz insan orqanizminə daxil olsa da onların bir çoxu yuxarı tənəffüs yollarında tutulur. 5-0,5 mikron arasındakı toz ağciyərlərə qədər çata bilir və alveollarda toplanaraq xəstəlik yaratma qabiliyyətinə malikdir. Bu tip toz daha çox sənaye müəssisələrində işləyənlər üçün təhlükə mənbəyidir. Böyüklüyü 0,5 mikrondan az olan toz daim orqanizmə daxil olan, bir çox hallarda zərərsiz olan zərrəciklərdir. İnsana ən çox zərər verən toz isə toksik, radiaktiv və kanserogen tozdur. Toksik toz sinir və tənəffüs sistemini, daxili orqanlardan qaraciyər, böyrəklər, mədə-bağırsağa zərərli təsir göstərərək xroniki xəstəliklər yarada və zəhərlənmələrə səbəb ola bilər. Bu bəzi metalların - nikel, xrom, manqan, vanadium tozudur. Radiaktiv toz kimyəvi olan və istehsalat prosesində yaranan - uran, sirkonium, tritium mənşəli tozdur. Kanserogen toz isə tənəffüs sistemi və ağciyərdə xərçəng yaradan asbest tozundan ibarətdir. Digər qrup toz isə allergik (pambıq, kətan, yun) mənşəli olub astma və dəri xəstəliyi olan ekzemaya səbəb olur.
İnsana zərər verməyən və heç bir xəstəlik yaratmayan isə mərmər, gips və əhəng tozudur”.
Toz-dumanlı Bakı
Ekoloq Novruz Quliyevin Milli.Az-a dediyinə görə, 20-ci əsrin ən böyük problemlərindən biri də ekoloji çirklənmədir. Bu çirklənmə nəfəs aldığımız havadan tutmuş bütün ekoloji sahələrdə özünü büruzə verməkdədir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, insan sağlamlığının 5-10 faizi ekoloji vəziyyətlə bağlıdır. Hazırkı dövrdə xəstəliklərin əsas mənbəyini havanın, suyun, torpağın çirklənməsi, radiasiya fonunun yüksəlməsi və keyfiyyətsiz qidalanma təşkil edir.
Müstəqillik əldə olunduqdan sonra paytaxt Bakı iqtisadi inkişaf və sürətli böyümə dövrünü yaşayır. Bu inkişaf və böyümə ekoloji vəziyyətə də mənfi təsirsiz ötüşməyib. Bakıda tikinti bumunun sürətli gedişi, avtonəqliyyatın çoxluğu, sənayenin, neft istehsalı sahələrinin genişlənməsi, paytaxtda və şəhərə yaxın ətraf ərazilərdə yolların tikintisi, daş karxanalarındakı işlər və zibillik poliqonlarının olması havanın çirklənməsinin əsas səbəblərindəndir. Bu çirklənmənin qarşısının alınmasında müstəsna rolu olan yaşıllıqların qırılması isə ekoloji problemləri daha da artırır. Bakıda hər adam başına düşən yaşıllıq zonası Moskva və Kiyevə nisbətən 5-6 dəfə azdır. Bu yaşıllıqların yerində isə hündürmərtəbəli binalar ucalmaqdadır. Göydələnlərdə tikinti işləri isə güclü tozla müşahidə olunur. Burada tikinti üçün bünövrədən çıxan min tonlarla torpaq kütləsinin ətraf ərazilərə necə gəldi daşınması, tikinti materialları ilə dolu yüklərin iritutumlu avtomobillərlə paytaxt küçələri ilə hərəkət etməsi və onların boşaldılması paytaxtın palçıq və tozla çirklənməsini daha da artırır.
Avtomobillərin hərəkəti zamanı havaya buraxılan zəhərli qazlar və onların təkərlərindən çıxan kimyəvi maddələr atmosferin çirklənməsini sürətlə artırır. Avtomobildə sürət artdıqca zəhərli olan qurğuşun tozunun və təkərlərdən çıxan tozun miqdarı, həmçinin tıxaclarda zəhərli qazların həcmi daha da çoxalır. Avtomobil işlək vəziyyətdə olarkən atmosferi 74 faiz dəm qazı, 22 faiz karbohidrogen, 4 faiz azot oksidləri, 0,07 faiz qurğuşunla çirkləndirir.
Bakı yaxınlığındakı ərazilərdə neft emalı zavodlarının, istifadədə olan və olmayan yataqların, neftlə çirklənmiş torpaqların olması da şəhər havasını çirkləndirən amillərdəndir. Güclü küləklər nəticəsində bu ərazilərdə illər boyu yaranan zərərli kimyəvi zərrəcikli toz şəhərə daxil olur və insan orqanizminə mənfi təsir göstərir. Həmçinin müəssisələrdən istehsalat zamanı havaya atılan qazlar, küllü miqdarda toz hissəcikləri və tüstü birbaşa əhalinin sağlamlığına zərər vurur.
