Rusiya xarici işlər naziri Sergey Lavrov da son günlər təmas xəttində baş verənlərə munasibət bildirib. “Şübhəsiz ki, təmas xəttində baş verənlər narahatlıq doğurur. ATƏT-in Minsk qrupu həmsədrləri ilə tərəfləri ehtiyatlı olmağa, növbəti dəfə zorakılığın artmasına səbəb olacaq addımlar atmamağa çağırmışıq”, - deyə o vurğulayıb.ANS TV-nin məlumatına görə, Lavrov bildirib ki, həftəsonu Soçidə Rusiya prezidentinin Ermənistan və Azərbaycan prezidentləri ilə ayrı-ayrı görüşləri nəzərdə tutulub: “Onlar eyni vaxtda bir yerdə olanda, güman ki, Dağlıq Qarabağ haqqında söhbətsiz keçinmək mümkün olmayacaq. Lakin bunun necə təşkil olunacağı özümüzdən asılıdır”, – deyə Lavrov qeyd edib. Siyasi şərhçilər isə hesab edirlər ki, Rusiya bu təklifi irəli sürməklə Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüsü Fransadan almaq istəyir. Fransa prezidenti Fransua Olland regiona səfəri zamanı bəyan etmişdi ki, Fransa etimad tədbirlərinin gücləndirilməsi yollarının axtarışı üçün Ermənistan və Azərbaycan prezidentlərini qəbul etməyə hazırdır.
Mənbə: ANS PRESS