Şəhərdaxili yeni yolların tikintisi və köhnələrinin təmiri də problemlər yaradır. İş zamanı yaranan həddən artıq qatı toz güclü küləyin təsiri ilə şəhərin müxtəlif ərazilərinə asanlıqla yayılır. Bu zaman həm küçədə olan insanlar, həm də evdə yaşayanlar toza məruz qalırlar. Digər tərəfdən yola döşənən isti asfalt örtüyündən buxarlanan kimyəvi zərrəciklər tozdan da zərərli təsirlərə malikdir. Paytaxt ətrafında yerləşən yüksək ərazilərdə daş karxanalarının fəaliyyəti nəticəsində yaranan toz buludları küləyin qovması ilə çox qısa zamanda şəhərə daxil olaraq havanı çirkləndirir. Abşeron yarımadasında və Bakı şəhərində ən ciddi problemlərdən biri də tullantıların toplandığı zibilliklərdir. Rəsmi fəaliyyət göstərən 5 məişət tullantısı poliqonunun mövcud olduğu ərazinin böyüklüyü 230 hektardan artıqdır. Ancaq digər ərazilərdə yerləşən qanunsuz zibilliklərin sahəsi bundan da çoxdur – 450 hektar. Son dövrlər belə ərazilərdə zibilin istehsal edilməsi üçün zavod tikilərək tullantıların çeşidlənməsi aparılsa da bu yetərli deyil. Açıq ərazilərə tökülən bu zibillər basdırılmır, dərmanlanmır, əvəzində isə yandırılaraq atmosfer zərərli tullantılarla zəhərlənir.
Statistika
Azərbaycan ərazisində əsasən də Bakı şəhərində havanın çirklənməsi hər il artır. Burada həm avtomobillərdən atılan zərərli qazlar, zibil poliqonlarındakı tullantıların yandırılması və buxarlanması nəticəsində yaranan və müxtəlif sahələrdə istehsalat zamanı atmosferə atılan zərərli maddələr rol oynayır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi son göstəricilərə əsasən Dövlət Statistika Komitəsinin hazırladığı statistik məlumata görə, ölkə üzrə 2012-ci ildə ümumilkdə atmosferə 1075 min ton zərərli maddə atılıb. Bunun 849 min tonu avtonəqliyyatın, 226 min tonu isə sənaye və digər müəsisələrin payına düşür. Bakı şəhəri üzrə avtomobillərdən atılan bu maddələrin miqdarı 555,4 min ton təşkil edir. Aparılan müşahidələr zamanı Bakı şəhərində ən çox çirklənməni toz, kükürd qazı, dəm qazı, karbon qazı, karbon və azot oksidləri, hidrogen sulfid, his, hidrogen flüorid, xlor, civə, ammonyak, sulfat turşusu və neft emalı zamanı yaranan fulfurol maddələri yaradır.
Zərərli qazlar
N.Quliyevin sözlərinə əsasən, hər il artan ekoloji kirlilik insan həyatını qısaldır. Aparılan araşdırmalar nəticəsində çirkli şəhərlərdə zərərli qazların insan ömrünü 3-4 il azaltdığı müəyyən edilib. Belə şəhərlərin əhalisində daha çox faringit, bronxit, bronxial astma, konyuktivit və digər xəstəliklər yaranır. Havada olan azot 2-oksid (NO2) selikli qişa ilə yanaşı, tənəffüs orqanlarına da zərərli təsir göstərir. Bəzən onun həddən artıq olması ağciyərlərin ağır zədələnməsinə gətirib çıxarır. Bu qazın 350-550 mikrondan çox olması bronxial astma xəstələrinə daha çox zərər verir. Digər zəhərli qaz olan karbon monoksid kəskin zəhərlənmələrə səbəb olur. Qanda karbonun miqdarının artması böyüklərlə yanaşı, uşaqların da psixi vəziyyətinə və hərəkət qabiliyyətinə mənfi təsir göstərir.
Ən zərərli qazlardan olan kükürd 2-oksid ürək-damar, tənəffüs orqanları və astma xəstəliyinin, həmçinin ölüm hallarının artmasına gətirib çıxarır.
Tozsuz mühitdə yaşamaq mümkün olmasa da təmiz ekoloji şəraitdə yaşamaq insanların öz əlindədir. Bunun üçün isə ekologiyaya zərər verən fəaliyyətdən çəkinmək lazımdır.

Zəhra.
Mənbə: Milli.Az

 

5 avqust 2014
GO BACK